- Zakir bəy, "İctimai Palata"dan partiya şəklində imtina etmək qərarı vermisiniz. Bunu hansısa şəxsi ədavətlə və digər məsələlərlə əlaqələndirmək olarmı?
- Sərdar Cəlaloğlu "İctimai Palata"da bütün müxalif siyasi partiyaların nümayəndələrinin təmsilçiliyinin tərəfdarı olub. Eyni zamanda, onlar qarşısında əvvəlcədən heç bir şərtin qoyulmaması təklifi ilə də çıxış edib. Amma sonradan aydın oldu ki, "İctimai Palata"da təmsil olunan AXCP (i) və Müsavat partiyaları bəzi partiyalar qarşısında şərtlər qoyub. Kimlərin orada təmsil olunması, kimlərin orada təmsil olunmaması barəsində öz qəti mövqelərini ortaya qoyurlar. ADP isə heç bir halda bunları qəbul etmək niyyətində deyil. Çünki onlar kimin müxalifət olduğunu, kimin müxalifət olmadığını ayırd edən bir qurum deyillər.
- AXCP (i) ilə Müsavatın şərti nədən ibarət idi?
- Onların şərti bu idi ki, guya müxalifət düşərgəsində hansısa partiyalar iqtidarla danışıqlara, əməkdaşlığa gedərək xəyanət ediblər. Ancaq əldə elə bir fakt olmadığına görə, biz bu ideyaları qəbul edə bilməzdik. Buna baxmayaraq, ADP çalışdı ki, "İctimai Palata"da təmsil olunsun. Amma bir müddətdən sonra aydın oldu ki, bu qurum iki partiyanın - AXCP (i) və Müsavatın monopoliyasına çevrilib. Bu təşkilatda iki qurumdan başqa digər siyasi partiyaların söz demək, ideya irəli sürmək imkanları, demək olar ki, məhduddur. Buna görə də bu partiyalar "İctimai Palata"nın daxilində təbii bir narazılıq yarandı. Beləliklə, oradan müxalifət düşərgəsində tanınmış şəxslər, o cümlədən, AXP lideri Pənah Hüseynov da istefa vermək məcburiyyətində qaldı. Bundan sonra da "İP" idarəolunmaz bir quruma çevrildi.
- Yəni "kölgə kabineti" ideyasını irəli sürmüş Pənah Hüseynov maraqları təmin olunmadı deyə "İctimai Palata"dan istefa verdi?
- Bilirsiniz, "kölgə kabineti" ideyası Pənah bəyin ideyası deyil. Bu ideya ən birinci ADP sədri Sərdar Cəlaloğlunun ideyası idi. S.Cəlaloğlu bu ideyanı verməzdən əvvəl Pənah bəylə söhbət etmişdi deyə, onu da cəmiyyətə məhz P.Hüseynov çatdırmış oldu. Amma əslində, hər kəs də bilirdi ki, bu ideya S.Cəlaloğlunun ideyasıdır. ADP üzvləri olaraq, biz "İctimai Palata"da təmsil olunan müxalifət nümayəndələrinin bir araya gələ bilməmək problemi ilə üzləşdiyini gördükdən sonra buradan uzaqlaşmaq qərarına gəldik. Ona görə də, ADP sədri sırf ictimai bir təşkilat, yəni "kölgə kabineti" ideyasının reallığa çevrilməsi təklifi ilə çıxış etdi. Bununla bağlı ilkin addımlar atılıb, sadəcə olaraq müəyyən siyasi qüvvələrin və ictimaiyyət nümayəndələrinin reaksiyalarını gözləyirik.
- Bəs nədən S.Cəlaloğlunun bu ideyası düşərgədə qısqanclıqla qarşılanmağa başladı?
- Bu cür yanaşmalar, təbii ki, onların şəxsi mövqeləridir. Zaman göstərir ki, bizim irəli sürdüyümüz ideya digər müxalifət partiyalarının irəli sürdüyü ideyalardan daha optimal bir seçimdir. Eyni zamanda, bizim bu ideyamızın əleyhinə çıxanlar da vaxt gələcək ki, onun real iş prinsipi ilə razılaşmalı olacaqlar.
- Sizin ideyanız da "İctimai Palata"da olduğu kimi, söz olaraq qalmayacaq ki?
- Əgər "kölgə kabineti" ideyası da "İctimai Palata"dakı kimi bir-iki partiyanın monapoliyasına çevrilməyəcəksə, bir-iki partiyadan ibarət diqtə edilmiş rəhbərlik formalaşmayacaqsa, bu qurumun perspektivinə inanmaq olar.
- P.Hüseynov və onun ətrafında olanlar ADP sədrinin yeni ideyasının Rəsul Quliyevin göstərişi ilə irəli sürüldüyünü iddia edirlər. Bu nə dərəcədə həqiqətə uyğundur.
- Tam səmimiyyətlə deyirəm ki, nə S.Cəlaloğlunun nə də onun təmsil olunduğu partiyanın bu gün Rəsul Quliyevlə heç bir əlaqəsi yoxdur. 2006-cı ildə R.Quliyev ADP-dən xaric ediləndən bu günə qədər bir dəfə də olsun onunla heç bir əlaqəmiz olmayıb. Bu cür yanaşmalar iftira və şərdən başqa heç nəyi özündə ehtiva etmir.