PDF Oxu

Müxalifət

  • 7

“İctimai Palata”nın rezonans doğurmayan ambisiyaları

“İctimai Palata”nın rezonans doğurmayan ambisiyaları

Yarandığı zamandan bu günə qədər, dəfələrlə icazəsiz mitinqlər, aksiyalar keçirməyə cəhd göstərən qondarma "İctimai Palata"nın göstərdiyi bütün səyləri heçə uğradıqdan sonra, orada cəmləşən siyasi avantüristlər hələ də hansısa "uğurdan", "perspektivlərdən" danışıb, ictimaiyyəti çaşdırmağa yönəldilmiş açıqlamalar verirlər. Mart ayından start götürən və radikallar tərəfindən "mitinqlər dalğası" fonunda sərgilənən beş-on nəfərlik aksiyalar ölkənin daxili həyatında heç bir mənada maraq, rezonans doğurmadı.

Həmçinin, bəlli oldu ki, göstərilən bütün cəhdlər arxasında İsa Qəmbərov, Əli Kərimov kimilərinin müəyyən xarici qüvvələr qarşılığında götürülmüş öhdəlikləri dayanıb. Daha dəqiq desək, zaman-zaman əldə edilən qrantlar şəxsi maraqlar çərçivəsində xərclənib və özlərini müxalifətçi hesab edən sıravi partiya üzvləri, funksionerlər aldadılmağa məruz qalıblar. Yəni öz rəhbərlik postlarını əldə saxlamaları üçün, istənilən siyasi maxinasiyalara rəvac verən bu kimi partiya sədrləri öz gələcək talelərindən qorxuya düşüblər. Çünki onların nəinki Azərbaycan xalqına, o cümlədən, sıravi müxalifətçilərə verəcəkləri kifayət qədər hesabları var.

Lakin bütün bu rəzilliklərə baxmayaraq, "İctimai Palata" adlı qurumun adından çıxış edən radikal müxalifətin partiya sədrləri uğradıqları 19 iyun fiksiyasından sonra, yenidən mitinqlər barəsində həmdən-həmə, dəmdən-dəmə danışmağa üz tapıblar. Xatırlatmaq yerinə düşərdi ki, belə bir situasiyada, sözün həqiqi mənasında, utanmaq-qızarmaq yerinə, "gələcək mitinq və aksiyalardan" danışmaq heç bir məntiqə sığışmayan amillərdəndir. Eləcə də, Avropadan yenidən nə isə ummaq, onların nə qədər primitiv, naşı siyasət yürütdüklərini bir daha sübuta yetirir.

Onlar, əslində, çox yaxşı anlayırlar ki, Azərbaycan xalqı dövlətçilik prinsiplərinə sadiqdir və hər bir radikal addımlara qarşı öz hiddətini bildirə bilər. Müxalifət isə, təbii ki, nəhəng xalq kütləsinin qarşısında dayana bilmək qadirində deyil. Məhz buna görə də özlərini "lider", "aparıcı müxalifət partiyasının rəhbəri" hesab edənlər "reputasiyalarını" müəyyən anti-Azərbaycan qüvvələr hesabına sığortalamağa çalışırlar. Bu minvalla isə onlar daha da çökür, iflas mərhələsinin sonuncu fazasına doğru iri addımlarla gedirlər. Uğursuz siyasi manipulyasiyalar isə radikal müxalifət spektrlərinin tamamilə məhvolma prosesinə təkan verir. Qeyd olunan amillər qarşılığında, istər "İctimai Palata"nın, istərsə də, oraya daxil olmayan digər radikal təxəyyüllü partiyaların hər hansı uğurlara imza ata biləcəkləri nəinki inandırıcı görünmür, eləcə də, ictimaiyyətdə onlara qarşı istehza, gülüş tendensiyasını daha qabarıq şəkildə formalaşdırır.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər