Müxalifət düşərgəsində yeni qalmaqallar yaranır
Artıq iki aydır ki, müxalifət düşərgəsində kimin hansı amala xidmət etdiyini aydınlaşdırmaq bir qədər müşkül məsələyə çevrilib. Bir müddət əvvəl müəyyən mənada düşərgə daxilində nə baş verdiyini ayırd etmək mümkün idisə, indi tamam başqa vəziyyət yaranıb.
Daxili ziddiyyətlər məngənəsindən qurtula bilməyən düşərgə təmsilçiləri hazırkı mərhələdə daha çox bir-birilərinin malik olduqları imkanları mənimsəmək davasında idilər. İnidi isə sanki bir savaş meydanına çevrilən müxalifət düşərgəsi daha çox özünü aktiv göstərmək istəyənlərin imkanlarını genişləndirib. Belə ki, əksər müxalifət təmsilçiləri heç də üzdə və dildə dedikləri kimi bir-birinə qarşı xoş münasibətdə deyil. Onların daha dərin və ziddiyyətli problemləri mövcuddur. Amma nədənsə məsələ məhz bu prinsipin üzərində dayandıqda, onlar bunu danmaqla canlarını qurtarmağa çalışırlar. Eyni zamanda, unutmaq olmaz ki, müxalifət düşərgəsində təmsil olunan qüvvələrin böyük əksəriyyəti xarici avanturist təşkilatların maliyyə imkanları hesabına çirkin işlərlə müşğuldur. Məhz bu prinsipə əsaslanaraq, onu demək olar ki, həmin qeyd olunan qüvvələr, müxalifət düşərgəsini özləri üçün normal sığınacaq kimi qəbul ediblərsə, deməli, burada nəsə bir uyğunluq mövcuddur. Çünki heç vaxt bir qara qəpiyi digərlərinə güzəştə getməyən müxalifət təmsilçilərindən bu cür dırnaqarası humanistlik gözləmək absurd olardı.
Zaman-zaman daxili ziddiyyətlər və şəxsi maraqlar ucbatından bir-birini gözü götürməyən müxalifətçilər indi artıq nəyə və kimə xidmət etdiklərini heç özləri də anlamırlar. Buna misal kimi ölkəmizdə martın 18-də keçiriləcək ümumxalq səsverməsinə müəyyən mənada öz ambisiyalarına uyğun ad qoymağa çalışan müxalifət təmsilçiləri soradan belə bir boşboğazlıq etməyin onlara daha ağır nəticələr gətirəcəyini anlayaraq bir qədər fərqli mövqe tutublar. Amma bütün bunlara baxmayaraq, düşərgədə özünü bir qədər aktiv göstərmək istəyən Müsavat başqanı İsa Qəmbərovla AXCP (i) sədri Əli Kərimov yeni bir nüfuz davasına başlayıblar. Heç vaxt bir-birini görməyə gözü olmayan bu iki şəxs, müxtəlif vaxtlarda müəyyən bəhanələrlə yaxınlıq etsələr də, bunun davamlı şəkildə həyata keçirilməsinə nail olmayıblar. Məhz bu iki tip arasında olan köhnə ədavətlər və bunun üstünə də yenisinin əlavə edilməsi məsələni bir qədər də kəskinləşdirib. İndi daha çox gündəmdə qalmaq və müxalifət düşərgəsində kimin daha güclü olduğunu sübut etmək üçün Ə.Kərimovla İ.Qəmbərov məsləki və məramı bir kənara qoyub şəxsi ədavət uğurunda davaya girişiblər. Bu da təsadüfi deyil ki, hər iki şəxs müxalifət düşərgəsində hazırda ən arzuolunmaz şəxsə çevriliblər. Onların uzun müddət partiya rəhbəri olduqları və bu müddətdə kimisə siyasi fəalliyyətdə dəstəkləmək istəyi olmayıb. Ancaq siyasətə şəxsi planlaranı gerçəkləşdirmək məqsədilə gəldiklərini açıq şəkildə büruzə verən bu iki şəxs, indi daha çox maraqlar və hədəflər məngənəsində sıxılmaqdadırlar. Çünki tamah bu tiplərin hər ikisinə, deyəsən, lap güc gəlib. Amma maraqlı bir məqam da ondan ibarətdir ki, başa düşmək olmur ki, bu iki şəxs nəyin üstündə bir-birinə qarşı çıxıblar. Proseslərin gedişinə bir qədər nəzər saldıqda, məlum olur ki, yoldaş Kərimovla Qəmbərov, nəyin bahasına olur-olsun, bir-birin sıradan çıxarmağı qarşılarına məqsəd qoyublar.