“Azadlıq” blokunun acı aqibəti
Müxalifət düşərgəsində yeni-yeni təşkilatlar və birliklər yarandıqca, köhnələr tamamilə yaddan çıxıb. "Azadlıq" bloku da bu qismə aid olan köhnəlmiş və çeynənmiş təşkilatlardan olduğu üçün, elə onu idarə edən şəxslər də qeybə çəkilməli olub. Maraqlı bir məqam isə ondan ibarətdir ki, düşərgə daxilində özünə lövbər salmış bloku özünün ata malı hesab edən Lalə Hacıyeva, görünən və görünməyən tərəfləri daima gizlin tutmağa çalışır.
Digər bir məqam isə ondan ibarətdir ki, müxalifət düşərgəsində daha çox dartışılan və müzakirə obyekti olan "Azadlıq" bloku, nədənsə, müəmmalı bir şəkildə siyasi arenadan uzaqlaşdırıldı. Heç kimin xəbəri olmadan və kimsənin xətrinə dəymədən ustalıqla, təşkilatı yox edən Əli Kərimov və L.Hacıyeva qarşıdurması, sonluqda yenə də özlərini əli və ayağı təmiz bir formada prosesdən uzaq tutmağı bacardılar.
Ümumilikdə isə, qeyd etmək lazımdır ki, müxalifət düşərgəsində kiçik bir diqqəti özünə yönəldən partiyalar, məhz AXCP (i)-nin və "Azadlıq" blokunun hədəfinə tuş gəlirdi. İndiki məqamda isə artıq müxalifət düşərgəsi bir əngəlindən qurtarıb. Növbəti dəfə hədəfdə isə AXCP (i)-nin olması artıq görünən tərəflərin tam dolğunluğudur. Ona görə də, artıq təmizlənmək prinsipindən uzaq qaça bilməyən müxalifət, onsuz da gec-tez haqq yoluna qayıdacaq. Çünki onların bundan başqa çıxış yolları yoxdur. "Azadlıq" bloku da, məhz belə təfriqələrin və intriqaların qurbanı kimi tarixə düşdü. Digər radikal meyilli təşkilatların da aqibətinin bü cür olacağı heç kəsdə zərrə qədər şübhə oyatmır. Ona görə ki, cəmiyyətin hissələri ilə oyun oynamığın acı nəticələrini müxalifət düşərgəsinə toplaşmış boşbağazlar gözəl bilirlər. Sadəcə olaraq, daşı ətəyindən töküb reallığa açıq gözlə baxmaq lazımdır. Amma görünür ki, hələ də müxalifət düşərgəsində belə bir şəxsin ortaya çıxıb, "artıq yetər, xalqa və dövlətimizə xidmət edək" kəlməsini söyləməsi qeyri-müşkül görünür. Çünki bu düşərgədə toplaşmış şəxslər özlərini istənilən şəxsin qucağına ataraq, ancaq öz maraqlarını reallaşdırmağa səy göstərirlər. Ona görə də, cəmiyyət tərəfindən lənətlənən müxalifətin çirkin niyyəti heç vaxt baş tutmur.
"Azadlıq" blokunun acı taleyi kimi, bu düşərgədə fəaliyyət göstərən şəxslər tərəfindən yaradılmış qurumlar da, nəticə etibarilə, acı sonluqla barışmalı olurlar. Bir məqamı da vurğulamaq lazımdır ki, müxalifət dedikdə nədənsə, göz önünə yalançılıq və ikiüzlülyün vəhdətindən doğan əməllər gəlir. Çünki müxalifət zaman-zaman Azərbaycan xalqına yalan danışıraq, onu aldadıb. Bu gün də xalq müxalifətə inanmır və onların dediyi istənilən bir fikir, sadəcə olaraq, loyallıqla qarşılanır.
Ə.Kərimov və L.Hacıyeva qarşıdurması isə müxalifət düşərgəsinin özündə də birmənalı qarşılanmadı. Tərəflər arasında münasibətlərin normal olduğunu söyləyənlər yenə də yalançı çıxdılar. Bu dəfə onların nə səbəbdən ayrıldıqlarını söyləmək çox çətindir. Hər iki şəxs aralarındakı siyasi "dost"luğu şəxsi müstəviyə çevirsələr də, hər bir işin sonu olduğu kimi, onların da işbirliyi, beləcə, sona yetməli oldu.