“Əli Kərimovun həkimə ehtiyacı var”
Müsahibimiz AMİP katibi Əli Orucovdur
- Əli bəy, AMİP-ə sədrlik məsələsi partiya daxilində ciddi ziddiyyətlər yaradıb. Problemin həlli mümkündürmü?
- Sədrlik məsələsinə gəldikdə, hər bir siyasətlə məşğul olan kəsin ambisiyaları, iddiaları olur. Nəzərinizə çatdırım ki, Binəqədi rayon təşkilatı mənim sədrliyə namizədliyimi irəli sürüb. Eyni zamanda, mənimlə bərabər iddiasını ortaya qoyan digər iki nəfər Goranboy və Nərimanov rayon təşkilatlarının sədri Fəqan Məhərrəmli və Ələddin Ələkbərovdur. Hər ikisinin də şanslarını eyni qiymətləndirirəm.
- Səhv etmiriksə, siz əvvələr Goranboy rayon təşkilatının sədrinə qarşı müəyyən ittihamlar irəli sürürdünüz. Bu fikirdə qalırsınız?
- Heç kəsə qarşı ittiham irəli sürməmişəm. Əqidə yoldaşlarımın arasında hər hansı fikir ayrılıqları olanda bunu müzakirə edərək aradan qaldırırıq.
- Ümumiyyətlə, razılaşırsınız ki, AMİP hazırkı mərhələdə ölkədə gedən ictimai-siyasi proseslərdən kənarda qalıb. AMİP-in buraxıldığı barədə gedən məlumatları nə ilə izah edirdiniz?
- Çox təəssüf ki, bu dezinformasiyalar siyasi rəqiblərimiz tərəfindən zaman-zaman bizə qarşı yönəldilib. Bəziləri çirkin metoddan, qara piardan istifadə edirlər. Nə oldu ki, bizə qarşı yazı yazanlar sonra öz qəzetlərində təkzib verdilər.
- Deyirsiniz ki, bu cür dezinformasiyalar rəqiblərimiz tərəfindən yönəlib. Bəlkə qeyri-müəyyənlikdən uzaq olub, konkretliyə varaq...
- Çox təəssüf ki, bu məlumatı sevinclə başlığa çıxarın "Yeni Müsavat" qəzeti oldu. Qəzeti də hər halda başa düşürük, onun təsisçisini də. Bu gün İsa bəyin qarşısında duracaq əsas real qüvvə AMİP-dir. Mənim üçün də qəribə gəlir ki, əgər onlar hakimiyyətə gəlmək istəyirlərsə, AMİP-lə münaqişə şəklində deyil, əməkdaşlıq şəkilində addım atsalar, daha yaxşı olardı. Amma bunun əvəzində qərəzli yanaşmalar olub, biz də buna alışqanıq.
- Dediniz ki, "Yeni Müsavat" qəzeti və onun təsisçisi başa düşüləndir. Bəs AXCP (i)-nin AMİP-ə qarşı tutduğu mövqeyi nə ilə izah edərdiniz?
- Bu gün AXCP (i) adlı partiya tarixin arxivinə doğru sürətlə irəliləməkdədir. Yəni, bu partiyanın sosial bazası tükənib, cəmiyyətə verəcəyi boş vədləri yoxdur, sadəcə olaraq, bu partiya bir nəfərin ambisiyalarını həyata keçirmək üçün bir vasitədir. Yeri gəlmişkən, ölkədə fəaliyyət göstərən müxalifət partiyalarının liderlərini iki mövqeyə bölmək istərdim. Bir qismi odur ki, öz səlahiyyətlərini siyasət üçün xərcləyən, bir də var ki, siyasətdən öz məqsədləri üçün istifadə edənlər Əli Kərimov və digərləri öz məqsədlərini güdən siyasətçilərdəndir. Düşünürəm ki, bu da uzaq gedən yol olmayacaq. Hər kəs aparılan siyasəti, məqsədi çox gözəl dərk edir. Ona görə də, ola bilsin ki, müəyyən zaman kəsiyinə qədər bu partiyaların rəhbərləri öz korporativ maraqlarını siyasi fəaliyyət pərdəsi altında gizlədə bilsinlər. Cəmiyyət inkişaf etdikcə, insanlarda siyasi fəallıq və maraq artdıqca bu imkanlar partiya sədrlərinin əlindən alınır.
- Çox maraqlıdır, Ə.Kərimov və onun ətrafında olanlar E.Məmmədova qarşı bu dərəcədə qisasçı mövqeyində dayanmalarının səsəbi nədir?
- Partiya olaraq bizim heç kəslə işimiz yoxdur. Hər kəslə də əməkdaşlıq, qarşılıqlıqlı anlaşma şəraitində fəaliyyət göstərməyin tərəfdarıyıq. Amma kimlərin içi qaradırsa, onun səbəblərini deyə bilmərəm. Hər halda bir vətəndaş olaraq məsləhətim o, ola bilər ki, sağlamlıq durumları üçün özlərini həkimə göstərsinlər. Fakt odur ki, müxalifət partiyalarında paxıllıq, qısqanclıq, mənəm-mənəmlik, sədr və liderlərin özəl şəxsi ambisiyaları var və bunlar da imkan vermir ki, cəmiyyətdə gedən siyasi proseslərə ayıq gözlə baxıb, obyektiv yanaşsınlar. Bir-birlərinin gördüyü işlərə qara eynəklə baxırlar. Bu, ən böyük bəladır. Arzu edərdim ki, AXCP (i)-dən cəmiyyət xilas olsun. Onsuz da bu partiyada Ə.Kərimovdan başqa kim var ki? Onun da getməyə yeri yoxdur, yoxsa o da gedərdi.