Radikallar arasında yeni münaqişələr
Əvvəlki seçkilərdə olduğu kimi, son seçkilərdə də məğlub və aciz simada görünən və miskin vəziyyətə düşən radikal müxalifət partiyaları ardıcıl olaraq fiaskoya uğramaqdadır.
Həmçinin, avropalı cənabların 5-10 man tulapayını almaqla siyasi "fəaliyyət" göstərən radikal "bəylər" öz çirkin əməlləri ilə də yadda qalmaqdadırlar. Ancaq yadda qalmaq hələ hər hansısa bir fəaliyyətdən xəbər vermir. İlk öncə, baxır nə cür yadda qalmaq?! Sonrası isə, radikal müxalifət hər zaman səriştəsizlikləri və çirkin əməlləri ilə özlərini gündəmdə saxlayır. Ancaq görünür, onların erası artıq bitir. Yəni, fəaliyyətsiz radikalların fəaliyyətləri sona çatmaq üzrədir. Elə buna görə də, xaricilər də "bəylərə" qrant, daha dəqiq desək, "humanitar yardım" ayırmaqdan imtina ediblər. Çıxış yolu tapa bilməyən radikallar satqınçılıq etməyə bir bəhanə tapma bilmədikləri üçün, başlayıblar bir-birilərini təhqir etməyə. Müsavat partiyasından verilən məlumatda bildirilir ki, "Yeni Müsavat"ın baş yazarı Rauf Arifoğlu "köç" etdikdən sonra başqanın əsəbləri tamam tarıma çəkilib. Mənbənin verdiyi məlumata görə, Müsavat başqanı İ.Qəmbərov nə qədər yalvarış etsə də, R.Arifoğlu bu dəfə dediyindən dönməyib və Müsavatın qərargahına tüpürərək, oranı birdəfəlik tərk edib.
Müsavat funksionerləri Böhran Vəliyev, Səlim Hümbətov, Nasir Qurbanov "Səs"ə verdiyi açıqlamasında deyilənlərin həqiqət olduğunu bildiriblər: "İsa Qəmbərov ona görə narahatdır ki, R.Arifoğlu qərargahı tərk etməklə, artıq "Yeni Müsavat" partiyasının yaranması baş verəcək. Başqanın ikinci narahatçılığı, müsavatçıların baş yazarın dalınca "köç" etməsidir".
Yaranmış vəziyyətə münasibət bildirən İ.Qəmbərov funksionerlərin bu hərəkətini anormallıq adlandırıb.
Müsavat funksionerləri "Səs" qəzetində olarkən, onu da bildirdilər ki, insanlar uğurlu aksiya keçirdikləri halda, radikallar Müsavat başqanı İsa Qəmbərovun ətürpədici və boşboğaz sözlərindən bezdikləri üçün R.Arifoğlunun ardınca getməyi daha sərfəli hesab ediblər.
"Səs"ə yaxın mənbənin verdiyi məlumata görə, belə durum radikal düşərgənin bütün partiyalarında da cərəyan edir. Məlumata görə, "siyasi meyitlər" ordusuna çevrilən radikal düşərgə növbəti mitinq keçirmək istəyinə düşüb. Amma bütün bu uğursuz cəhdlər partiyaların daxilində yaşanan prosesləri ört-basdır edə bilməz. Çünki "köç aksiyası" təkcə Müsavatda yox, həm də AXCP (i) və AMİP-də də baş verməkdədir. Müsavat funksioneri Elgün Həmidov radikallar arasında yaranan gərginliyin baş verməsi ilə bağlı açıqlamasında bildirdi ki, nə qədər ki, düşərgədə olan köhnə fikirli, köhnə "əqidəli" insanlar siyasətdən getməyib, bu aksiya davam edəcək: "Təbii ki, onlar bacarmadıqları siyasətdən çoxdan getməli idilər. Ancaq nə edək ki, belə olmadı. Onsuz da Əli Kərimovun, İsa Qəmbərovun, Lalə Hacıyevanın və Əli Əliyevin və eləcə də, onların ətrafında olan və onlar kimi düşünən insanların siyasətdə qalıb-qalmamağı heç kəsə maraqlı deyil. Xarici qrantlardan məhrum olan ikiüzlü radikal düşərgədə baş verən proseslər onu deməyə əsas verir ki, Müsavatın, AXCP (i)-nin və digər pozucu fəaliyyətlə məşğul olan partiyaların bir-birinin ardınca siyasətə əlvida deməsi ilə nəticələnəcək. Çünki həmin partiyalara və onların sədrləri Ə.Kərimova, İ.Qəmbərova və L.Hacıyevaya xalq çoxdan əlvida deyib. Ə.Kərimovun yaşadığı taleyi indi də İ.Qəmbərov yaşamaqdadır. Biz bu günə kimi onun ətrafında qaldığımıza görə, özümüzü bağışlaya bilmirik".
Beləliklə, Müsavatdaxili qarşıdurma keçmiş "dostlar"ın düşmən olması ilə nəticələnib. Yəni AXCP (i) sədri Ə.Kərimovla Müsavat başqanı İ.Qəmbərov arasında yenidən qızğın savaşının başlanması funksionerlərin düşərgəni birdəfəlik tərk etməsi deməkdir. Yaranmış vəziyyət onu göstərir ki, müxalifət yaxşı olsaydı, xalq onlara dəstək olardı və ən azından onların ətrafındakılar da "bəylər"i tərk etməzdilər. Xülasə, bütün bu olanlar artıq müxalifətin tükəndiyini göstərir.