Ölkə müxalifətinin mövcud durumu ilə bağlı vaxtaşaırı olaraq həm siyasi partiya təmsilçiləri, həmçinin də, ayrı-ayrı nüfuzlu şəxslər öz fikir və mülahizələrini irəli sürmüşlər. Ən əsası isə səslənən fikirlərin hər biri ümumi münasibətin ortada olduğunu, yəni müxalifətin parçalanma yolunda hələ də var-gəl etdiyini isbatlayır.
"Milli Dirçəliş Hərəkatı"nın sədri Fərəc Quliyev də ölkə müxalifətindəki inhisarçılıq, düşərgədəki qüvvələrin bölünməsi və güc nisbətindəki münasibətlərdən bəhs edib. Onun fikrincə, müxalifət düşərgəsi dedikdə, birləşmiş, təmərküzləşmiş qüvvələr birliyini nəzərdə tutmur. "Əksinə, bu düşərgədə ciddi mərkəzdənqaçma, parçalanma və xaotik fəaliyyət meyilləri müşahidə olunur" deyən F.Quliyev müxalifət düşərgəsindəki qüvvələrin hansısa birliyə nail olması üçün ilk əvvəl orada toplanan təşkilatlar və şəxslərin öz aralarındakı münasibətlərə aydınlıq gətirməsinin başlıca şərt olduğunu söylədi. Qeyd etdi ki, müxalifət düşərgəsindəki parçalanma bundan sonra da davam edəcək. "Açığını desəm, özünü ölkə müxalifətinin koordinasiya mərkəzi sayan "İctimai Palata"nın işlərinə qarışmaq niyyətində deyiləm. Bu səbəbdən də həmin təşkilatdakı prosesləri müşahidə etmirəm və öz işlərimizlə məşğuluq",- deyə F.Quliyev əlavə edib.
"İctimai Palata"da müxalifət qüvvələrinin fəaliyyət legitimliyi yoxdur
"Onlar komissiyalar yaradıblar, müəyyən məsələləri qeyri-legitim sayırlar. Bütün bunlar gülünc və absurd məsələlərdir, bir qrup şəxsin öz şəxsi mənafeyini təmin etmək üçün ortaya atdığı işlərdir. İstənilən şəxsin toplaşaraq hansısa təşkilat yaratmaları normal haldır. Amma həmin təşkilatın gələcəkdə mövcudluğu, hadisələrə təsir imkanları barədə kənardakı müşahidəçilərlə müqayisədə, o qurumdakı insanların özləri düşünsələr, daha yaxşı olardı",- deyən "MDH" sədri "İctimai Palata"dakı şəxslərin özlərinin dedikləri kimi həmin qurumun təsir imkanları çox məhdud olduğunu bundan sonra da məhdudlaşmanın davam edəcəyini söylədi.
Onun sözlərinə görə, "İctimai Palata"da inhisarçılıq iddiasında olan Azərbaycan Xalq Cəbhəsinin islahatçılar qanadı və Müsavat partiyalarının münasibətlərində və əlaqələrində səmimilik yoxdur. "Hələ illər əvvəl, AXCP (i) Müsavata birləşməni təklif etsə də, müsavatçıların rəhbərliyi bunu qəbul etmədi. Daha sonra da dəfələrlə cəhd edilsə də, yenə nəticə hasil olmadı. Bütün bunlar həmin partiyaların arasındakı münasibətlərin əslində mövsümi toparlanma olduğunu göstərir" deyə o, vurğulayıb.
Tapıq Qurbanlı