PDF Oxu

Müxalifət

  • 3

Müxalifətin referendum təxribatı “başında çartladı”

Müxalifətin referendum təxribatı “başında çartladı”
Müxalifət üçün ən başıbəlalı dövrdür. Əsasən də, Müsavatda vəziyyət lap kritikdir. Başqan başını itirib, Rauf Arifoğlu isə qəzetini də götürüb gedəndən sonra, özünü ayrıca bir partiya kimi aparmağa başlayıb. İsa Qəmbərov əleyhdarlarını yığıb qəzetində tele-debatlar təşkil edir. Referendumla bağlı radikal düşərgənin planları da getdi arxivə. Bunlar ha çalışdılar ki, qarşıdakı 18 mart referendumunda birtəhər qarmaqarışıqlıq salıb nəsə əldə etsinlər, xarici təşkilatlardan pul alsınlar, o da alınmadı. Allahın Andres Qrossu da bunları saya salmır. İndi kimə nə sözünüz? Qrant da əldən çıxdı, "it də getdi, ip də". Yoxsa yalan deyirəm? Qətiyyən yox!
Əslində, kimdir bu siyasi meyitlərə bir-iki qəpik qrant-filan verən? Heç kim. Hətta gör radikal düşərgənin siyasi iflası nə qədər açıq və sürətli bir şəkildə gedir ki, bir-iki ay bundan əvvəl keçirilən AŞPA-nın qış sessiyasından sonra, qurumun estoniyalı həmməruzəçisi Andress Herkel də, mətbuatda artıq radikal müxalifətin fəaliyyətinin əhəmiyyət daşımaması və bu düşərgənin siyasi proseslərə təsirinin olmaması barəsində açıqlamalar verir. Həmçinin, o radikal qəzetlərin guya AŞ PA-nın Azərbaycan üzrə yeni həmməruzəçi təyin olunacağı ilə bağlı yazdıqlarını da ifşa edib. Radikal düşərgənin 18 mart referendumu ilə bağlı həyata keçirmək istədiyi bütün təxribat planlarının tamamilə iflasa uğraması isə, onun vəziyyətini daha da ağırlaşdırıb. Çünki partiyaların öz daxillərində də vəziyyət gözlənildiyindən də ağırdır. Elə ona görə də heç bir beynəlxalq təşkilat bunları yaxına buraxmır.
Maraqlısı odur ki, müxalifətə "rədd ol" mesajı ünvanlayan təşkilatlar bunların adlarını çəkmir, bunlar isə araya salıb öz qəzetlərində, guya həmin qüvvələrin onları xaricə dəvət etdikləri haqqında yalan-yalan yazılar dərc etdirirlər. Amma bütün bu uğursuz cəhdlər partiyaların daxilində yaşanan prosesləri ört-basdır edə bilməz. Həm Müsavat, həm AXCP (i) həm də AMİP, eləcə də ADP, ALP və digərləri böhran içində çapalayır.
Müsavatda Rauf Arifoğlunun anti-başqan kampaniyası elə sürətlə başlayıb ki, gəl görəsən. O, şələ-şüləsini götürüb Müsavatdan gedibsə, deməli, İsa bəyin qara günləridir. "Yurd"da isə Qulamhüseyn Əlibəylinin "Aydınlar" partiyası Əli Kərimovun kefinə soğan doğramaqdadır. "Yurd" şefinin əlindən bezən AXCP (i) üzvləri var qüvvələri ilə ondan aralanmağa və "Aydınlar" partiyasına üz tutmağa başlayıblar. Sözsüz ki, bu məsələdə Q.Əlibəylinin "Yurd"da neçə illər Ali Məclis sədri olması da önəmli yer tutur. Bu durum, yəni, rayon təşkilatlarının sürətlə Q.Əlibəyliyə üz tutmaları Ə.Kərimovu bərk dilxor edib.
AMİP-də isə vəziyyət daha kritik şəkil alıb. Çünki partiyanın keçmiş funksioneri Nazim İmanovun yenidən AMİP-ə qayıtmaq niyyəti var və bu məsələ partiyanın kuluarlarında qızğın müzakirəyə çevrilib. Keçən yazımızda da qeyd etmişdik ki, artıq bu proses başlayıb və getdikcə də aktuallaşır. Bir çoxları N.İmanovun qayıdışı ilə partiyanın fəlakətli böhrandan çıxacağını düşünsələr də, digər bir qismi AMİP funksioneri buna qarşı çıxır. Xüsusilə, AMİP lideri Etibar Məmmədovun ətrafı N.İmanovun AMİP rəhbərliyinə qayıdışına qarşı kəskin mövqe sərgiləyir, rayon təşkilat sədrləri ilə gizli görüşlər keçirirlər. Amma AMİP-in qərargahına gəlməsə də N.İmanovun müəyyən qüvvələr vasitəsilə AMİP-dəki keçmiş dostlarını bir araya yığmağa və onlarla ciddi müzakirələrə başladığı haqqında partiyadakı mənbələr xəbər verir.
AMİP-dəki mənbə bildirir ki, E.Məmmədov özünü elə göstərməsə də, N.İmanovdan ehtiyatlı olmaları ilə bağlı ətrafına ciddi tapşırıq verib. Hələlik, N.İmanovun kimin dəstəyi ilə AMİP-ə qayıtmaq istədiyi məlum olmasa da, AMİP liderinin bu məsələninin araşdırılması üçün baş sındırdığı xəbəri verilir. Çünki öz aramızdır, N.İmanov kimi təcrübəli fiqurun AMİP-ə qayıdışı, E.Məmmədov üçün təhlükəli proseslərə yol açacaq. Hər halda, N.İmanov Ayaz Rüstəmov deyil ki, onu üzünü bozartmaqla sədrlikdən salasan.

Digər xəbərlər