Müxalifət siyasi arenadan yoxa çıxıb
Son vaxtlar, xüsusilə də, 18 mart refenedumundan sonra müxalifətdaxilində yenidən gərginlik yaşanmağa başlayıb. Məhz bu üzdən də düşərgə gələcəklə bağlı heç bir fikir səsləndirə bilmir. Nəzərə alsaq cəmisi 6 aydan sonra bələdiyyə seçkilərinə start veriləcək, düşərgədə hökm sürən bu ölü sükutun artıq məğlubiyyəti etiraf kimi dəyərləndirmək mümkündür. Təbii ki, tək-tək və arada seçkidə iştirak edəcəkləri ilə bağlı fikir səsləndirsələr də, heç bir aktivlik nəzərə çarpmır. Düşərgənin nümayiş etdirdiyi yeganə aktivlik, bir-birlərinə qarşı yönəltdikləri ittihamlara cavab verməkdən ibarətdir. Onların yalnız bu kontekstdə aktivlik nümayiş etdirməsi də bir sıra məqamlarda artıq məğlubiyyətlə barışmaqları ilə izah olunur.
2008-ci ildə başqalarının fitvasına gedən və müavinlərin çəkişməsinin əsirinə çevrilən Müsavat partiyasında vəziyyət olduqca pisdir. "Yeni Müsavat" qəzetinin Müsavat partiyasının qərargahından çıxması bir daha qəzetin partiyanın rıçaqlarından kənarda inkişaf edəcəyini yəqinləşdirdi. Ardında isə, o da bəlli oldu ki, qəzetin rəhbəri və yaxın dövrə qədər partiyada ikinci-üçüncü şəxslərdən sayılan Rauf Arifoğlu, nəinki yalnız Sülhəddin Əkbər-Vurğun Əyyubov cütlüyünə, elə İsa Qəmbərovun özünə də qarşıdır. Baş redaktor hər zaman partiya sədrliyinə iddiasını gizlətməyib və bugünkü komandanın (AXCP (i) ilə yaxınlaşmanın qəti əleyhdarı olan R.Arifoğlu bunu başqana bağışlaya bilmir) addımlarının səhv olduğunu bildirir. Elə bu səbəbdən də qarşıdan gələn partiyadaxili seçkidə, onun İsa Qəmbərova alternativ olacağı şübhəsizdir. Digər tərəfdən, zaman-zaman müxalifətdaxili proseslərdə katalizator rolu oynayan informasiyaların məhz onun qəzetində dərc olunması baş rediktorun müxalifətin önünə keçmək istəyini açıq şəkildə büruzə verir.
Müxalifət düşərgəsinin digər təmsilçisi "Azadlıq" bloku isə tam olaraq fiaskoya uğrayıb. Əvvəllər Qərbə yaxınlığı ilə seçilən, demək olar ki, xarici planların izi ilə hərəkət edən AXCP (i) artıq "Sem dayısı" tərəfindən də atılıb. Bu iə onların maliyyəsinin də kəsilməsinə səbəb olub. Elə bu səbəbdəndir ki, AXCP (i) sədrinin keçmiş müavini Qulamhüseyn Əlibəylinin ardından Fuad Mustafayevin də partiya yaradaraq Ə.Kərimovdan ayrılacağı haqda zaman-zaman informasiyalar yayılır.
Digər partiyalara gəldikdə isə, onlar, demək olar ki, yalnız bir-iki addan ibarətdir. Məsələn, AMİP-in və ADP-nin iki hissəyə bölünməsi onların olmayan gücünü tam sarsıdıb. Bununla da yalnız gündəlik yaşam savaşı verən bu təşkilatların digər məsələlərə, daha qlobal sayılacaq prosesə baş qoşması inandırıcı görünmür. ACP isə yaranan gündən çəkişmələr meydanına çevrilib ki, bu da 18 mart referendumundan sonra daha açıq müstəviyə keçib.
Aparılan təhlillər bir daha sübut edir ki, müxalifət artıq siyasi proseslərə təsiretmə qabiliyyətini tam şəkildə itirib. Buna isə düşərgənin özü günahkardır. Onların xarici əlaqələrinin ortaya çıxması, hətta referendum təbliğatı dövründə xarici səfirliklərin binasından çıxmaması, xalqda onlara qarşı münasibəti dəyişib. Belə olan halda isə siyasi arenada mövcudluğun davam etdirilməsi istəyi, yalnız şəxsi mənafedən qaynaqlanan bir arzudur. Şəxsi marağın önə keçdiyi məqamda isə dövlət və millət anlayışı ikinci dərəcəli olur.