PDF Oxu

Müxalifət

  • 6

Müxalifət partiyaları dil tapmırlar

Müxalifət partiyaları dil tapmırlar
Artıq neçə müddətdir ki, dilə gətirdiyimiz fikirlər, radikal düşərgədə sürətlə öz təsdiqini tapmaqdadır. Martın 18-də keçiriləcək referendumla bağlı qərəzli və kifayət qədər təxribat xarakterli mövqe ortaya qoyan radikallar, bununla da siyasi iflaslarının qaçılmaz olduğunu və siyasi iflasdan qəti şəkildə qaça bilməyəcəklərini nümayiş etdirdilər.
Özü də radikal düşərgənin anti-referendum kampaniyalarının tamamilə boşa çıxması, rüsvay olmaları onları kritik bir duruma salıb və müxalifət təmsilçiləri, hazırda bu məsələnin üzərində baş sındırırlar. Özü də növbəti günahkar axtarışındadırlar. Kimisi hələ radikal düşərgənin tükənmədiyini sadəlövhcəsinə sübut etməyə çalışır, bir başqası isə hazırkı müxalifət rəhbərləri ilə artıq bundan sonra heç bir addım atılmasının da düzgün olmadığını israrla vurğulayırlar. Hərə bir fikir söyləsə də, artıq hamı qəbul edir ki, daha radikal düşərgə barəsində bir kəlmə də olsun nəsə ümidli fikir söyləmək mümkünsüzdür. Bu adamlar müxalifəti elə vəziyyətə gətiriblər ki, radikal düşərgənin heç saman çöpünə də ümidi qalmayıb. Necə demişdik, elə də davam edir. Demək olar ki, prezident seçkiləri bitər-bitməz referendum "oyunu oynayan" müxalifət partiyaları, gündəmə gəlmək və növbəti mərhələdə təşəbbüsü ələ almaq üçün var qüvvələri ilə mübarizəyə atıldılar.
Ötən gün Müsavat partiyasının qərargahında anti-referendum qruplarının birləşdirici iclası keçirilib və həmin iclasda da AMİP, ADP və Müsavat funksionerləri didişiblər. Müsavatdakı dünənki toplantı barədə qəzetimizi məlumatlandıran mənbə israrla bildirir ki, "Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkaiı" kimi müxalifət qrupları fəaliyyətlərini dayandırmaq ərəfəsindədirlər. Buna səbəb bir sıra partiya rəhbərlərinin bu məsələyə qarşı əks mövqe nümayiş etdirməsi və öz şəxsi maraqlarından çıxış etmələridir. Müsavatın qərargahındakı toplantıda isə Arif Hacıyevlə AMİP təmsilçiləri arasında əməllicə gərginlik yaşanıb. Mənbənin xəbərinə görə bir sıra qərarlar qəbul etmək üçün yığılan radikallar, sonradan bunun acısını yaşayıblar. Həm ADP, həm AXCP (i) və həm də Müsavat təmsilçiləri daha çox bir-biri ilə didişdikləri üçün müxalifətin növbəti müzakirələri də baş tutmayıb.
İndi qəribə situasiya yaranıb. Müsavatla AXCP (i)-nin ardından, indi də uzunmüddətli siyasi sürgündən sonra radikal düşərgəyə qayıtmaq üçün çapalayan AMİP lideri Etibar Məmmədov iddialı mövqe ortaya qoyur. Xüsusilə, anti-referendum qruplarının yaradılması və fəaliyyəti ilə bağlı məqsədlərinə çata bilməyən müxalifət partiyaları arasındakı toqquşmaların artması fövqündə AMİP liderinin daha çox gündəmdə qalması Müsavat və "Yurd" şefini özündən çıxarıb. Demək olar ki, hazırkı mərhələdə E.Məmmədov daha çox radikal düşərgənin əsas qüvvəsi "ana müxalifət" olmağı hədəfləyən qüvvələrlə didişir. İ.Qəmbərovu aradan götürmək və bununla da əbədi düşmənini müxalifətdən silmək üçün gecə-gündüz baş sındıran "Yurd" şefi, bu məsələdə AMİP liderinin köməyinə də ümid edir. Necə deyərlər, "düşmənimin düşməni mənim dostumdur". Ə.Kərimov Müsavatın daxili "kozırlarından" məharətlə istifadə etməyə çalışır. Onun köməyinə isə, uzun müddətdir ki, başqanla əsil "siçan-pişik" oyunu oynayan "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu çatdı.
Hazırda başqana istənilən zərbəni vurmaq üçün "yol" R.Arifoğlundan keçir. Başqanın əleyhdarları ancaq və ancaq bir şəxsi "görməlidirlər". Hazırda da "Yeni Müsavat" müxalifət düşərgəsində daha çox "intriqa ruporu" rolunu oynayır. Elə AMİP-in də hazırkı durumu ciddi şəkildə qəliz, Etibar Məmmədovun partiyanı qoruyub saxlamaq imkanı isə çətindən də çətindir. Müsavatı çökdürməyə çalışan Ə.Kərimov isə, sadəcə, "sökülür". ADP sədri Sərdar Cəlaloğlu isə bildirib ki, artıq səbr kasası daşıb və bir çoxlarının müxalifəti yenidən öz xırda maraqlarına qurban vermək cəhdləri qətiyyən alınmayacaq.
S.Cəlaloğlu, müxalifətdəki bəzi partiyaların tələm-tələsik yeni blok yaratmaq üçün dəridən-qabıqdan çıxdıqlarını dilə gətirərək, bütün bunların MƏNASIZ olduğunu, indiki partiya rəhbərlərinin çoxunun köhnə streotiplərlə yaşadıqlarını bildirib. Kəsəsi müxalifət iflasdan qurutula bilməyəcək qədər dərin uçurumdadır.

Digər xəbərlər