Ötən gün Müsavat partiyası divanının növbəti toplantısı keçirilib. Toplantıda qurumun qurultaya hazırlıqla bağlı qarşısında duran məsələlər müzakirəyə çıxarılmışdı. Müsavat daxilindəki mənbəmizin məlumatına görə, divan toplantısına qədər artıq narazılıqlar müxtəlif otaqlarda kiminsə səsinin ucadan gəlməsi, "iclasda mən onun ağzının payını verəcəm" kimi ifadələr də eşidilirdi. Bundan əlavə, Müsavat başqanı İsa Qəmbərovun da, qurultayla bağlı məsələlərə bir qədər süni yanaşması daxili gərginliyi daha da artırıb.
Hətta İ.Qəmbərovun divan toplantısına gecikməsi üzvlərin onu yarım saatdan artıq gözləməsi də narahatlıqların üzərinə əlavə olub. Qurumun divan toplantısı başlayan kimi isə tərəflər arasında yer məsələsi də, problemin alovlanmasına şərait yaradıb. Müsavat daxilində İ.Qəmbərova yaltaqlanmaq istəyənlərlə onu görməyə gözü olmayanların qarşılıqlı hiddəti divanın iclasını iflic edib. Çünki İ.Qəmbərova yaltaqlıq etmək istəyənlər divan toplantısında, həmişə olduğu kimi, bu dəfə də onun yanında oturmaq istəyiblər. Belə olan tərzdə isə narazılar açıq şəkildə "qurtarın da bu yaltaqlığınızı" deməklə, əslində, İ.Qəmbərovun eşidəcəyi səs tonu ilə hiddətlərini ifadə ediblər. Heç nə eşitməyirmiş kimi özünü aparan İ.Qəmbərov isə divanın gündəliyində dayanan məsələlər ətrafında müzakirələrin aparılmasının, təklif və iradların səsləndirilməsinin vacibliyini bildirib. İ.Qəmbərovun yarıtmaz siyasətindən və iş prinsipindən təngə gəlmiş Müsavatdaxili narazılar isə müzakirə olunası məsələlərin qalmadığını, hər şeyin bitdiyini söyləyiblər. Başqanın nə necə bitdi sualı isə "sən bizdən də yaxşı bilirsən" cavabı ilə nəticələnib. Beləliklə də, qurumun divan toplantısı böyük hay-küylə əvəzlənib.
Tofiq Yaqubluya divan toplantısında "kəllə" vuruldu
Müsavatın məclis sədri Arzu Səmədbəyli qurum daxilində hər kəsdən ucaboy olması ilə fərqlənsə də, demək olar ki, bütün iclaslarda döyülən də o olur. Çünki aralıqda kiminsə kimə gücü çatmayanda, A.Səmədbəylidən heyif çıxılır. Bu dəfə də belə oldu. Divan toplantısına gec gələn İ.Qəmbərovu qarşılayan A.Səmədbəyli gündəlikdə dayanan məsələlərlə bağlı iclas zalına qədər olan məsafədə başqana məlumat verib. Elə onun bu hərəkəti də narazıların, konkret olaraq, Rauf Arifoğlunun qəzəbinin alovlanmasına səbəb olub. R.Arifoğlu "o iclasda müzakirə olunacaq məsələlərdən xəbərsizdir ki, sən ona hesabat verirsən" deyə etirazını bildirib. Öz növbəsində isə, A.Səmədbəyli ona daxili nizam-intizama riayət etməyi məsləhət görüb. Dava da, bundan sonra başlayıb. Çünki R.Arifoğlu A.Səmədbəyliyə "tərbiyəsizin yekəsi sənsən" deyərək cavab verib və ayağa qalxıb. Bu zaman isə divan toplantısında "qonaq" qismində iştirak edən AXP lideri Pənah Hüseynov dillənib. Onun "a kişilər, heç olmasa başqana hörmət edin" deməsi gərginliyi bir qədər də artırıb. Müsavatın başqan müavini Tofiq Yaqublunun P.Hüseynova "sənlik deyil, sən qonaqsan" deyərək, onun üstünə şığıması R.Arifoğlunun ona baş zərbəsi endirməsi ilə nəticələnib. Nəticədə isə Müsavat divan toplantısı, sözün əsil mənasında, dava meydanına çevrilib. Gündəlikdə duran heç bir məsələ müzakirə olunmadan qurumun divan toplantısı növbəti tarixə qədər təxirə salınıb.
Tapdıq Qurbanlı