Radikal müxalifət Azərbaycan ictimaiyyətinin qınaq obyektinə çevrilib
Azərbaycan və Ermənistan prezidentlərinin keçirdiyi görüşlər yönündə aparılan ictimai müzakirələr davam etməkdədir. Müxalifət Dağlıq Qarabağla bağlı danışıqlar prosesində irəliləyiş olmadığını iddia edərək, hakimiyyətin xarici siyasətinin iflasa uğradığını bildirir. Təəssüf ki, belə bir mövqe kifayət qədər qərəzlidir və siyasi reallığı əks etdirmir. Bu zaman unudulur ki, hansısa kompromislərin əldə edilməsi, təkcə Azərbaycan hakimiyyətinin siyasi iradəsindən və qüvvələr nisbətindən asılı olan bir problemdir.
Son dövrlər istər hakimiyyətin, istərsə də vasitəçilik missiyasını üzərinə götürmüş tərəflərin diplomatik cəhdləri Ermənistan tərəfini qeyri-konstruktiv mövqedən geri çəkilməyə məcbur etmək üzərində olmasına baxmayaraq, zaman-zaman vasitəçilərin münaqişənin həllinə ikili standarlardan yanaşması ictimai müzakirələrin əsas mövzusuna çevrilib. Burada vasitəçi tərəflərin Ermənistana təzyiqləri müxtəlif səviyyə daşımaqla, Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həllində bir-biridən fərqli mövqe tutmaları, vəziyyətin dəyişməsinə mənfi təsirini göstərməkdədir.
Vasitəçi tərəflərin Ermənistana öz qeyri-konstruktiv mövqeyindən çəkilmək üçün göstərdiyi təzyiqlərin müxtəlifliyi münaqişənin həlli ilə bağlı çeşidli maraqlar daşıyıcısı olmasından irəli gəlir. Qarabağ məsələsinin beynəlxalq müstəvidə müzakirəsi bu problemin həlli yolları Azərbaycanın ədalətli mövqeyi ilə Ermənistanın destruktiv mövqelərinin üst-üstə düşməməsindən asılı olduğunu göstərir. Reallıq ondan ibarətdir ki, Ermənistan hakimiyyətinin utopik iddialarının gerçəkləşməsi üçün həm də beynəlxalq situasiyanın Azərbaycanın lehinə dəyişməsinə çalışır. Faktiki olaraq, beynəlxalq birlik münaqişə tərəflərindən Ermənistanın təcavüzkar olduğunu təsdiq edib. Bu isə danışıqlar prosesində qüvvələr nisbətinin Ermənistanın əleyhinə dəyişməsi üçün real imkanlar yaradıb. Hazırkı mərhələdə isə Azərbaycanda fəaliyyət göstərən bəzi müxalifət liderlərinin bu məsələdə siyasi ambisiyaları ucbatından onların nəzarətində olan KİV Qarabağ probleminin həlli prosesində üzərinə düşən ideoloji missiyanı lazımınca yerinə yetirə bilmir. Daha çox Ermənistan tərəfinin mövqeyini Azərbaycan cəmiyyətinə çatdıran radikal müxalifət mətbuatı bununla ictimai fikrin siyasi baxışlarını məqsədlərinə kökləməyə çalışır.
Öz potensialını hakimiyyətə qarşı mübarizədə səmərəsiz bir vasitəyə çevirmiş radikal müxalifət dairələri, mətbuat vasitəsilə işğalçı Ermənistan hakimiyyət orqanlarının Qarabağ münaqişəsinə dair əsassız iddialarını ictimai rəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Ermənistanın elektron informasiya vasitələrində Azərbaycana qarşı apardığı psixoloji müharibədə istifadə etdiyi tebliğat materiallarının radikal müxalifət mətbuatında özünə yer tapması buna misaldır. Təəssüf ki, çox zaman müxalif dairələr bu siyasətin Azərbaycanın milli maraqlarını real təhlükə qarşısında qoyduğuna əhəmiyyət vermir.
Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqların uğursuzluğa düçar olacağı barədə süni ictimai rəy formalaşdırmaq və bu kimi mənfi tendensiyalar müxalifətin öz passivliyini ört-basdır etmək üçün düşünülmüş vasitələrdir. Prezident İlham Əliyevin xarici siyasətinin ictimai rəy tərəfindən dəstəklənməsi, ilk növbədə, müxalifətin sosial bazasına ciddi zərbə vurur. Eyni zamanda, əldə olunan nəticələr müxalifət düşərgəsində əks-arqumentlərə çevrilməklə parçalanma meyillərini daha da sürətləndirir. Müxalifət isə obyektiv vasitələrə bu prosesin qarşısını almağa qadir deyil, əks halda bu qüvvələr Azərbaycan ictimaiyyətinin qınaq obyektinə çevrilməyə məhkum olub.
Qarabağ problemi və Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə ilə bağlı son bir neçə ay ərzində davam edən ictimai müzakirələr indiyə qədər cəmiyyətdə mübahisə predmeti olan bir sıra həqiqələrə də aydınlıq getirdi. Məlum oldu ki, ümumiyyətlə, radikal müxalifətin ölkənin xarici siyasət prioritetləri barədə təsevvürləri primitivdir ve onların səriştəsizliyi proseslərə münasibətlərində də öz əksini tapıb. Məsələn, hansısa bir müxalifət lideri prezidentlər səviyyəsində gedən danışıqların mahiyyəti barədə özünəməxsus proqnozlar irəli sürür. Halbuki sülh prosesinin hansı mərhələdə olmasından onların məlumatlı olması mümkünsüzdür. Nəticədə müxalifətin bu "proqnozları" ictimai rəyin həssaslıqla yanaşdığı məsələləri yanlış istiqamətə kökləyir. Xarici siyasətdə Azərbaycanın milli maraqlarına zidd tendensiyaların davam etməsi, mənsəbpərəst müxalifət düşərgəsində təmsil olunan radikal siyasətçilərin yarıtmaz fəaliyyətinin nəticəsidir. Sülh danışıqları ilə paralel Azərbaycanda dini, siyasi, milli münasibətləri mütəmadi olaraq gərginləşdirən partiyalar və ayrı-ayrı mətbuat orqanları cəmiyyət üçün sosial təhlükəyə çevrilir. Bununla ictimaiyyətin diqqətinə özlərinin siyasi məqsədlərinə uyğun istifadə etməyə cəhd edir. Bu məsələyə Qarabağ probleminin həlli prizmasından yanaşaraq, belə nəticəyə gəlmək olar ki, müxalifətin davranış tərzi Azərbaycan xalqının milli maraqlarını əks etdirmir, radikal müxalifətin siyasi ambisiyalarına hesablanıb.