Müxalifət düşərgəsində “köç aksiyası”
2009-cu il müxalifət üçün ən başıbəlalı dövrdür. Referendumda biabırçı uğusuzluqla üzləşən radikallar, bələdiyyə seçkiləri ərəfəsi bir-birinə qarşı çıxaraq, olub-keçənlərə nöqtə qoyur. Belə ki, "Yeni Müsavat"ın baş yazarı Rauf Arifoğlu referendumdan əvvəl şələ-küləsini yığışdırıb, Müsavatı tərk etmək istədi. Ancaq Müsavat başqanı İsa Qəmbərovun yalvarışından sonra, "nəhlət sənə, kor şeytan" deyib qaldı.
Ancaq martın 18-də uğurla keçirilən referendumda xalqın daha çox nifrəti ilə üzləşdiklərini görən qəzetin baş yazarı Müsavatın qərargahına tüpürərək, birdəfəlik tərk etdi. Bu isə, o deməkdir ki, artıq "Yeni Müsavat" partiyasının yaranması üçün olduqca gözəl şərait var. Ancaq bu, o demək deyil ki, R.Arifoğlu elə bircə qəzetini və pencəyini götürüb Müsavatdan getdi. Sözsüz ki, bir sıra müsavatçılar da onun qərargahına "köç" etdilər. Elə hər şey də bundan sonra başlandı. Müsavat funksionerlərindən Elgün Həmidov, Həsən İbrahimov, Sübhan Cəbiyev "Səs" qəzetində olarkən bildirdilər ki, insanlar uğurlu aksiya keçirdiyi halda, radikallar Müsavat başqanı İsa Qəmbərovun ətürpədici və boşboğaz sözlərindən bezərək köç edirlər.
"Səs"ə yaxın mənbənin verdiyi məlumata görə, Müsavatda yaranmış acınacaqlı durum radikal düşərgənin bütün partiyalarında da cərəyan edir. Bunların nə etdikləri bir yana, bundan sonra başlarının çarələrinə qalmaları da sual altındadır.
"Siyasi meyitlər" ordusuna çevrilən radikal düşərgə yenə də mitinq keçirməyi ən "uğurlu" nəticə hesab edir. Maraqlısı odur ki, müxalifətə "rədd ol" mesajı ünvanlayan təşkilatlar onların adlarını çəkmir, onlar isə araya salıb öz qəzetlərində, guya həmin qüvvələrin onları xaricə dəvət etdikləri haqqında yalan-yalan yazılar dərc etdirirlər. Amma bütün bu uğursuz cəhdlər partiyaların daxilində yaşanan prosesləri ört-basdır edə bilməz. Çünki "köç aksiyası" təkcə Müsavatda yox, həm də AXCP (i) və AMİP-də də baş verməkdədir. Müsavat funksioneri Elgün Həmidov radikallar arasında yaranan gərginliyin baş verməsi ilə bağlı açıqlamasında bildirdi ki, nə qədəır ki, düşərgədə olan köhnə fikirli, köhnə "əqidəli" insanlar siyasətdən getməyib, bu aksiya davam edəcək: "Təbii ki, onlar bacarmadıqları siyasətdən çoxdan getməli idilər. Ancaq nə edək ki, belə olmadı. Onsuz da Əli Kərimovun, İsa Qəmbərovun, Lalə Hacıyevanın və Əli Əliyevin və eləcə də, onların ətrafında olan və onlar kimi düşünən insanların siyasətdə qalıb-qalmamağı heç kəsə maraqlı deyil.
Bu, maraqsızlıq, siyasi savadsızlıq, ikiüzlülük, radikal düşərgəni pis vəziyyətə salıb. Onlar artıq xarici qrantlardan da məhrum olub. Bu məhrumiyyət tezliklə Müsavatın, AXCP (i)-nin və digər pozucu fəaliyyətlə məşğul olan partiyaların bir-birinin ardınca siyasətə əlvida deməsi ilə nəticələnəcək. Çünki həmin partiyalara, Ə.Kərimova, İ.Qəmbərova və L.Hacıyevaya xalq çoxdan əlvida deyib. Ə.Kərimovun yaşadığı taleyi indi də İ.Qəmbərov yaşamaqdadır. Biz bu günə kimi onun ətrafında qaldığımıza görə, özümüzü bağışlaya bilmirik".
Bu gün AXCP (i)-də yaranmış vəziyyət heç də Müsavatda yaranmış vəziyyətdən yaxşı deyil. Məlumdur ki, bu günlərdə AXCP (i)-nin 15 üzvü pariyadan istefa verib. İ.Qəmbərov Müsavatda yaranmış vəziyyətin baş verməsində AXCP (i) sədri Ə.Kərimovu ittiham edir və bildirir ki, bu məsələdə "Yurd" sədrinin əli var. Onun iddiasına görə, AXCP (i) sədri R.Arifoğlu ilə əlbir olaraq, Müsavat başqanı İ.Qəmbərova təxribat hazırlayır. Beləliklə, Müsavatdaxili qarşıdurma keçmiş "dostlar"ın düşmən olması ilə nəticələnib. Yəni AXCP (i) sədri Ə.Kərimovla Müsavat başqanı İ.Qəmbərov arasında yenidən qızğın savaş başlayıb.
AMİP isə daha kritik vəziyyətdədir. Çünki partiyanın keçmiş funksioneri Nazim İmanovun yenidən AMİP-ə qayıtmaq niyyəti var və bu məsələ partiyanın kuluarlarında qızğın müzakirəyə çevrilib. Bir çoxları N.İmanovun qayıdışı ilə partiyanın fəlakətli böhrandan çıxacağını düşünsələr də, digər bir qism AMİP funksioneri buna qarşı çıxır. Xüsusilə, AMİP lideri Etibar Məmmədovun ətrafı N.İmanovun AMİP rəhbərliyinə qayıdışına qarşı kəskin mövqe sərgiləyir, rayon təşkilat sədrləri ilə gizli görüşlər keçirirlər. Amma AMİP-in qərargahına gəlməsə də N.İmanovun müəyyən qüvvələr vasitəsilə AMİP-dəki keçmiş dostlarını bir araya gətirdiyi və onlarla ciddi müzakirələrə başladığı haqqında partiyadakı mənbələr xəbər verir.
AMİP-dəki mənbə bildirir ki, E.Məmmədov özünü elə göstərməsə də, N.İmanovdan ehtiyatlı olmaları ilə bağlı ətrafına ciddi tapşırıq verib. Hələlik, N.İmanovun kimin dəstəyi ilə AMİP-ə qayıtmaq istədiyi məlum olmasa da, AMİP liderinin bu məsələnin araşdırılması üçün baş sındırdığı xəbəri verilir. Çünki öz aramızdır, N.İmanov kimi təcrübəli fiqurun AMİP-ə qayıdışı, E.Məmmədov üçün təhlükəli proseslərə yol açacaq. Hər halda N.İmanov Ayaz Rüstəmov deyil ki, üzünü bozartmaqla onu sədrlikdən salasan.