PDF Oxu

Müxalifət

  • 10

Kəmiyyət və keyfiyyət Bunların heç biri müxalifət partiyalarında yoxdur

Kəmiyyət və keyfiyyət Bunların heç biri müxalifət partiyalarında yoxdur

Hər kəsə bəlli olan fakt ondan ibarətdir ki, siyasi proseslərdə, siyasi maraqlar uğrunda mübarizə aparan siyasətçiyə xas olan xüsusiyyət yalnız düzlüyə, ədalətə söykənməsi və milli dövlətçilik maraqlarından çıxış etməsidir. Birmənalı şəkildə qeyd etmək olar ki, bu kriteriyalara və tələblərə riayət edən hər bir partiya funksioneri qarşısına qoyduğu vəzifələrə çata bilir. Təbii ki, bu halda cəmiyyətdə tanınan və qəbul olunan siyasətçi imici qazanır. Təəssüf ki, Azərbaycan reallığında siyasi proseslərdə baş verən olaylar bəzi siyasətçilərin tələb olunan kriteriyalara heç də riayət etmədiyini üzə çıxarır. Xüsusilə də, müxalifət düşərgəsində təmsil olunan partiya funksionerlərinin yarıtmaz siyasət aparmaları, fəaliyyətlərini, əsasən, xaricdən verilən tapşırıqlar əsasında qurmaları dünyada qəbul olunan prinsiplərə zidd olduğunu göstərir. Dəfələrlə sübuta yetirilib ki, müxalifət düşərgəsində təmsil olunan partiya sədrləri anti-Azərbaycan mövqeli qüvvələrin göstərişlərinə əsasən, ölkəmizdəki mövcud ictimai-siyasi sabitliyi pozmağa cəhd göstəriblər. Bir neçə dəfə AXCP (i), Müsavat, ADP və AMİP kimi partiyalar icazəsiz aksiyalar keçirməklə, hüquq-mühafizə orqanları ilə qarşıdurmalar yaradıblar. Elə 2011-ci il aprelin 2-də baş verən qarşıdurmalar da müxalifətin məqsədli şəkildə həyata keçirməyə çalışdığı pozuculuq aktlarındandır. Yəni, aprelin 2-də icazəsiz aksiyalar keçirməyə çalışan Müsavat, AXCP (i) və digər partiyalar "Fəvvarələr meydanı" ətrafında, eləcə də, S.Vurğun küçəsində yerləşən dükan və mağazaların şüşələrini sındırıb, avtomaşınlara xəsarətlər yetirmişdilər. Təbii ki, haqlı olaraq hüquq-mühafizə orqanları pozuculuq yolu tutan müxalifətçi mitinqçilərə qarşı qanunun aliliyindən çıxış edərək, müəyyən tədbirlər həyata keçirmişlər. Nəticədə bir neçə iğtişaşçı həbs edilərək, cinayət məsuliyyətinə cəlb olunmuşlar. Burada da maraqlı məqamlar üzə çıxmışdır. O mənada ki, xarici dayaqlara malik radikal müxalifət təmsilçiləri hay-küy qaldırıb, hüquqlarının pozulması barədə cəfəng iddialar qaldırmışlar. Hətta beynəlxalq təşkilatlara "donos"lar göndərərək, onlardan kömək istəmişlər. Xarici qüvvələrin hansı qərəzli mövqe nümayiş etdirməsinə baxmayaraq, ATƏT-in Bakı ofisinin rəhbəri Əli Cankorel mitinqlər zamanı hər hansı bir zorakılıq halları ilə rastlaşmadıqlarını bəyan etmişdir. Ə.Cankorel onu da bildirmişdir ki, aksiyaların keçirilməsi üçün Azərbaycan hökuməti müvafiq yerlər ayırsa da, təəssüf ki, müxalifət partiyaları həmin yerlərlə deyil, özlərinə daha münasib bildikləri ərazilərdə aksiyalar keçirməyə daha çox səy göstərmişlər. Mövzuya aid olan bir məsələni də qeyd etmək yerinə düşər ki, müxalifət partiya sədrlərinin zorakılıq metodları ilə qarşılarına qoyulan vəzifələri yerinə yetirmək cəhdlərinə sıravi partiya üzvləri dirəniş nümayiş etdirirlər. 2 aprel uğursuz mitinqindən sonra, ümumilikdə, 1374 nəfər sıravi müxalifətçinin Müsavat, AXCP (i), ADP, "Ümid", AMİP və digər partiyalardan istefa vermələri də, aşağıların yuxarıların pozuculuq iddialarına qarşı əməli addımları ilə çıxdıqlarını göstərmiş oldu. Baş verən istefa dalğasından sonra, birmənalı şəkildə demək olar ki, müxalifət partiya sədrlərinin apardıqları səhv, düşünülməmiş siyasət, ümumilikdə, partiyaları uçuruma aparmaqdadır. Təbii ki, bu halda müxalifət sosial baza itkisinə məruz qalmaqla yanaşı, ciddi keyfiyyət zərbələrinə də məruz qalmış olur. Bütün bunlara rəğmən isə, onu demək olar ki, "İctimai Palata" deyilən qondarma qurumun iyunun 19-da keçirməyi planlaşdırdığı aksiya da iflasa uğrayacaq. Ən azı ona görə ki, sıraları getdikcə seyrəlməkdə olan partiyalara cəmiyyətdə ictimai dəstək də mövcud deyil.
İ.ƏLİYEV

Digər xəbərlər