Müxalifət referendumdan sonra iflic oldu
Müxalifət artıq referendumdan sonra əməlli-başlı iflic durumdadır. Bu düşərgənin referendum ərəfəsində özünü gözə soxmaq və bu proseslərdən sui-istifadə etmək niyyəti bu dəfə də alınmadı. Çünki xalq bu dəfə onlara birdəfəlik sözünü dedi. Yaranmış vəziyyətdən isə, müxalifət əməllicə pərt oldu.
Bu məsələdən sonra radikal müxalifət rəhbərləri bir-birini "vuran" bəyanatlarla da çıxış etməyə başlayıblar. Bu gün isə, bu gedişlə daxili didişmələr qaçılmaz faktora çevrilir. Onlar nəyəsə ümid edirdilərsə, artıq ümid ediləsi bir şey qalmayıb. Hətta siyasi boşboğazlar dərnəyinin üzvləri adları gülüş doğuran təşəbbüs qrupları yaratmaqdan da əl çəkmirlər. Demək olar ki, müxalifət düşərgəsində 10-a yaxın referenduma hazırlıqla bağlı təşəbbüs qrupları yaradılmışdı. Bütün bunlar onu deməyə əsas verirdi ki, referendum qabağı müxalifət partiyalarına xarici maraqlı qüvvələr tərəfindən xeyli miqdarda maliyyə vəsaitləri ödənilib.
Maddi və mənəvi dəstəkdən ruhlanan radikal müxalifət ictimai rəyin diqqətini özünə cəlb etmək üçün bütün mümkün vasitə və üsullardan istifadə etməkdən çəkinmirdi. Müsavat başqanının keçmiş müavini Rauf Arifoğlunun dediyinə görə, müxalifət artıq Bakı şəhərində ictimai-siyasi sabitliyə təhlükə belə yaratmaqdan çəkinməyəcək. AXCP (i) sədri Əli Kərimov isə referendumdan sonrakı situasiyada, daha dəqiq desək, aprelin 10-da küçə yürüşləri-mitinqlərə hazırlaşdıqlarının bildirib. Belə demək mümkünsə, "Yurd" şefi artıq özünü indidən sığortalamağa və qarşıdakı proseslər üçün əl yeri qoymağa çalışır. Bir sözlə, radikal müxalifət bütün taleyüklü məsələlər ərəfəsi olduğu kimi, referendumqabağı da ölkədə qarışıqlıq yaratmağı, pozuculuq aktları həyata keçirməyi qarşılarına əsas vəzifə kimi qoymuşdu. Lakin bu istəyi də, əvvəlkilər kimi ürəyində qaldı. Çünki yenə də xalq qrup maraqlarından çıxış edən radikallara qətiyyətlə yox dedi və radikal müxalifətin çirkin məqsədlərinin həyata keçirməsinin qeyri-mümkün olduğunu bir daha sübut etdi.
Radikal düşərgədə yaranmış vəziyyət onu deməyə əsas verir ki, bu gün konstruktiv meyilli müxaliflər arasında radikalların pozuculuq planlarına qarşı ciddi təpkilər daha da şiddətlənib. Belə ki, "Demokratiya Uğrunda İttifaq"ın təsisçilərindən olan "KAXCP" sədri Mirmahmud Fəttayev AXCP (i) sədri Əli Kərimovun aprelin 10-na müəyyənləşdirdiyi mitinq-küçə yürüşlərinin, daha dəqiq desək, istənilən iğtişaşların törədilməsinin əleyhinə olduğunu söyləyib. Onu da qeyd edib ki, "DUİ" müxalifətin icazəsiz aksiyalarına qoşulmayacaq: "İndiki halda, aksiyaların keçirilməsinə və ya qeyri-ənənəvi mübarizə metodlarından istifadə edilməsi yolverilməzdir. "DUİ" yalnız sivil metodlardan istifadə etməklə qəbul etdikləri proqramın təbliğinə səy göstərəcək".
"Azadlıq" blokundan ayrıca təşəbbüs qrupu yaradan AMİP lideri Etibar Məmmədov da qanunlara zidd mübarizə taktikasının əleyhinə olduqlarını bildirib: "Düşünürəm ki, 17 ildən çox müddət ərzində radikalların düşünülməmiş oyunları bir kəsə uğur gətirməyib. Daha dəqiq desək, kənar təsirlərlə fəaliyyət qurmaq siyasi partiyalara uğur gətirməyib. Belə olan zamanda, AMİP heç bir halda qeyri-qanuni aksiyalara dəstək verməyəcək, əksinə, onların iflasa uğraması üçün səylər göstərəcək. Çünki bu vaxta qədər aparılan siyasət artıq neçə il bundan əvvəl iflasa uğrayıb. Kim deyə bilər ki, sabah yarana biləcək hər hansı bir birlik daha biabırçılıqla başa çatmayacaq. Açıq danışaq, indi heç bir müxalifət partiyasının üzvü düşərgənin perspektivinə inanmır. Çünki artıq danışılası yalan qalmayıb və bunu edənlər indi də həmin addımlarını davam etdirmək istəyirlər. Mitinq keçirmək və piketlərə başlamaq adı altında spekulyasiya etmək heç kimə şərəf gətirməyəcək".
Referendumun nəticələrini bütün dünya dövlətlərinin nümayəndələrinin və ekspertlərinin təsdiq etdiyini deyən E.Məmmədov bildirib ki, bu kəslər yenidən hansı üzlə xalqa müraciət edirlər? Bu yerdə ataların işlətdiyi fikiri demək yerinə düşür: "Utanmasan, oynamağa nə var ki?" Görünür, radikal müxalifət referendumdan sonra düşdüyü iflic vəziyyətlərinin ört-basdır etmək üçün mitinqlər-piketlər keçirməklə özlərinin varlıqlarını nümayiş etdirmək istəyirlər. Ancaq bu addımla onlar özlərinin siyasi səhnədən bir dəfəlik silinməsinə şərait yaratmış olacaqlar. Neyləmək olar, görünür, düşərgədə sağalmaz xəstəliyə düçar olanlar boşboğozlıqdan başqa yol bilmirlər".