Müsavatın növbəti biabırçılığı
Dünən, Müsavat partiyası icazəsiz olaraq, İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərdi. Əvvəllər də olduğu kimi, bu dəfə də qurumun biabırçı aksiyası iki-üç nəfərin iştirakı ilə başladı. Bir qədər sonra isə Müsavatın mərkəzi icra aparatının rəhbəri Arif Hacıyev və məclis katibi Tofiq Yaqublu da olay yerində peyda oldu. Müəyyən bir müddət öz aralarında söhbətləşsələr də, buraya nə məqsədlə toplaşdıqlarını dəqiqləşdirmək, deyəsən, onlar üçün əməlli-başlı problemə çevrildi.
Aradan az bir müddət keçdikdən sonra isə Müsavat deputat qrupunun nümayəndələri də görünməyə başladılar. Onlar da bir-birlərini çoxdan görmürmüş kimi, ağız-ağıza verib söhbətləşdikdən sonra A.Hacıyev danışmağa başladı. Öz dediyini özündən başqa heç kimin eşitmədiyi yoldaş Hacıyev İranı Azərbaycana qarşı təhdidlər etməkdə suçladı. Amma maraqlısı odur ki, İran nə vaxt Azərbaycanı təhdid edib və nəyə görə? Eyni zamanda, Azərbaycan Qafqazda güclü bir dövlət olmaqla öz milli maraqlarını hər bir prinsipdən ucu tutur. Əgər belə bir hadisə olsaydı, dövlət səviyyəsində buna cavab verilərdi. Elə bu səbəbdən də Müsavatın bu aksiyasında tamamilə başqa mətləblərin olduğu açıq-aydın görünür. Daima xarici təsirlərin vasitəsilə öz fəaliyyətini quran Müsavat partiyası, bu dəfə ola bilsin ki, xaricdən məhz İran əleyhinə şüarlar səsləndirmək barəsində göstəriş alıb. Məsələnin digər bir tərəfi isə ondan ibarətdir ki, niyə bu oyuncaq aksiya Bakı şəhəri İcra Hakimiyyətinin icazəsi olmadan məhz İran səfirliyinin qarşısında keçirildi.
Müsavat partiyasının bu qanunsuz və gülüş hədəfinə çevrilən hərəkəti sadə insanlar tərəfindən də narazılıqla qarşılanıb. Qeyd edək ki, İran səfirliyi "İçərişəhər" metrosunun, Bakı şəhər İcra Hakimiyətinin və İqtisad Universitetinin yerləşdiyi ərazi ilə qonşuluqdadır. Həmin aksiyanın isə insanların gur hərəkətdə olduğu bir küçədə keçirilməsi özlüyündə tamamilə uyğunsuz bir addım kimi qiymətləndirilir. Ətrafda olan insanlar isə biləndə ki, bu aksiya Müsavat partiyası tərəfindən keçirilir, onların bu addıma qarşı münasibəti birmənalı olaraq eyni idi. Bu aksiyanı kənardan müşahidə edən sadə insanlar, Müsavatın və bir çoxlarının bu cür hərəkətlərini, onların yağlı-yağlı danışıqlarını çox eşitdiklərini və gördüklərini bildirdilər. Qeyd etdilər ki, özlərinin xeyiri naminə bu tip şəxslər nə cür fırıldaq və biabırçılıq desən ona gedərlər. Ona görə də, cəmiyyətdə onların bu cür hərəkəti gülüş hədəfi kimi qarşılanır. Həmçinin, qeyd etmək lazımdır ki, bir müddət adıçəkilən aksiya barəsində xəbərlər dolaşsa da, nəticə yenə də onların dediyi kimi olmadı. Çünki aksiyada cəmi üç-dörd nəfər iştirak edirdi ki, bu da, ölkədə istənilən müxalifət partiyasının malik olduğu sosial bazanın hansı səviyyədə olduğuna əsaslı sübutdur.