PDF Oxu

Müxalifət

  • 13

Əhməd Orucov-Pənah Hüseynov qarşıdurması...

Əhməd Orucov-Pənah Hüseynov qarşıdurması...

Müxalifətdə partiya, yaxud düşərgə "liderləri" arasında baş qaldıran ziddiyyətlər getdikcə daha çox "vüsət" alır. Buna misal kimi, İsa Qəmbərov-Əli Kərimov, Sərdar Cəlaloğlu-İqbal Ağazadə, Əli Əliyev-Əvəz Temirxan, Etibar Məmmədov-Yusif Bağırzadə, Mirmahmud Fəttayev-Mehriban Vəzir kimi "liderlərin" qarşıdurmalarını göstərmək mümkündür.

Düzdür, müəyyən hallarda bu kimi soyuq münasibətlər radikal müxalifət mətbuatında gizlədilməyə çalışılsa da, göstərilən səylər nəticə vermir. Yəni ictimaiyyət çox gözəl başa düşür ki, düşərgədaxili savaşların arxasında ümummüxalifət "lideri" olmaq üçün amansız müharibə aparılır və bunun axırı yaxşı heç nə vəd etmir. Ən yaxşı halda isə bu müxalifətçilikdən kənar radikalların tamamilə siyasi məhvə düçar olmasıdır. Çünki belə bir məhvolmanın birinci və ikinci fazaları başa çatıb. Qalır sonuncu-üçüncüsü...

Yuxarıda adları sadalanan müxalifətdaxili "lider" savaşları fonunda ən gözəgəlimlisi isə, təbii ki, Əhməd Orucov-Pənah Hüseynov qarşıdurmasıdır. Xatırladaq ki, bu qarşıdurmanın mənbəyi "İctimai Palata"nın adı ilə bağlıdır və bu qarşıdurmada hələ də kimin qalib, kimin isə məğlub olması bilinmir. Daha dəqiq desək, adları çəkilən iki şəxsin məsələsi saqqız kimi uzana-uzana gedir. Çünki qəti olaraq, kimin sonuncu-"öldürücü" zərbə vurması qeyri-müəyyən qalmaqdadır. Məsələn, "DUİ" adlı siyasi qurumda birləşmiş KXCP sədri Mirmahmud Fəttayev və "Azadlıq" partiyasının sədri Əhməd Orucov normal şəkildə, necə deyərlər, baş-başa verib dolanırdılar. Ta o vaxta qədər ki, "İctimai Palata" adlı digər qondarma qurum yaradıldı və bu quruma müxtəlif vədlər qarşılığında partiyalar, siyasiləşmiş QHT-lər cəlb edildi. Təbii ki, verilən vədlər arxasında xaricdən gələn göstərişlər və qrantlar dayanıb. M.Fəttayevi də oraya cəlb edən məhz bu cür şirnikləndirmələr oldu. Şirnikləndirmələri isə təbii ki, radikal müxalifətin "ruporu" Pənah Hüseynov reallaşdırdı. Əldə edilən qarantlardan bir azacıq M. Fəttayevin cibinə basıb çəkdi öz tərəfinə. Bu isə "DUİ"-də söz sahibi olan Ə. Orucovun xoşuna getmədi və o, başladı P. Hüseynovu "asıb-kəsməyə". Çünki "Azadlıq" partiyasının sədri "palata" yaranandan üzübəri, həmin qondarma qurumu "top atəşinə" tuturdu. Və beləcə Pənah "bəy" öz qisasını Əhməd "bəydən" aldı. Ancaq bütün bu rəzalətə baxmayaraq, Ə.Orucov da əks-hücuma keçdi və hazırkı nəticələr ictimaiyyətə bəllidir.

Nəticədə KXCP sədri Mirmahmud "bəy" həm "Əli aşından" oldu, həm də "Vəli aşından". Eyni zamanda, bu gün baş verənlərin arxasında şiddətli təhqir və küfürlərdən də betər hadisələr cərəyan edir. Belə ki, söyülən söyüşlərin biri bir qəpiyə dəydiyi üçün adları çəkilən hər iki şəxs arasında "üzəçıxdı" mərasimi baş tutmur. Ona görə də ağızdan çıxan təhqirlər üzbəsurət deyil, telefon vasitəsi ilə reallaşdırılır. Məsələ ondadır ki, əldə edilən son məlumatlara görə, P.Hüseynov Ə. Orucova telefon açaraq deyib ki, əgər özündə qüvvət-təpər görürsə, kişi kimi üz-üzə gəlsin. Ə. Orucov isə buna cavab olaraq deyib ki, o, istənilən zaman Pənahla görüşə bilər, sadəcə ona zəng etdiyi vaxt ya telefonuna zəng çatmır, yada ki, nömrəsini görüb açmır. Eləcə də deyir ki, istəsə bir dəqiqənin içində Pənahı qatlayıb qoyar cibinə və müxalifət düşərgəsi ən azından bir az rahat nəfəs almaq imkanı əldə edər. Maraqlı məqamlardan digəri isə odur ki, hələlik, P.Hüseynov Ə.Orucovun ona qarşı işlətdiyi alçaldıcı ifadələrə cavab ünvanlamayıb. Bu isə ondan xəbər verir ki, radikal düşərgə mənsubları 90-cı illərin stəkan-nəlbəki-külqabı savaşı üçün yamanca qəribsəyib. Deyirəm bəlkə bu nostalji hissləri yenidən canlandırmaq üçün Ə.Orucov-P.Hüseynov qarşıdurması ən real vasitədir?

RÖVŞƏN

Digər xəbərlər