Yenicə qurultaydan çıxmış "Klassik Xalq Cəbhəsi Partiyası"nda problemlər üzə çıxmaqdadır. Qurum daxili münasibətlərdə bir qədər səngimələr qeyd alınsa da, artıq gərginliklər özünü göstərməkdədir. Hələ qurultaya qədər partiyadakı problemlərin həll olunacağını düşənənlər indi tamamilə məlum vəziyyətdə prosesin gedişini izləyirlər.
Eyni zamanda, partiyadaxili fikir ayrılıqlarının olması, quruma təzə sədrin seçilməməsi məsələsi problemə əlavə çalar verib. Ona görə də, hazırda "KAXCP"-də iki qütbə bölünmüş qüvvələrarası çəkişmələr gedir. Hətta qurultayadan sonra öz maraqları təmin olunmayan və daha çox qurumun təbliğatı ilə məşğul olan Xəzər Teyyublu bir qədər fərqli mövqedən çıxış edib. O qurum daxilində onu qane edəcək addım atılmadığı təqdirdə, AXCP (i)-yə keçəcəyini də bəyan edib. X.Teyyublu belə bir məqamda AXCP (i) sədri Əli Kərimovun onu sevə-sevə qarşılayacağını gizlətməyib. "KAXCP"-də daha çox xidmətlərinin olduğunu iddia edən Oqtay Gülalıyev də, prosesin gedişində imtiyazlarının təminatı üçün vəd istəyib.
Elə bu səbəbdən də "KAXCP" sədri Mirmahmud Fəttayev qurum daxili münasibətlərdəki gərginliyi aradan qaldırmaq, mövcud problemləri həll etmək üçün təcili olaraq partiyasının idarə heyətinin iclasını çağırıb.
"KAXCP"-dəki mənbəmizin verdiyi məlumata görə, iclasda "KAXCP"-nin 2-ci qurultayının nəticələri və digər məsələlər müzakirə olunub. İclasa qədər bir qədər sakit görünən tərəflər sonradan daha çılğın şəkildə bir-birilərinə qarşı sərt və təhqiramiz ifadələr işlədiblər. Artıq vəziyyətin nəzarətdən çıxacağını yəqin edən M.Fəttayev keçirilmiş qurultayda qəbul olunmuş sənədlər - bəyanat və qətnamələrin ictimaiyyətə daha geniş şəkildə çatdırılması yönümündə fəaliyyətlər davam etdirilməsi üçün X.Teyyubluya tapşırıqlarını verib. Onunla konfliktə girərək, prosesləri daha əsəbi formada həll etməyə çalışan Oqtay Gülalıyev isə "KAXCP" idarə heyətinin katibi seçilib. Təəssüf ki, bu addım da problemi qaydasına salmayıb. O.Gülalıyevə verilən imtiyaza və göstərilən etimada görə böyük narahatlıq keçirən X.Teyyublu öz narahatlığını açıq şəkildə bildirib. Öz növbəsində, O.Gülalıyev isə kimin hara təyin olunmasının onun etimad məsələsi ilə sıx bağlı olduğunu bildirməklə, qarşı tərəfin daha alovlu şəkildə çıxış etməsinə imkan yaradıb. Beləliklə də, tərəflər arasında açıq söz davası başlayıb ki, M.Fəttayevin "davanızı özünüz öz aranızda həll edin" deməsi ilə sakitliyə əməl olunub. Amma iclasdan sonra da, tərəflərin bir-birini kəskin şəkildə ittiham edərək tənqid etməyə çalışdığı deyilir.
Tapdıq Qurbanlı