AXCP (i) sıralarından özünə qarşı böyük haqsızlıq edildiyinə görə uzaqlaşan "Azadlıq" qəzetinin sabiq köşə yazarı Mirzə Sakit son açıqlamaları ilə müxalifətin bütün eybəcərliklərini açıb göstərdi. Bir müddət öncə, Almaniyadan müayinədən qayıdan və əvvəlki işinə qayıtmaq üçün yəni "Azadlıq" qəzetindəki iş yerinə bərpa olunmaq üçün etdiyi müraciətlər cavabsız qalanda, M.Sakit AXCP (i) sədri Əli Kərimova da ağız açdı. Amma hər bir halda "balıq başdan iylənər" prinsipinə uyğun olaraq Ə.Kərimov partiya rəhbəri kimi müəmmalı rəylər yaradır.
Hələ son parlament seçkilərində də, Mirzə Sakitə iş yerindən, yəni "Azadlıq" qəzetindən arayış almaq çox çətin olmuşdu. O vaxt da, Ə.Kərimov və qəzetin baş redaktoru Qənimət Zahid M.Sakitə əsil zillət yaşatmışdılar. Bundan çox vaxt keçməmiş onun işinə bərpası ilə bağlı da, adıçəkilən cütlüyün nə kimi oyunlar oynadığını, yəqin ki, hər kəs görmüş oldu. Uzun sürən çək-çevirdən sonra bu məsələdə heç bir irəliləyişə nail ola bilməyən AXCP (i) rəyasət heyətinin üzvlüyündən, od püskürərək, istefa verən M.Sakit Ə.Kərimovun və Q.Zahidin bu günə qədər onun başına açmış olduğu oyunları da ictimaiyyətə açıqlamış oldu. M.Sakit AXCP (i)-nin feodal qaydaları ilə idarə olunduğunu, onların üzdə demokratiyadan danışaraq, əslində, ən böyük riyakar olduqlarını da dilə gətirdi. "Baxıb gördüm ki, Berlin divarlarını uçurdular, amma "Azadlıq", AXCP (i) rəhbərliyinin mənim qarşımda çəkdiyi səddi heç nəylə uçurtmaq mümkün deyil. Mənə qarşı bu adamların aqressiyasını, nifrətini anlamadım. Elə bil, müxalifətin uğur əldə etməməsinə səbəbkar mənəmmiş, elə bil, mən gedib barlarda-restoranlarda kef çəkirəmmiş Xocalı faciəsi günü, elə bil, qohumumun yeniyetmə qızıyla mən pozğunluq etmişəm. Anlamadım, nə etdiyimi başa düşmədim" deyən M.Sakit bunların hələ iqtidarda olmadıqlarını gör, iqtidarda olsaydılar, nə yollara əl atacaqlarını da vurğuladı.
AXCP (i) və "Azadlıq" qəzetinin rəhbərliyinə konkret "Mirzə Sakiti işə götürməyin" tapşırığı verilib
M.Sakit onu heç bir səbəb olmadan işindən uzaqlaşdıranların əvvəl-axır zaman qarşısında cavab verəcəklərini bildirib. "Məni yandıran odur ki, bu adamlar bizi "Azadlıq!", "Demokratiya!" şüarı altında əslində, oyuncaq kimi oynadıb, özlərinə və ailələrinə kapital yığmaqla məşğul olublar. Deməli, adıçəkilən hər iki rəhbərlik bizi kimilərinsə barmağı və cib dolusu pulu ilə istədiyi mahnıya oynadır. Xarici qurumlardan qrant almaq, guya demokratiya, söz azadlığı uğrunda mübarizə aparan partiya və qəzet imicini qazanmaqdan ötrü başıma bu oyunları açırlar" deyə əlavə edən M.Sakit indiki müxalifət partiya rəhbərlərinin öz ciblərindən başqa heç nəyi düşünmədiklərini də vurğuladı.
Bu müxalifət "lider"ləri səhnəyə buraxıldılar və səhnədə işıqlar söndürüldü
Ə.Kərimovun ətrafında olan bütün şəxslərin öz maraq və prinsipləri uğrunda mübarizə apardıqlarını da dilə gətirən M.Sakit onların bu tip riyakarlıqlarla cəmiyyətə hələ, üstəlik də, yalan danışdıqlarını söylədi. AXCP (i)-nin özünü gündəmdə saxlamaq istəyində olan yetkililərindən birinin də Molla Nurəddin Məmmədli olduğunu söyləyən M.Sakit dovşan yemi üzrə professorluq dərəcəsi alan, indiyə qədər üç partiya dəyişən Nurəddini yaxşı tanıtdırmaq üçün onun haqqında bir faktı danışmağın kifayət etdiyini qeyd edib. "Gecəqondu quşu kimi gündə bir partiyanın qapısına qonan N.Məmmədli sevinməlidir ki, mən onunla bir partiyada olmuşam" deyə M.Sakit əlavə edib.
"Əli Kərimov adamları zala yığıb, özünə əl çaldırmaqla xalqın sevgisini qazan bilməzsən"
Özünü cəmiyyətə partiya lideri kimi təqdim edən hər bir kəs daima onunla birbaşa təmasda olmalıdır. Hansı müxalifət lideri ki, cəmiyyətin qarşısına çıxıb özünü göstərə bilmir elə onun iç üzü də tezliklə açılır. Sabiq AXCP (i) üzvü M.Sakit də, son açıqlamaları ilə özünü az qala "ana müxalifət" təmsilçisi kimi qələm verməkdə iddialı olan Ə.Kərimovu təpədən-dırnağa qədər ifşa etdi. Onun iddialarına görə, Ə.Kərimov mitinqlərdə qabağa keçməkdən qorxdu. Ona görə də, ondan heç vaxt lider olmaz deyən M.Sakit sərkərdənin ordunun qabağında getməli olduğunu da vurğulayıb. "Yoxsa, xarici təşkilatların nümayəndəsini qəbul edib, evdə oturub, xalqı küçəyə tökmək "lider"lik deyil. Belə "lider" olmaz. "Lider" zəhmət çəkib öndə getsə, xalq da onun ardıca düşməlidir. "Lider" meydanda yetişir, evdə kondisionerin altında lider olmur. Bir daha deyirəm, Əli Kərimov adamları zala yığıb, özünə əl çaldırmaqla xalqın sevgisini qazana bilməzsən"- deyən M.Sakit bu gün Azərbaycan müxalifətinin yeganə probleminin məhz bu cür şəxslər olduğunu da qeyd edib.