Artıq daxili problemlər məngənəsində boğulan Müsavat partiyası, demək olar ki, son çağlarını yaşamaqdadır. Qurumdaxili münasibətləri tənzimləyəcək hər hansı bir mexanizmin olmaması da prosesin kəskinləşməsinə səbəb olub. Odur ki, hazırkı məqamda Müsavat partiyasını bütün bu burulğanlar məngənəsindən xilas etmək olduqca çətinləşib.
Bir tərəfdən Müsavatdaxili qüvvələrin bir neçə qütbə parçalanaraq maraqlarını təmin etmək məsələsi əsas şərt kimi irəli sürülsə də, başqa bir amil başqanlıqla bağlı söz-söhbətlərdir. Çünki İ.Qəmbərov hələ ötən ilin sonlarında bəyan etdi ki, o başqanlıqdan getmək niyyətində deyil. Eyni zamanda, İ.Qəmbərov özünə qarşı olan təzyiqlərin də, əks effekt verəcəyini bildirmişdi. İndi isə onun bu postda qalması məsələsi ikinci plana keçib. Əsas prinsip isə Müsavatdaxili güclərin maraqlarının təmin olunmayacağı təqdirdə, parçalanmaya gedəcəkləri ilə bağlı verdikləri mesajlardır.
İsa Qəmbərov başqanlıqdan getməsə, Müsavatın xilası mümkün deyil
Müsavatdaxili qüvvələr, hər zaman olduğu kimi, bu dəfə də, İ.Qəmbərovun 20 ilə yaxındır ki, partiya başqanı kimi heç bir uğura imza atmadığını əsas gətirərək, onun istefaya göndərilməsinin vaxtının çatdığını iddia edirlər. Bu baxımdan da, tərəflər arasında gərginlik bir qədər də şiddətlənib. Çünki qarşıdakı müddətdə qurultaya hazırlaşan Müsavat partiyasında məhz bu işlərə İ.Qəmbərovun rəhbər təyin olunması da vəziyyəti daha çıxılmaz duruma salıb. Belə ki, Müsavatı bundan sonra İ.Qəmbərovun rəhbərliyi altında görmək istəməyən qurumdaxili qüvvələr açıq-aydın şəkildə istefa təklifini irəli sürüblər. Bildiriblər ki, əks təqdirdə, İ.Qəmbərovun quruma buraxılmaması üçün ən sərt addımlar atacaqlar. Ancaq həmişə olduğu kimi, İ.Qəmbərov guya bütün bunlardan bixəbər olduğunu və "siz saydığınınzı sayın, gör mən nə edəcəm" xülyası ilə yaşamaqdadır. Nə deyirik ki, bu xülyaların, hələ ki, reallığa keçidi olmayıb.
"Yeni Müsavat" partiyasının bərpası reallaşır
Müsavatdaxili qüvvələr nisbətində parçalanmanın olması artıq qaçılmaz olub. Çünki İ.Qəmbərovun şəxsi maraqlarından bir addım da geri çəkilməməsi belə bir durumun yaranmasını məqbul edib. Hazırda Müsavat daxilində söz sahibi kimi çıxış edən və proseslərin gedişində özünü pərdə arxasında saxlayan "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu daha qızışdırıcı bir mövqe tutub. O, həmişə olduğu kimi, bu dəfə də hiyləgərliyə əl ataraq, bütün olub keçənlərin müqabilində, Müsavat partiyasında sərf etdiyi əməyin qarşılığını almağa çalışır. Məhz bu səbəbdən də, bir müddət öncəyə qədər reallaşması real görünən, lakin sonradan müəyyən qüvvələrin razılığı ilə gündəmdən çıxarılan "Yeni Müsavat" partiyasının yaranması istiqamətində artıq bir sıra işlərin də görüldüyü bildirilir. Ona görə də, yaxın zamanlarda Müsavat partiyasının bir neçə qütbə bölünərək, yerində AXC-nin timsalında xırda partiyalardan ibarət qurumlar formasında nümunənin görünməsi realdır.
Rəfiqə Hüseynova