PDF Oxu

Müxalifət

  • 12

“Ümid”çilər ümidsizliklə üzləşib

“Ümid”çilər ümidsizliklə üzləşib
Müxalifət düşərgəsində baş verən son proseslər, onu deməyə əsas verir ki, radikal partiyalar biri-birinin ardınca siyasət aləminə əlvida deyəcək. Sözsüz ki, bu proseslərə çoxdan start verilib. Yəni, İsa Qəmbərovun, Əli Kərimovun və bu tip siyasətdən bixəbərlərin başçılıq etdiyi partiyalar daxilində artıq parçalanmalar gedir. Bu da adları çəkilən partiyaların rəhbərlərinin yarıtmaz fəaliyyəti ilə bağlıdır. Belə ki, radikal "bəy"lər hər vəcdə ilə partiya üzvlərini ətrafında toplamağa çalışır. Bunun üçün isə onlara şirnikləndirici vədlər verirlər.
Bu vədlər isə, əsasən, ölkəmizdə keçirilən seçkilərə təsadüf edir. Ancaq hər dəfə radikalların "seçki arzusu" ürəklərində qalır. Çünki xalq onlara dəstək olmur, onlara inanmır. Artıq müsavatçılar, AXCP (i)-çilər də öz sədrlərinə, onların yalan məlumatlarına inanmır. Bundan əlavə, radikal partiyalarda quruplaşmalar meydana gəlib ki, onlar artıq müxalifət daxilində gedən parçalanma, qarşıdurma prosesini bir qədər də dərinləşdirib.
AXCP (i) sədri Ə.Kərimov, Müsavat başqanı İ.Qəmbərov, "MBH" lideri Lalə Hacıyeva, ADP sədri Sərdar Cəlaloğlu ilə "həmrəylik" nümayiş etdirən "Ümid" partiyasının sədri İqbal Ağazadə öz tərəfdarlarına neçə illərdir ümid verməklə məşğuldur. Yəni, prezident seçkilərində qələbə qazanacağını və digər şirnikləndirici vədlər verirlər. İndi də partiya sədri "ümidçilər"ə bələdiyyə seçkiləri ilə bağlı vədlər verir. Yəni, İ. Ağazadə tərəfdarlarına bu ilin dekabrında keçiriləcək seçkilərdə qələbə qazanacağını bildirib. Bu yolla o, partiya üzvlərini qoruyub-saxlamaq istəyir. Lakin əksər "ümidçi" buna inanmadığından partiya sıralarını tərk edib. Belə ki, adıçəkilən partiyanın Ali Məclis sədrinin istefa verməsi buna bir sübutdur. Belə getsə, İ. Ağazadə bələdiyyə seçkilərinə qədər, çətin ki, tərəfdarlarını qoruyub, saxlasın. Bunun bir səbəbi isə prezident seçkilərində iştirak edən "Ümid" partiyasının sədri İ.Ağazadənin 18 mart referendumunda boykotçularla bir mövqe nümayiş etdirməsi partiya üzvlərinin narazılığını bir qədər də artırıb.
Beləliklə, bütün bunlardan belə nəticəyə gəlmək olar ki, müxalifət daxilində parçalanmaların, partiya üzvlərinin kütləvi şəkildə istefa vermələrinin əsas səbəbkarı elə radikal "bəy"lərin özləridir. Onlar hər zaman öz əməllərinin qurbanına çevrilirlər. Lakin "bəy"lər bu səhvlərindən nəticə çıxarmaq əvəzinə, öz çirkin əməllərini davam etdirirlər.

Digər xəbərlər