Azərbaycan müxalifətinin Avropaya ehtiycı var?
Yalmanmaq... Yaltaqlanmaq... Bu kimi sözlər işlədilərkən, Azərbaycanda radikal qanad adlandırılan xəyanətkar müxalifətin "siyasi üslubu" gəlib dayanır gözlər qarşısında. Və əslində, bu cür "siyasi üslub" onlarda çoxdan formalaşıb. Lap iyirmi ilə yaxın mövcud olduqları müxalifətçilik dövrlərindən. Fəqət, hər şeyə rəğmən, bu tipajlarda illər boyu heç nə dəyişilməyib.
Baxmayaraq ki, bu müddət ərzində onların maliyyə dividendlərində artım müşahidə edilib, xarici dövlətlərdə maliyyə mənbələri mövcuddur və s. Çünki qazandıqları da zatən kirli pullardan başqa heç nə olmayıb. Dəyişilməyiblər ona görə ki, bu tipajlarda dəyişilməz xainlik, satqınlıq və bu kimi bir çox mənfur xislətli obrazları cəmləşib. Beləcə də düz iyirmi il boyunca gəlib çıxıblar bu günlərə. Altlarında bahalı "inomarkalar", əyinlərində Avropa keyfiyyətli kostyumlar, gözlərində də "indeyski qara oçkilər", yəni dəyişiklik yalnız tipaj fonunda görünür. Amma soruşanda ki, a "bəylər," bəs bu qədər pulunuz-paranız varsa, niyə partiyalarınızda fəaliyyət göstərən qulbeçələrinizə vaxtı-vaxtında maaş ödəmirsiniz? Niyə qəzetərinizin vergi borclarını vermirsiniz? Niyə özünüz xaricə kefə gedəndə, yol pulunu kimdən, hardan aldığınızı gizlədirsiniz? Və Londonda, Parisdə, Nyu-Yorkda restoranlarda şelləndiyiniz zaman xərc-xəracatınızın kimlər tərəfindən ödənildiyini açıqlamırsınız? Bir deyin, biz də bilək... Əlbəttə, deməzsiniz. Çünki hər şeyin üstü açılar və qalarsınız dar ayaqda.
Ona görə də keçək o biri məsələyə. Belə ki, artıq ənənə halı almış Avropaya yalmanmaq günü bu dəfə də baş verdi. Durub arsız-arsız getdiniz Avropa Birliyinin Bakıdakı ofisinə ki, bəs amandı, qoymayın "demokratiyamız" əldən getdi. Avropa Birliyinin Xarici Siyasət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə icraçı direktoru Miroslav Layçak, eyni zamanda, AB-nin məsul nümayəndəsi Con Kayer də əllərini çənələrinə dirəyib başlarını yellədə-yellədə öz iş saatlarının bitməyini gözləyirdilər. Baxmayaraq ki, "o boyda nəhəng partiyalar və həmin partiyaların nəhəng liderləri" - Müsavatın İsa Qəmbərovu, AXCP (i)-nin Əli Kərimovu, ADP-nin Sərdar Cəlaloğlusu, "Ümid"-in İqbal Ağazadəsi, ALP-nin Əvəz Temirxanı, AMİP-in Yusif Bağırzadəsi bir-birilərinə imkan verməyərək, "antidemokratiyadan", "söz azadlığının məhdudiyyətindən" və bu kimi digər boş-boş hap-goplardan xırdalayırdılar. Hələ, üstəlik, gedib öz mətbuat səhifələrində yekə-yekə "görüşdə ictimai-siyasi proseslər, fundamental azadlıqların vəziyyəti, siyasi institutların fəaliyyəti, demokratik dəyişikliklərlə bağlı məsələlər müzakirə olundu" kimi yekəbaş xəbər başlıqları verdilər. Kimə lazımdır bunlar? Əlbəttə ki, özlərinə və özləri kimi onun-bunun ora-burasını dəsmallayan digər radikal müxalifət "bəylərinə".
Sonda isə bircə bunu nəzərə çatdırmağı özümə borc bilirəm ki, bu siyasi, təbii və "xarizmatik" dələduzlar bütün növ artistliklərinə rəğmən, ömürləri boyu ölkədəki fundamental demokratiyanın varlığına, söz və fikir azadlığına kölgə salmağa nail ola bilməyəcəklər. Özlərinə tapdıqları bu təzə peşəni isə yaxşı olardı ki, başqası ilə əvəzləsinlər. Hər halda, buna zamanları var...
RÖVŞƏN