PDF Oxu

Müxalifət

  • 20

“Ümid” sədrinin arzuları reallaşmayacaq

“Ümid” sədrinin arzuları reallaşmayacaq

Radikal müxalifət düşərgəsində yaradılan müxtəlif tipli bloklar öz səmərəsizlikləri ilə seçilsələr də, onların arasında yaranan ziddiyyətlər daha kəskin xarakter almaqda davam edir. "İctimai Palata" ilə başlanan "yenilik" artıq bu gün "Xalq Parlamenti", "Xalq Hərəkatı Birliyi" və digər bu kimi qondarma, hoqqabaz "yeniliklərlə" davam edir. Təbii ki, burada bir-birilərini həzm etməmək, siyasi rəqiblik deyil, düşmənçilik mövqeyindən yanaşmaq, eləcə də, başqa şəxsi mənafelər güdülməkdədir. Əgər belə olmasa idi, hər halda, hansısa "birlikdən" danışmaq mümkün olardı.

"Ümid" partiyasının sədri, təsadüfən deputat seçilmiş İqbal Ağazadə qeyri-ciddi "siyasətçilərdəndir". O da bir vaxtlar deputat seçilməsinə rəğmən, "İctimai Palata"da təmsil olunmaq istəyirdi. Lakin sonradan özünün birlik yaradacağını bəhanə edərək, öz fikrindən vaz keçdi. Hətta antireklam kampaniyası apararaq, "palata" barədə ən kəskin tənqidi fikirlərini bildirdi. Məsələn, dedi ki, ""İctimai Palata" bizim maraq dairəmizdə olmadığı üçün orada baş verən prosesləri bir təşkilat daxilindəki proses kimi qiymətləndiririk. Bu təşkilatın içərisində, mütəmadi olaraq, qarşıdurmalar baş verir. "İctimai Palata"nın bu hala düşəcəyi ilə bağlı sözügedən qurumun üzvləri ilə xeyli söhbətlərimiz olub və bunu onların diqqətinə çatdırmışdıq. Qeyd etmişik ki, "İctimai Palata"nın taleyi ilə strategiya, taktika və yürüdülən siyasət bir-birinə adekvat deyil. Əksinə, bir qədər də tərs mütənasibdir. Bugünkü prosesin də nəticəsi ondan doğur".

Təbii ki, bu, bir daha onu göstərir ki, İ.Ağazadə heç bir vəziyyətdə digər partiya sədrlərini özündən yüksəkdə görmək, onlaradan asılı olmaq arzusunda deyil.

Məhz ona görə də "biz təkliflər üzərində işləyirik" tipli bəyanatlar verir, özünə daha münasib şərait yaratmağa səy göstərir. Həmçinin, istər "İctimai Palata"da, istərsə də başqa müxalifət birliklərində fəaliyyət göstərən insanları öz tərəfinə cəlb etməyə cəhd göstərir.

İ.Ağazadə "ehtiyat planını" da işə salıb. Əldə etdiyimiz məlumatlara görə, yaxın günlərdə AMİP və "KAXCP" ilə danışıqlara başlamaq istəyən "Ümid" sədri, hələ ki, gözlədiyi cavabı ala bilməyib. Xatırladaq ki, adları çəkilən hər iki siyasi təşkilat "İctimai Palata"dan uzaqlaşdırılıblar. Onların heç bir əlacları qalmadığından, İ.Ağazadənin təklifi üzərində fikrə dalıblar. Eləcə də, "ACP" sədri Rəsul Quliyevə də həmin mövzu ətrafında müəyyən təkliflər edilib.

Vəziyyəti analiz edərkən, belə bir qənaətə gəlmək mümkündür ki, İqbal Ağazadə- Mirmahmud Fəttayev-Yusif Bağırzadə-Rəsul Quliyev dördlüyündən də heç nə çıxmayacaq. Belə ki, "KAXCP"-AMİP, "ACP"-"KAXCP" arasında yaşanan qatı münaqişələr artıq öz sözünü deyib. Ona görə də, heç bir cəhd "Ümid" sədrinin arzularını reallaşdırmayacaq.


RÖVŞƏN

Digər xəbərlər