PDF Oxu

Müxalifət

  • 8

Qondarma qurumda daxili böhran səngimək bilmir

Qondarma qurumda daxili böhran səngimək bilmir

Yarandığı gündən başlayaraq, bu günə qədər müxtəlif sferalarda cərəyan edən ziddiyyətlər "İctimai Palata"dakı vəziyyəti daha da gərginləşdirməkdədir. Düşərgə daxilində "ana müxalifət" adına iddialı olan partiyaların didişməsi fonunda bu günü qədər heç bir irəliləyiş əldə olunmamaqla yanaşı, kimin hansı vəzifəni həyata keçirməsini də sual altında qoyur. Əslində, bu günə qədər keçirilən hər bir qanunsuz aksiyadan öncə və sonra baş verən biabırçılıqların günahkarları bir-birlərində səhvlər axtarmaqla məşğul olurlar. Bu isə, təbii olaraq, daxili ziddiyyətlərin daha kəskin vəziyyətə gəlməsinə şərait yaradır. İkinci bir tərəfdən isə, "İctimai Palata"dan gedənlərin sayı oraya daxil olanlardan daha çoxdur və burada başqa nüansların da mövcudluğu nəzərə çarpır. Belə ki, Müsavat və AXCP (i) kimi radikal partiya "liderlərinin" "Yeni Müsavat" və "Azadlıq" qəzetlərində "İctimai Palata"nın tərkibi genişlənir" kimi açıqlamaları cəmiyyətdə çaşqınlıq yaratmaqla əsil həqiqətləri gizlətmək məqsədini daşıyır.


"İctimai Palata"da növbəti narazılıqlar


Burada "İctimai Palata"nın qarşıdakı günlərdə planlaşdırdıqları aksiya üçün yer ayrılması məsələsi həmişə müxalifət üçün problem olub. Bir də "çayı keçməmiş, "bərəkallah" deməzlər" atalar sözünü radikal müxalifət heç olmasa bu dəfə götür-qoy etsin. Çünki fikirləşsinlər ki, keçirəcəkləri mitinqdə iştirak edən olacaq və ya olmayacaq, ondan sonra yer üstündə dava etsinlər. Elə buna görə də, bu aksiyanın baş tutması ehtimalı əvvəlkilər kimi sıfır həddində dayanıb. Əgər keçirilsə belə, heç bir effektin olmayacağını indidən proqnozlaşdırmaq heç də çətin deyil. Çünki siyasi və təşkilati mənada heç bir müsbət nəticə hasil edə bilməyən "İctimai Palata"nın bu durumu daha öncələrdən bəlli idi. Əslində "palata" siyasətbazları özləri də bilmirlər ki, "bütün müxalifətin cəmləşdiyi" qondarma qurum fəaliyyətsizlik stasusunda müxalifətin yoxluğunu ifşa etmiş olur. Qalır bunun daha gerçək şəkildə sərgilənməsinə, buna da çox az vaxt qalıb - 19 iyun...


"Mehriban" düşmənlərin mitinq savaşı


İyunun 19-da keçiriləcək mitinqdə AXCP (i) sədri Əli Kərimov və Müsavat başqanı İsa Qəmbərov arasında mitinq savaşı hər an artmaqdadır. "Olum, ya ölüm" variantını önə çəkən "mehriban" düşmənlərin irəli sürdükləri təklifləri həzm edə bilməmələri, həm də "İctimai Palata"nın fəaliyyətində ziddiyyətləri daha da kəskinləşdirib. İ.Qəmbərov "aksiya "İctimai Palata"nın deyil, Müsavatın ayağına yazılmalıdır" deyir, AXCP (i) sədri Ə.Kərimov isə Müsavat başqanına "bir də özbaşına qərar versən, qarşında mənim yumruğumu görəcəksən" bəyanatı ünvanlayıb. Hər iki partiyanın belə bir iddiada olması maraqlı məqamların mövcud olduğunu sübut edir. Belə ki, hər iki partiya sədri bir sıra xarici təşkilatlar qarşısında yerinə yetirilməyən öhdəlikləri yerinə yetirmək fürsətini əldən buraxmamaq istəyir. İkincisi isə, istər Ə.Kərimovun AXCP (i) sədri və İ.Qəmbərovun Müsavat başqan postuna növbəti seçkilərdə qalması məsələsini həll etmək dayanır. Ona görə də, hər iki partiya sədrləri çalışır ki, cüzi də olsa, bəzi öhdəlikləri reallaşdırsın. Üçüncüsü isə, müxalifət düşərgəsində hələ də mübahisə obyektində qalan "ana müxalifət" adının hansı partiyaya aid olduğunu sübuta yetirmək cəhdidir. Bütün bu deyilənlərdən belə qənaətə gəlmək olar ki, Ə.Kərimovun cəhdləri arxasında, bilavasitə, "İctimai Palata"nın işində gizli təxribatlar törətmək məqsədi dayanır. Əgər İ.Qəmbərovun "palata"da sözü daha çox keçsə, bu zaman Ə.Kərimovun onsuz da olmayan nüfuzu zərbə altında qalacaq. Ancaq bu da bir həqiqətdir ki, müxalifət düşərgəsində bütövlükdə əqidəsizlik sindromunun mövcud olması sözügedən radikal təxəyyüllü şəxslərin ambisiya uğrunda mübarizə aparmaları fonunda baş verir. Buna isə, qətiyyən "siyasi mübarizə" adı vermək mümkün deyil. İyunun 19-da keçiriləcək qondarma mitinqə, yaxud da aksiyaya gəldikdə isə, yüz faizlik şkala üzrə proqnozlara görə radikal müxalifətin bu "tədbiri" də fiaskoya uğrayacaq. Və sonda nə Ə.Kərimovun, nə də ki, İ.Qəmbərovun heç bir arzu-diləyi növbəti dəfə də heçə hesablanacaq.

Rəfiqə

Digər xəbərlər