Sərdar Cəlaloğlu Eldar Namazovu ikiüzlülükdə günahlandırır
Müxalifət düşərgəsində qeyri-müəyyən hadisələr baş verməkdədir. Bir-birinin ardınca müxalifət düşərgəsindən uzaqlaşan partiyalar sırasında, artıq Azərbaycan Demokrat Partiyasının da adı hallanmaqdadır. İddialara görə partiya sədri Sərdar Cəlaloğlu özünü üzdə aktiv göstərməyə çalışsa da, qurum daxilində baş verənlər tamam əks-istiqamətdə cərəyan edir.
Uzun müddət ABŞ-da mühacir həyatı yaşayan indiki "Azərbaycan Cəmiyyət Partiyası"nın "lider"i Rəsul Quliyevin himayədarlığı ilə fəaliyyət göstərən S.Cəlaloğlu, sonralar qeyri-məlum səbəblərdən onunla yollarını ayırmalı oldular. Məlum olan yeganə səbəb ondan ibarət idi ki, ADP sədri S.Cəlaloğlu R.Quliyevi guya partiyadan qovub. Amma sonradan R.Quliyevin verdiyi açıqlamalar və müəyyən məsələlərə aydınlıq gətirməsi prosesləri daha da gərginləşdirməli oldu. Ortaya çıxan mətləblər isə ondan ibarət oldu ki, guya R.Quliyev Müsavat başqanı İsa Qəmbərova zəng edərək "Yeni Müsavat" qəzetində S.Cəlaloğlunu təhqir edəcək məqalələr dərc etdirməsini xahiş edib.
Digər bir məqam isə ondan ibarətdir ki, R.Quliyevin özü bir neçə dəfə adıçəkilən qəzetin baş redaktoru Rauf Arifoğluna məktub göndərərək, ondan keçmiş AMİP lideri Etibar Məmmədovun, Azərbaycan Naminə İctimai Forumun sədri Eldar Namazovun, eyni zamanda, ADP sərdi S.Cəlaloğlunun da açıq formada tənqid və təhqir edilməsini xahiş edib. Eyni zamanda, yoldaş Quliyev R.Arifoğluna bunun müqabilində müəyyən məbləğ pul da təklif edib.
Onu da qeyd edək ki, "Yeni Müsavat" qəzetində müəyyən dövrlər yuxarıda adları sadalanan şəxslərin açıq formada tənqib atəşinə tutulması da məlum səbəblərlə bağlı olub.
Məhz hadisəlrin bu istiqamətdə cərəyan etməsi və uzun zaman R.Quliyevlə S.Cəlaloğlu arasında yaranmış soyuq münasibətlər, sonluqda gərgin bir münaqişənin yaranmasına səbəb oldu. İndi isə S.Cəlaloğlu R.Quliyevin müəyyən vaxt ərzində ADP üçün etdiklərini və ayırdıqları maliyyə vəsaitlərini tamamilə danır. O, iddia edir ki, R.Quliyev ADP üçün bir qara qəpik belə xərcləməyib. Amma bir qədər keçmişdə baş verənlərə nəzər salsaq, ADP müxalifət partiyaları ilə birlikdə keçirilən mitinqdə və aksiyalarda böyük aktivlik nümayiş etdirirdi. Hətta S.Cəlaloğlunun özü bu aksiyalar zamanı mitinqçilərdən öndə getməklə polislə qarşıdurmalardan belə çəkinmirdi. Əldə etdiyimiz məlumatlara görə, həmin vaxtlar ADP sədrinin hərəkətləri lentə alınaraq, ABŞ-dakı köhnə havadarı R.Quliyevə göndərilirdi. Məhz o vaxtlar da R.Quliyev öz məsləkdaşının göstərmiş olduğu bu canfəşanlıqla əlaqədar onu daha çox mükafatlarla dəyərləndirmişdir. Bir müddət sonra hər iki şəxs arasında yaranmış olan mövcud münasibətlər onların yollarını tamamilə ayırdı. Bundan sonra isə S.Cəlaloğlu bu olanlara görə onu balaca uşaq kimi danladı. Bir faktı da nəzərə almaq lazımdır ki, S.Cəlaloğlu R.Quliyevdən küsüb ayrılandan sonra ADP heç bir aksiyada iştirak etməyib və qurum sədri də polislərə hücum etməyib. Buradan belə aydın olur ki, S.Cəlaloğlu məhz R.Quliyevin verdiyi pulların eşqi ilə cuşə gəlirmiş. Bu başqa bir mövzunun söhbətidir. Məsələnin əsas tərəfi isə ondan ibarətdir ki, indi də ADP sədri Eldar Namazovla didişir. Ara-sıra onun ünvanına müəyyən hədələr və bəyanatlar göndərsə də indi hər iki şəxs daha ciddi konfliktə girişiblər. Demək olar ki, bir-birini görmək istməyən bu iki şəxs nəyin bölşə bilmədiklərini hələ özləri də anlamır.
ADP sədri S.Cəlaloğlu rəqibini ikiüzlülükdə günahlandıraraq, onun bir neçə dairədən idarə olunduğunu bildirib. Qeyd edib ki, Azərbaycan müxalifətinin ağlı öz əlində olmayan şəxslərindən biri də E.Namazovdur. "Çünki o gündüzlər bir düşərgəyə, gecələr isə tamam başqa düşərgəyə xidmət edir" deyə ADP sədri belə şəxslərə cəmiyyətdə yerin olmadığını bildirib.