Müxalifətin referendum əleyhinə təxribatı özünü parçaladı
Radikal düşərgənin referendum əleyhinə mitinq keçirmək və bundan öz təbliğat şousu kimi istifadə etmək istəyi dünən də baş tutmadı. Çünki onlara qoşulacaq bir nəfər də olsun adam tapılmayıb. Belə görünür ki, müxalifət artıq martın 18-də keçiriləcək Referendum Aktına qarşı apardığı təxribat və boşboğaz təbliğatın iflasa uğraması ilə tamamilə barışıb.
Çünki bu radikal düşərgənin funksionerləri son açıqlamalarında da açıqca bildirirlər ki, hazırkı situasiya radikal düşərgənin martın 18-də keçiriləcək Referendum Aktının üzərinə kölgə salmaq və beynəlxalq təşkilatları bu prosesə qarşı çevirmək istəyini birdəfəlik sıradan çıxarıb. Yəni heç kim qrant dilənçisinə çevrilmiş müxalifətin Referendum Aktı ilə bağlı mövqeyini bölüşmür və heç nəyə yaramadıqları üçün onlara əhəmiyyət belə verilmir. Bunların köhnə siyasi streotiplərin təsirindən çıxmadıqları və bu gedişlə siyasi şizofereniya çevrilmələri yüzdə-yüz bəlli bir həqiqətdir və bunu beynəlxalq təşkilatlar da aydın şəkildə görürlər. İndi istəyirsən AŞ PA-ya yox, ATƏT-ə get. Cəhənnəmə kimi!
Hər kəs yeni inkişaf və tərəqqi mərhələsini yaşayan Azərbaycanda yeniliklərin tərəfdarı kimi çıxış etdiyi bir vaxtda, radikal müxalifətin son dərəcə biabırçı bir şəkildə özünü bu şəkildə ortaya atması, ona qarşı ictimai nifrəti daha da aqressivləşdirib. Bu proses həm də radikal düşərgənin özündə də ciddi təpki yaradıb. Sadə müxalifətçilər neçə illərdir ki, artıq onları fəlakətə sürükləyən radikal partiya rəhbərlərinə qarşı açıq nifrəti ortaya qoyurlar. Onların başqa yolu da yoxdur. Cəmiyyəti inkişafa və tərəqqiyə aparan, insan hüquqlarının qorunması, sosial rifahın yüksəldilməsidir. Bu məsələnin aktuallığını şərtləndirən əsas cəhət isə, antireferendum qruplarının yaradılmasına rəvac verən radikalların, artıq bu istəklərindən də vaz keçmələridir. Belə ki, dünən Müsavat, AXCP (i) və "Ümid" partiyalarının rəhbərləri arasında görüş keçirildiyi və bütün bunların da sonunda iflasa uğramış taktikanın dəyişdirilməsi üstündə mübahisə yarandığı bildirilir. Hətta deyilən məlumata əsasən, radikal müxalifət rəhbərləri AMİP lideri Etibar Məmmədovun bu prosesdə onlara qoşulmamasına görə Müsavat başqanını ciddi şəkildə ittiham ediblər. Çünki məhz Müsavat başqanı baş verən proseslərdə E.Məmmədovun onlara qoşulmasına qarşı çıxmışdı. Yəqin Müsavat başqanı əbədi düşməni obrazında görünən AMİP liderinin yenidən müxalifətdaxili siyasi proseslərdə fəal şəkildə rol oynamasını qətiyyən qəbul edə bilmir. Əgər E.Məmmədov bu prosesə qoşulardısa, demək, Müsavat başqanın küncə sıxışdırılması və tamamilə oyundankənar duruma düşməsi real idi. Artıq tam əminliklə demək olar ki, qarşıdakı referendum müxalifəti yenidən bir-birinə qatıb. Əksər radikal düşərgə mənsubları bu məsələdən öz təbliğatlarını qurmaq və gündəmə gəlmək üçün istifadə etmək istəyirdilərsə, artıq vəziyyət tamam başqadır. Elə yuxarıda dediyimiz kimi, Müsavat və AMİP əməllicə köhnə düşmənçiliyə qayıdıblar. Referendum əleyhinə olan müxalifət bununla da özünün daxilindəki düşmənçiliyə "yaşıl işıq" yandırıb.
AMİP funksionerləri dünəndən başlayaraq Müsavat başqanının AMİP-i siyasi proseslərdən təcrid etmək niyyətini müzakirə obyektinə çeviriblər. Xüsusilə, Müsavat başqanının "sağ əli" olan partiyanın mərkəzi icra aparatının rəhbəri Arif Hacıyevin AMİP-in antireferendum qruplarında iştirakına qarşı açıq mövqe nümayişi, bunun ardınca isə "Yeni Müsavat" qəzetində E.Məmmədovun müxalifətdaxili proseslərə buraxılmaması üçün ardıcıl yazıların dərc olunması bu iki ədavətli partiya arasında situasiyanı gərginləşdirib. Dünən AMİP funksionerləri bir sıra müxalifət qəzetlərində Müsavatın onlara qarşı irəli sürdüyü ittihamların siyasi qısqanclıq faktı olduğunu və bunun AMİP liderinin müxalifətdaxili proseslərdə fəal iştirakına mane olmayacağını deyiblər. Xüsusilə, AMİP funksionerlərinin msətbuatdakı açıqlamaları onu göstərir ki, AMİP-lə Müsavatın əsil qarşıdurması hələ qarşıdadır. Çox güman ki, referendumdan sonra, biz AMİP liderinin ona qarşı açıq savaşa başlayan Müsavat başqanına qarşı kəskin mövqe sərgiləyəcəyini görəcəyik. Bu, həm də Etibar bəyə öz köhnə düşmənləri ilə "haqq-hesab" çəkməyə və özünü radikal düşərgənin mərkəzinə gətirməsi üçün böyük şansdır. "Şansın" mübarək, bəy!