Bir neçə gün öncə Müsavat partiyasının divan toplantısına qatılan AXP lideri Pənah Hüseynovla "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında qalmaqal yaşanıb. Divan iclası başlamazdan əvvəl, partiya qərargahında bir-biri ilə öpüşüb-görüşən R.Arifoğlu və P.Hüseynov sonradan aralarındakı münasibətlərə məhz mübahisə formasında aydınlıq gətirməyə çalışıblar. Elə bu səbəbdən də, Müsavatın divan toplantısı başlar-başlamaz tərəflər bir-biri ilə daha sərt formada davranaraq, məsələnin hər kəsin istədiyi formatda həllinin aparılmasını açıq şəkildə göstəriblər. Hətta Müsavat başqanı İsa Qəmbərovun adıçəkilən toplantıda olması belə məsələnin qaydasına düşməsini təmin etməyib. İ.Qəmbərovun gözü qarşısında tərəfdarlar açıq mübahisələrə, təhqir və tənqidlərə də yol veriblər. Bu, ilk növbədə, İ.Qəmbərova partiyadaxili münasibətlərin itib-batmasına işarə olsa da, başqa bir tərəfdən başqanın özünün bu cür olayların baş verməsində maraqlı olmasıdır.
Kənar şəxsin Müsavatın divan
iclasında iştirakı davaya səbəb oldu
Həmişə olduğu kimi, bu dəfə də P.Hüseynovun İ.Qəmbərovla razılaşdırılmış formada Müsavatın divan toplantısında iştirakı qurumdaxili intriqaları daha da qızışdırıb. R.Arifoğlunun ardınca P.Hüseynovun Müsavat partiyasının üzvü olmaya-olmaya divan iclasına qatılmasına öz etirazını bildirən başqan müavini Tofiq Yaqublu, hətta mədəni şəkildə onun iclas zalını tərk etməsini də tələb edib. "Biz bir partiyayıq. Bu da bizim partiyanın divan toplantısıdır. Başqa şəxsin, yəni Müsavat üzvü olmayan birisinin burada iştirakı nə dərəcədə məqbuldur. Mən bunu anlaya bilmirəm" deyən T.Yaqublu əsəblərini cilovlamağa çalışsa da, qarşı tərəfin reaksiyası ilə məsələ daha da şiddətli bir şəkil alıb.
Arzu Səmədbəyli də Pənah
Hüseynova qarşı çıxarmış
Məsələnin bir qədər böyüməsi və başqan İ.Qəmbərovun prosesi normal qaydasına salmaq üçün Müsavatın Məclis sədri Arzu Səmədbəyliyə işarə verməsi də baş verənləri daha da kəskinləşdirdi. Çünki bu günə qədər A.Səmədbəyli P.Hüseynova "qaşın üstə gözün var" kəlməsini işlətmədiyi halda, bu gün onun divan toplantısından çıxmasını tələb edir. A.Səmədbəylinin "Yəqin ki, Pənah bəy dostlarımızın münasibətinə hörmətlə yanaşıb, partiyanın divan toplantısının təxirə salınmasına razı olmaz. Həm də, o özü də bilir ki, biz səmimi münasibətlər şəraitində onun burada iştirakına göz yumuruq" deməsi P.Hüseynovu özündən çıxarıb.
Özünə qarşı Müsavat daxilindəki münasibətlərin bu sferada davam etməsindən təəssüf hissi keçirdiyini söyləyən P.Hüseynov, ilk növbədə, R.Arifoğlunu qınaq obyektinə çevirib. O, qeyd edib ki, R.Arifoğlu Müsavat partiyasının adını çəkə bilmədiyi zamanlarda, o, burada idi. P.Hüseynov A.Səmədbəyliyə də birmənalı sərt mövqeyini ifadə edib və onu tənəli sözləri ilə acılayıb: "Görünür, parlament kreslosundan düşəndən sonra Arzu bəyin mənəviyyatında da dəyişikliklər olub. Ancaq bu, çox getməyəcək".
Beləliklə də, radikal müxalifət "liderləri" arasında baş verən proseslər bir daha onu sübut edir ki, onların kimliyini təhlil etməyə ehtiyac yoxdur. Çünki özləri bir-biriləri haqqında geniş açıqlamalar verirlər.
Rəfiqə Hüseynova