Tamamilə iflic olmuş bütün güc və dayaqlarını itirmiş radikal müxalifət düşərgəsində indi də gündəmdə qalmaq üçün fərqli bir yol seçilməyə başlayıb. Ona görə də, hazırda müxalifət düşərgəsində bir-birinə "doğma" olanlar əməlli-başlı düşmənçilik etməyə başlayıblar. AXCP (i) rəyasət heyətinin üzvlüyündən od püskürərək istefa verən Mirzə Sakit qurumun rəhbəri Əli Kərimovla yanaşı, öz "doğma" qardaşı, yəni "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidi də ən riyakar insan obrazında təlqin etmişdir.
O, bu addımını AXCP (i) sədrinin tutmuş olduğu yanlış yola və qardaşının ona çalışdığı iş yerindən, yəni adı çəkilən qəzetdən arayış verməməkdə, sonradan isə işə bərpa etməməklə əsaslandırmışdı. Amma istefa verməsindən bir müddət keçdikdən sonra M.Sakit Ə.Kərimov və Q.Zahid barəsində bu günə qədər heç kəsin eşitmədiyi məlumatları cəmiyyətə təqdim etdi. M.Sakit belə bir addımı ilə özlərini hər şeydə doğru göstərmək iddiasında olanların, əslində, kimliyini cəmiyyətdə çatdırmaq məqsədi güddüyünü də açıqlamışdı. Bir qədər müxalifətin dünəninə boylansaq, düşərgədə "qardaşın-qardaşa" qənim kəsildiyi məqamlara çox rast gəlmək olar. Məsələn, indiki ASDP-nin həmsədri Araz Əlizadə də, qardaşı Zərdüşt Əlizadə ilə bir zamanlar açıq şəkildə mübarizə və münaqişəyə qalxmışdılar. Onların öz aralarında hansı məsələyə görə belə bir düşmənçiliyə başlamaları bu gün də, mətbuatın diqqətindən düşmür. Eyni zamanda, Müsavat icra aparatının rəhbəri Arif Hacıyev də, qardaşı Mustafa Hacılı ilə bir neçə müddət öncə böyük qalmaqal yaşamışdılar. Bundan əlavə, onun digər qardaşları da, A.Hacıyevin, əksinə olaraq, ayrı-ayrılıqda partiya təsis etmişdilər. Başqa bir rakursdan isə müxalifət düşərgəsində kim birinci olaraq "öz qardaşına" qarşı çıxıb məsələsi, deyəsən, əsil rəqabət prinsipinə çevrilibmiş. Elə bu ikrah dolu məsələ ilə əlaqədar olaraq apardığımız xırda bir araşdırma nəticəsində gəldiyimiz qənaət onu deməyə əsas verir ki, ya müxalifət düşərgəsində milli köklərimizi unutduran mexanizm mövcuddur, ya da buraya daxil olanlar mənəvi-tərbiyəvi cəhətdən aşınmaya məruz qalırlar.
"Beynəlxalq təşkilatların təşəbbüsü ilə birləşməyən müxalifət hansısa Qurban Məmmədovun sözü ilə birləşə bilərmi?"
Bu gün hər kəsin gözü qarşısında yenidən bir-birinə qarşı dayanmış iki qardaşın timsalında müxalifətin ümumi mənzərəsi necə də qabarıq görünür. ADP sədri Sərdar Cəlaloğlunun "öz qardaşı" "Vətəndəş Hərəkatı Forumu"nun nümayəndəsi Qurban Məmmədovla aralarındakı münasibətlərə yenidən aydınlıq gətirmək cəhdləri açıq münaqişəyə səbəb olub. S.Cəlaloğlu Q.Məmmədovun onun ünvanına səsləndirdiyi fikirlərin tamamilə əsassız olduğu iddiasındadır. ADP sədri kimsə özünü elan etmək istəyirsə, ona başqa cür köməklik göstərməyə hazır olduğunu da dilə gətirib. O, qeyd edib ki, son vaxtlar Q.Məmmədovun onun haqqında səsləndirdiyi fikirlərdə sadalanan halların heç biri ona aid deyil. "Mənimlə danışıqlar aparmaq istəyən Qurban Məmmədovu nə görmüşəm, nə də onunla danışmışam" deyən S.Cəlaloğlu qardaşı Q.Məmmədovun müxalifət partiya "lider"lərini bir araya gətirmək təşəbbüsünə münasibət bildirib. Vurğulayıb ki, ayrı-ayrı adamların 10-15 partiyanı idarə etmək təşəbbüsü siyasi etika baxımdan düzgün deyil.
"Onun təşəbbüsü çox gülməli, qeyri-ciddi, siyasi baxımdan qeyri-etikdir"
S.Cəlaloğlu partiyalarda kifayət qədər intellektual və optimal qərar qəbul etməyə qadir şəxslərin mövcudluğunu və Q.Məmmədovun təşəbbüsünün çox gülməli, qeyri-ciddi, siyasi baxımdan qeyri-etik hərəkət olduğunu söyləyib. "Beynəlxalq təşkilatların da bu istiqamətdə təklifləri olub. Yəni beynəlxalq təşkilatların təşəbbüsü ilə birləşməyən müxalifət hansısa Q.Məmmədovun sözü ilə birləşə bilərmi? Əlbəttə, yox. Lalə Hacıyevanın, Sərdar Cəlaloğlunun və digər partiya "lider"lərinin ideya və təşəbbüsü ilə müxalifətin birliyi alınmadısa, necə düşünürsünüz, Q.Məmmədovun təklifi ilə birlik alınarmı? Ancaq bizim bir reallığımız da odur ki, bu vəziyyəti dəyişdirmək üçün danışmalıyıq. Bu reallığı dəyişdirə bilmiriksə, irreal ideya veririksə, bunun da cəmiyyətə bir xeyiri olacağını düşünmürəm" deyə S.Cəlaloğlu əlavə edib.
"Hər kəs görməlidir ki, müxalifətin birliyinə mane olan kimlərdir"
Öz növbəsində, Q.Məmmədov isə S.Cəlaloğlunun onun xoşməramlı təşəbbüsünə belə münasibət sərgiləməsini təəccüblə qarşıladığını söyləyib. "Başa düşmürəm, burada hansı qeyri-etik, qeyri-ciddi nə isə var? Müxalifət partiyalarının birliyinə çalışmaq qeyri-ciddi, qeyri-etik hərəkətdir? Burada pis nə var? Birləşmək istəmirlər, öz işləridir. Bizim şəxsi marağımız yoxdur. Biz təşəbbüslərimizi axıra qədər davam etdirəcəyik. Xalq görməlidir ki, ya müxalifət birləşdi, ya da müxalifətin birliyinə mane olan kimlərdir. Biz "İctimai Palata"da olmayan 5 partiyanın rəhbəri ilə görüşmüşük. Son görüşdə İqbal Ağazadə dedi ki, Sərdarla müttəfiqdir və onunla danışmadan konkret mövqe bildirmək istəmir. Sərdarla görüşə isə qohumluğa görə mən getmədim" deyə Q.Məmmədov vurğulayıb.
Tapdıq Qurbanlı