PDF Oxu

Müxalifət

  • 22

Əhməd Orucov yenə də “coşub”

Əhməd Orucov yenə də “coşub”

"Azadlıq" partiyasının sədri Əhməd Orucov yenidən radikal müxalifətin "siyasi liderləri"nə qarşı sərt çıxışlara başlayıb. Partiya sədrinin mətbuata verdiyi açıqlamasını şərh edərkən, belə qənaətə gəlmək mümkündür. Ə.Orucov bildirib ki, müxalifətdə İsa Qəmbərov, Əli Kərimov və Pənah Hüseynov "üçlüyü"nün iradəsindən kənar heç bir qərar qəbul olunmur: "Məhz buna görə də, hazırda bu gün müxalifət adından aparılan avantüranın başında həmin bu üç şəxsin dayanması heç kimdə şübhə doğurmur".

"Azadlıq" sədri öz müsahibəsində yalnız sözügedən "üçlük"lə kifayətlənməyərək, digər siyasi təşkilat "lideri"- ADP sədri Sərdar Cəlaloğlunu da ciddi tənqid atəşinə məruz qoyub. Belə ki, ADP sədrinin "Xalq Parlament"i yaratmaq təşəbbüsünü qeyri-ciddi məsələ adlandıran Ə.Orucov əlavə edib ki, hər istənilən adam durub-dayandığı yerdə parlament təşkil edə bilməz: "Sərdar Cəlaloğlunda isə belə qabiliyyət, ümumiyyətlə, yoxdur. Gülməlidir. Məgər parlamenti siyahı ilə formalaşdırırlar? Çox qeyri-ciddi söhbətlərdir. S.Cəlaloğlu və ətrafındakılar hər şeyi oyuncağa çevirib".


İttihamlar cavabsız qalmayıb


Qarşı tərəf də boş dayanmayaraq, həmin ittihamları cavabsız qoymayıb. Məsələn, P.Hüseynov bildirib ki, Ə.Orucovun fikirləri qeyri-ciddi dəyərləndirmədir və əslində, bununla öz zəifliyini göstərir: "Qeyri-ciddi, həqiqətə uyğun olmayan fikirlərdir. Ümumiyyətlə, isə mən Ə.Orucovun fikirlərinə şərh verməyə bir o qədər lüzum görmürəm. Bilirsiniz ki, o, əvvəldən bu məsələlərdə birtərəfli, qərəzli mövqe tutmuşdu. Subyektiv maraqlardan, hisslərdən irəli gələn qərəzli mövqeyini, təəssüf edirəm ki, hələ də davam etdirir. Bəlkə də, bütün bunlar onun zəif xarakterli olmasından irəli gələn haldır".

Müsavat və AXCP (i) sədrlərinin yerinə isə onların müavinləri danışıb. Belə ki, Müsavat funksioneri Tofiq Yaqublu deyib ki, "O, vaxtaşırı mətbuatda ancaq qərəzli fikirləri ilə görünür. Yəqin ki, müxalifətdə qazana bilmədiklərini bu cür izhar edir. Əhməd Orucovun sözünə qulaq asılası, onun mövqeyi qəbul olunası deyil ki? Mən bilmirəm onun peşəsinin adı nədir. Bu adam zaman-zaman işini-gücünü buraxaraq böhtan, fikirlər söyləməyi özünə peşə seçib. Əsl avantüraçılıq budur".

AXCP (i) sədrinin müavini Fuad Qəhrəmanlı isə Ə.Orucovu siyasi subyekt kimi qəbul etmədiklərini açıqlayıb.

ADP sədrinin birinci müavini Həsrət Rüstəmov da Ə.Orucovun cavabını S.Cəlaloğlunun yerinə verib. O deyib ki, Ə.Orucovun heç bir fikrinə ciddi yanaşmır: " Görürsünüz ki, hamını tənqid edir, bütün ideyaların əleyhinə çıxır, amma özü heç bir ideya ilə çıxış eləmir, heç bir normal addım atmır".


R.Rəsulov

Digər xəbərlər