PDF Oxu

Müxalifət

  • 11

“Avropasevər” müxalifətin xülyaları

“Avropasevər” müxalifətin xülyaları

Müsavat partiyasının qərərgahında, "İctimai Palata"nın üzvləri ilə Azərbaycanda fəaliyyət göstərən bəzi Avropa ölkələrinin səfirlik nümayəndələrinin görüşü keçirildikdən sonra, buna nədənsə ən çox münasibət bildirən İsa Qəmbərov oldu. Sanki xarici diplomatlar "İctimai Palata" üzvləri ilə deyil, məhz Müsavat başqanı ilə görüşə gediblər. Əslində, bu cür şişirdilmiş məlumat özünü "Yeni Müsavat" qəzetində daha çox nəzərə çarpdırırdı. Yəni həmin qəzetdə yalnız başqanın dediyi əndrəbadi açıqlamalar yer alıb.

Baxmayaraq ki, sözügedən görüşdə AXCP (i) sədri Əli Kərimov və digər radikal müxalifət mənsubları da iştirak edirdilər. Lakin məsələ təkcə bunun üzərində cərəyan etmir. Belə ki, zaman-zaman, ölkədə önəmli siyasi hadisələr baş verdiyi vaxt, radikal müxalifət "liderləri" Avropa diplomatlarının ətəyindən yapışaraq, hər hansı istiqamətlərdə yardımlar umurdu. Ancaq onların bu arzu və diləkləri reallaşmadığı zaman, həmin Avropa diplomatiyası radikal düşərgənin mətbuatında "top atəşinə" tutulurdu. Fəqət, bir müddət sonra, düşərgə mənsubları özlərinin "köhnə hamam, köhnə tas" ənənələrinə sadiq qalaraq, yenidən xarici ölkə səfirliklərinin rəsmilərinə yalmanmağa başlayırlar.


Radikalların şişirtmə xəstəliyi


Maraqlı məqam isə ondan ibarətdir ki, radikallar iştirakçısı olduqları görüşləri az qala "rəsmi görüş" statusunda təqdim edir, guya hansısa "gizli məqamların" olduğunu mətbuata sırımağa cəhd edirlər. Məsələn, yazırlar ki, "görüş məxfi xarakter daşıdığından, bağlı qapılar arxasında keçirildi"(?!). Hərgah bu görüş, həqiqətən də, "məxfi xarakter" üslubunda keçirilibsə, onda niyə sonradan özləri özlərini ifşa edirlər? Görüşün bütün "təfərrüatını" açıq şəkildə yazırlar. Buradan da bəlli olur ki, onlar həqiqətən də, pafosa, siyasi yekəbaşlıq prinsipinə, şişirtmə xəstəliyinə o qədər aludə olublar ki, artıq özlərinin kim olduqlarını da unudurlar. Unudurlar ki, onların hər birinin alnına xəyanətkar, satqın damğası vurulub. Eyni zamanda, tipaj olaraq, xalqın, cəmiyyətin arasında ikrahedici xüsusiyyətlərə və antipatik hisslərə malikdirlər.


İkili standarta hesablanmış səfirlik şousu


Avropalı diplomatlara gəldikdə isə, onların məsələ ətrafında, hərdən-bir öz cızıqlarından çıxması da ictimaiyyətin diqqətindən yayınmır. "İctimai Palata"nın koordinasiya şurası ilə "məxfi görüşdən" sonra, Müsavat başqanı ilə ayrıca görüşmələri və ondan sonra, ölkəmizin daxili siyasətinə müdaxilə edərək, partiyalar müstəvisində söz ifadə etmələri istər-istəməz bunu deməyə əsas verir. Çünki Azərbaycanın xarici ölkələrdəki səfirlik əməkdaşları heç bir dövlətin partiyalar səviyyəsində cərəyan edən daxili siyasətinə, ümumiyyətlə, heç bir işinə qarışmır, müdaxilə etmir. Bu, həm də siyasi etika baxımından düzgün addım hesab edilmir. Amma burada nədənsə hər şey əksinə baş verir. Bir də ki, avropalılar istənilən vəziyyətdə, radikal müxalifət nümayəndələrini, o cümlədən, İsa Qəmbərovu ayrı-ayrılıqda öz səfirliklərinə dəvət edib söhbətlərini edə bilərdilər. Ancaq əksinə olaraq, özləri heç bir nüfuzu olmayan radikalların ayaqlarına getdilər. Bəs buna nə ad vermək olar? Suala cavab olaraq, deyə bilərik ki, bu, avropalı mister və serlərin növbəti ikili standartlar tipində yürütdükləri, eləcə də, özünü heç vaxt doğrultmayan növbəti səmərəsiz addımıdır...


RÖVŞƏN

Digər xəbərlər