Müxalifət daxilində yeni parçalanma mərhələsinə start verildi
Prezident seçkisindən 6, referendumdan isə 2 aya yaxın zaman ötdüyünə baxmayaraq müxalifət düşərgəsində hökm sürən qeyri-müəyyənlik və prinsipsizlik hələ də davam edir. Zəifliyinə və siyasi elektoratının olmamasına fərqli aspektlərdən don geyindirməyə çalışan düşərgə daxilində, illərdir ki, davam edən qarşılıqlı ittiham prosesi xarici təsirlərdən yaranmış "birlik görüntüsü"nün növbəti bölünmə mərhələsinin yaşanmasına təkan verib.
Təbii olaraq bu parçalanmanın da öz səbəbləri, amilləri var. Fəaliyyətsizliklərini ört-basdır etmək istəyən müxalifət, heç bir siyasi prosesdə, seçkidə barajı belə keçməməklə "gücünü" göstərir. İllərdir pafoslu şüarlarla xalqa yalan vədlər verən, olmayan seçki proqramlarından bəhs açan düşərgə təmsilçilərinin bəzi məqamlarda özlərinin də yorulduğunu hiss etmək mümkündür. Yalnız danışmaq və Qərbin bir sıra maraqlı dairələrinin adından məsələlərə qiymət verməkdən başqa işi olmayan düşərgənin prinsipsizliyi, proqramsızlığı, konsepsiyasızlığı hər addımda üzə çıxır.
Məsələyə ümumi kontekstdən yanaşdıqda görmək mümkündür ki, müxalifət hər bir addımında, istər seçkidə iştirakdan imtina edən, istərsə də, referendumun əleyhinə çıxdığı zaman qeyri-səmimi mövqedən çıxış edir. Bu isə son nəticədə prosesdən sonrakı mərhələdə onların yeni problemlər yaşamasının əsas baiskarına çevrilir.
Məsələn, 18 mart referendumunun ardından düşərgə daxilində baş verənlərə nəzər saldıqda, hər şey aydın olur. Referenduma çıxarılan məsələlərin lehinə səs verən Azərbaycan xalqı, birmənalı olaraq, müxalifətin gələcək addımlarının trayektoiyasını cızıb. Xalq müxalifətdən imtina etdiyini nümayiş etdirib. Artıq bələdiyyə seçkiləri haqda düşündüklərini dilə gətirməklə, düşərgə təmsilçiləri yalnız özünü gələcək üçün sığortalamaq yolunu seçir. Səbəb siyasi ömrü bitən, müxalifətçilik mövqeyində uğur əldə edə bilməyən siyasətçilərin ənənəvi postunda qalması arzusudur. Bu, bəzi məqamlarda "ştatlı işçi" prinsipinə oxşayır. Demokratiyadan dəm vuran bu partiyaların sədrləri sanki oturduqları kreslodan enən kimi hamının, hətta öz yaxınlarının da yaddaşından birdəflik silinəcəklərinə əmindirlər. Onlar cəmiyyətin, dünyanın inkişaf etdiyini, məsələlərə yanaşma tərzinin dəyişdiyi bir zamanda köhnə fikirlər və iddialar ilə yalnız xalqda özlərinə qarşı nifrət qazandıqlarını başa düşürlər. İllərdir danışdıqları, verdikləri proqnozların hamısı yalan çıxıb. Azərbaycan heç də onların iddia etdiyi kimi dünya düzənindən çıxmır, əksinə, insanların yaşam tərzi günü-gündən yaxşılaşır, dövlətin vətəndaşlara qayğısı ən yüksək səviyyədə təmin olunur. Ən əsası isə siyasi sabitlik hökm sürən Azərbaycanda partiyaların hakimiyyət uğrunda şəfaf və azad seçki mübarizəsinin təmini üçün bütün lazımi addımlar atılıb. Müxalifət artıq iddia edə bilmir ki, siyasi palitrada hansısa problem yaşanır. Hakimiyyət onların rahat və bərabər şəkildə mübarizə aparmaq üçün bütün addımları atıb. Hətta bu yaxınlarda "Siyasi partiyalar haqqında" qanunun qəbulu məsələsi də onların siyasi güclərinin artırılması istiqamətində atılan addımlardır.
Referendumdan öncə xarici təsirlərin gücü ilə zorla bir masa arxasına oturan müxalifət sədrləri, bu gün fərqli bəyanatlar verir. Yenə də ənənəvi ittihamlar meydan sulayır. Bir neçə gün öncə nəzarətlərində olan qəzetlərin səhiflərində bir-birlərinə qarşı start verdikləri yeni təhqir kampaniyası bunu deməyə əsas verir. Müxalifət yenə öz köhnə ampluasındadır və onlardan hər hansı yeniləşməni gözləmək absurddur.
Bu gün ortada bir həqiqət var. Müxalifətin xalqa deməyə sözü yoxdur. Çünki Azərbaycan hakimiyyti bütün görüləcək işləri uğurla həyata keçirir. Ölkə vətəndaşlarının rifahı naminə həyata keçirilən dövlət proqramları xalqla hakimiyyətin birliyini daha da güclü bir vəziyyətə gətirir. Proqramsız, konsepsiyasız, yalnız şəxsi maraqları xatirinə özünü siyasi arenaya atan və dövlətçilik maraqlarını korporativ arzularına qurban vermək istəyən müxalifət özü də hiss etmədən tarixə çevrilib. Çünki xalqdan dəstəyi olmayan heç bir qüvvə inkişafa nail ola bilməz.