İctimaiyyət arasında sıfır həddində "mövcud" olan "İctimai Palata" adlı qondarma qurum və tərkibində cəmləşən beş-on nəfər siyasi tifillər həftədə bir dəfə toplaşaraq, özlərindən yeni-yeni hoqqabazlıqlar çıxarmağa davam edirlər. Yəni "Koordinasiya Şurası" deyilən şuracıqda "sözükeçənlər" kampaniyasının gah ölkədəki ictimai-siyasi vəziyyətə başlarından böyük "qiymət vermələri", gah "müraciətlər" qəbul edərək həmin "müraciətləri" gah İngilistana, gah da Firəngistana göndərmələri, bütün bunların müqabilində dollar-avro-sterlinq dilənmələri cəmiyyəti daha da hiddətləndirməkdədir.
Əgər belə olmasa idi, bütün hallarda onların yan-yörələrində az-çox kütlə görünərdi. Lakin nə kütlə var, nə də kütlənin tozu...Var olan həqiqət bunların yoxluğudur. Əslində, elə belə olsa daha yaxşıdır. Çünki ən azından, camaatın da başı bu cür avantüristlərdən dincələr. Amma ki, çifayda...
Yaxınlarda "İctimi Palata"nın toplaşması fonunda oranın "arvadağası" sayılan Mehriban Vəzir yeni mitinqin vaxtını müəyyənləşdirib və deyib ki, budəfəki mitinq daha mütəşəkkil formada keçiriləcək. Maraqlıdır, bunlar hansı mütəşəkkilliklərdən dəm vururlar ki, özlərinin ayaqlarına dolaşan ətəklərini yığıb-yığışdıra bilmirlər? Məgər radikal düşərgədə, ümumiyyətlə, mütəşəkkillik mövcuddurmu?
Belə sualları çox vermək olar. Ancaq təəssüflə qeyd etməliyik ki, bunların sualları cavablandırmaqları qalsın bir yana, heç öz ağızlarından çıxan sözlərinə də etibar etmək mümkün deyil. Ən azından ona görə ki, bunların fikir-zikirləri alıb-aldatmaqdan və bir-birilərinə atmaqdan ibarətdir. Məhz "İctimai Palata"nın sonuncu toplantısında da belə hal baş verdi. Belə ki, Mehriban Vəzir iyunun 19-da mitinqin keçiriləcəyini elan edən kimi, yerlərdə əyləşən "palata bəyləri" hərəsi bir ağızdan bir söz çıxardı. Məsələn, deyildi ki, bu günə qədər deputat seçilməyənlər hələ də onların qarşısında hesabat verməyiblər, eləcə də "müxalifətin gənclər siyasəti" iflasa uğrayıb, həmçinin, həbsdə olan radikal gənclərin heç biri "liderlərlə" görüşməyib, hansı ki, "liderlərin" onlarla görüşməsi üçün dəfələrlə şərait yaradılıb. Bu kimi fikirlər müxtəlif avazlarla səsləndirildikdən sonra, söz tapa bilməyən "liderlər" qabağa Pənah Hüseynovu itələdilər. Pənah "bəy" də eləmə tənbəllik, başladı onu qabağa itələyən İsa Qəmbərovu, Əli Kərimovu "asıb-kəsməyə" ki, bəs ittiham edənlər düz edib qışqır-bağır salırlar. Təbii ki, P.Hüseynov burada öz ambisiyalarını güdərək, ətrafına beş-on nəfər tərəfdaş toplamağı planlaşdırıb və Ə.Kərimov-İ.Qəmbərov cütlüyünə qarşı planlarını reallaşdırıb. Lakin necə deyərlər, M.Vəzirin yuxarıda dediyi "mütəşəkkil mitinq keçirəcəyik" kimi ifadəsi söz yığnağının altında qalaraq, həqiqətdən, nə qədər kənar olduğunu təsdiqlədi.
Beləliklə, deyə bilmək və qətiləşdirmək mümkündür ki, "İctimai Palata"nın budəfəki-19 iyun mitinq sövdası da söz yığnağın da formalaşan qondarmaçılıqdan, hoqqabazlıqdan başqa heç nə deyil. Necə deyərlər, yaşayarıq, görərik...
R.Rəsulov