Rauf Arifoğlu Müsavatı bölüşdürür
Uzun müddətdir Müsavat partiyası daxilində ziddiyyətlər səngimək bilmir. Artıq partiya daxilində məhz mövcud münaqişədən yaranmış iki qütbün mövcudluğunu da müşahidə etmək olar. Maraqlı bir məqam isə ondan ibrətdir ki, 10 ildən artıq bir zaman çərçivəsində Müsavat partiyasına başqanlıq edən İsa Qəmbərov öz postunu hələ də kiməsə güzüştə getmək niyyətində deyil. Dəfələrlə həm partiya daxilindən, həm də ümummüxalifət düşərgəsindən onun bu prinsipdən əl çəkməsi barədə təkliflər gəlsə də, İ.Qəmbərov dediyindən dönmür ki, dönmür.
Heç vaxt özündən başqasının maraqlarının reallaşması ilə razılışmayan İ.Qəmbərov, Müsavat daxilində başqanlığa iddialı olan şəxsləri zaman-zaman buradan uzuqlaşdırmaqla öz yolunu təmizləyib. Amma heç də onun bu təmizləmə siyasəti, həmişə olduğu kimi, uğurlu alınmayıb. Bir müddət öncə təsisçisi olduğu qəzetin baş redaktoru, həmçinin də, Müsavat partiyasının mühüm funksiyalarını yerinə yetirən şəxs olan Rauf Arifoğlunun hədəfinə tuş gəlib. Eyni zamanda, qeyd etmək lazımdır ki, bundan öncə də başqanlıq uğrunda mübarizəyə bir neçə şəxs qoşulsa da, son nəticədə İ.Qəmbərovun hiddəti ilə üzləşməli olublar.
Müəyyən müddət partiyanın funksionerləri olan Sülhəddin Əkəbər və Vurğun Əyyubovun hədəfinə tuş gələn İ.Qəmbərov çox asanlıqla onları öz yolundan uzuqlaşdırmağı bacardı. Bütün bunlar isə Müsavat partiyası daxilində yaranmış olan ziddiyyətlər təsirsiz ötüşmədi. Partiyanın bir çox rayon təşkilatı fəaliyyətini dondurmaqla yanaşı, əksər sıravi üzvlər qurumu tərk etmək mücburiyyətində qaldılar. Müasavat daxilindəki ziddiyyətlərin məhz ölkəmizdə martın 18-də keçirilən referendum ərəfəsi daha çox güclənməsi də proseslərin burada tamam başqa istiqamətdə cərəyan etməsi ilə nəticələndi. Çünki həmin seçkidən az bir müddət əvvəl, prosesdə iştirak etməklə bölgələrdə imza toplama və təşviqat görüşləri keçirən Müsavat sıraviləri sonradan öz havadarları tərəfindən aldadıldıqlarını açıq şəkildə müşahidə etdilər.
Referenduma az bir müddət qalmış seçkidən imtina edəcəklərini bildirən Müsavat və digər yetkililər, əslində, heç bir uğur əldə etmək imkanlarının olmadığını bildiklərindən belə addım atmalı oldular. Dəfələrlə cəmiyyətə yalan vədlər verməklə yalançı simasını özlərinə haqlı olaraq qazanmış müxalifətin sonradan cəmiyyət adından çıxış etməsi, sadəcə olaraq, ikrah hissi ilə qarşılanır. Müsavat partiyası da belə partiyalardan biri kimi cəmiyyətin hiddətindən özünü heç bir variantla xilas edə bilmədi.
Partiya daxilində ziddiyyətlərin açıq şəkil aldığı bir şəraitdə, R.Arifoğlu başqanı olduğu İ.Qəmbərova siyasətdən getməyi təklif etdi. Öz maraqlarını heç vaxt yerə verməyən İ.Qəmbərov R.Arifoğluna, sadəcə olaraq, sakit dayanmağı tövsiyə edib. Öz növbəsində isə, R.Arifoğlu uzun zaman Müsavat üçün etdiyi xidmətlərdən dolayı buradan öz payını almayınca getməyəcəyini açıq şəkildə bəyan edib. Qeyd edib ki, Müsavat kiminsə mülki deyil və burada hər bir partiya üzvünün payı var. Ona görə də, İ.Qəmbərova çox öyünməməyi və bunun heç də yaxşı əlamət kimi qarşılanmadığını bildirən R.Arifoğlu yeni bir partiya yaradacağını da gizlətməyib. Bildirib ki, çoxdan bəri reallaşdırmaq istəyində olduğu planları var. Bu palanların içində "Yeni Müsavat" partiyasının yaradılması ilə bağlı konkret iddiasının olduğunu bildirən R.Arifoğlu cəmiyyətin artıq köhnəlmiş sifətlərdən bezikdiyini dilə gətirib.