Qurumun qondarma fəaliyyəti və AXCP (i) - Müsavat cütlüyünün monopoliyası "palata"nın məhvinə səbəb olub
Sonuncu parlament seçkilərindən sonra yaranmış, guya özündə "ictimaiyyət maraqlarını" birləşdirən "İctimai Palata"da dağılmağa yönəlmiş deformativ vəziyyət davamlı xarakter almaqdadır. Xatırladaq ki, hələ aprel ayının 17-də keçirilən mitinqdən sonra, AMİP bu qurumdan bütövlükdə istefaya getdi. Bunun ardınca isə, vaxtilə adıçəkilən qurumda təmsil olunan müstəqil şəxslər də "palata"nı tez-tələsik tərk etdi.
Beləliklə də, "İctimai Palata"nın formalaşdığı fikrilə desək, "cəmiyyətdəki nüfuzu"na kifayət qədər xələl gəldi. Yəni vaxtilə orada cəmləşən cəmiyyətə agah oldu ki, həmin siyasi qurum ciddi işlər üçün yaranmamaqla yanaşı, özündə avtoritar və monopolist rejim formalaşdırıb, eyni zamanda, funksiya müddəti çox qısa olacaq. Əslində, "palata" hər hansı ciddi işlər görə bilmək gücündə olsaydı, AMİP kimi müxalifətdə az-çox nüfuzu olan bir siyasi təşkilat oranı tərk etməz, qalmaqda davam edərdi. Onu da yeri gəlmişkən, qeyd etmək mümkündür ki, AMİP "İctimai Palata"da "lider" formatında təmsil olunmurdu və qondarma qurumda adıçəkilən partiyanı bəzən Əli Orucov, bəzən isə sədr Yusif Bağırzadə təmsil edirdi. AMİP-in qapını çırparaq çıxıb getməsi həmin partiyaya güvənən müxalifətçilərin kefinə "soğan doğradı". Ümidsizliyə qapılan bir çox təmsilçilər dərhal qurumu tərk edib getdilər.
Bu ərəfədə "KAXCP"-ni təmsil edən Fikrət Cəfərov da oradan getdi. Yaxın günlərdə isə, ADP və "KXCP"-ni təmsil edən tanınmış funksionerlərin də qondarma qurumdan gedəcəkləri proqnozlaşdırılır.
Müxalifətin "Jirinovskisi"- Xaliq Bahadır
Sual yarana bilər ki, bəs "İctimai Palata" daxilində baş verənlərin arxasında daha hansı amillər dayanıb və qurum hansı səbəbdən yavaş-yavaş deyil, dərhal dağılmağa başladı?
Məsələ ondadır ki, AXCP(i) Rəyasət Heyətinin üzvü Xaliq Bahadırın mətbuata verdiyi açıqlamalarının da arxasında dağılma prosesinin faktorları dayanıb. Yəni AXCP (i)-də ipə-sapa yatmayan, "Jirinovski" ləqəbi ilə tanınan Xaliq Bahadır artıq ikinci dəfədir ki, Müsavatla və İsa Qəmbərovla bağlı sərt, yerində söylənilmiş bəyanatlar verir, Müsavatı müttəfiqliyə arxa çevirməkdə, xəyanətdə, intriqaçılıqda və inhisarçılıqda günahlandırır. Belə ki, AXCP (i) rəsmisi hesab edir ki, Müsavatın, daha dəqiq desək, partiyanın Arif Hacıyev qanadının mart-aprel aylarındakı davranışları hansısa konkret məqsədlərə xidmət edib. Həmçinin, Xaliq "bəyin" fikrincə, süni radikallıq müxalifətin ziyanına olub. Doğrudur, Arif Hacıyev həbs edilib, lakin AXCP (i)-də belə qavrayırlar ki, hesab edirlər ki, Müsavatın başqan müavinini ona görə həbs ediblər ki, o, guya qəhrəmanlaşsın. X. Bahadırın önə sürdüyü bu tipli mövqeyi, sağa-sola təhqir, tənqid, nifrin yağdırması, Rauf Arifoğlunu, Pənah Hüseynovu "hakimiyyətə işləməkdə günahlandırması" (bir müddət öncə, o öz gülünc iddiasında bildirirdi ki, adlarıçəkilən şəxslər guya "gizli polislə" əməkdaşlıq edir) Müsavatda narazılıqla qarşılanıb.
AXCP (i) Müsavatdan çəkinir?
Bu cür açıqlamalardan sonra, AXCP (i) sədr səviyyəsində etiraf edib ki, Xaliq Bahadır "cəbhəçilər"in dediklərini ifadə etmir. Məsələn, bu ərəfədə Əli Kərimov deyib ki, Xaliq Bahadıra heç kim heç nə öyrətməyib və o öz mövqeyini ifadə edir. Əli Kərimov öz açıqlamasında inandırmağa çalışıb ki, o, hətta AXCP (i)-ni də hədəfə alır. Bu isə, onu deməyə əsas verir ki, bəlkə də "cəbhə" sədri Müsavatdan ciddi-cəhdlə ehtiyat edir, çəkinir. Lakin Müsavatda belə düşünürlər ki, X.Bahadır AXCP (i)-nin sözünü danışır və Ə.Kərimovun öz "müttəfiqinə" demək istədiyini X.Bahadırın vasitəsilə deyir. Eyni zamanda, AXCP (i)-yə qarşı səlib yürüşünə çıxan A.Hacıyevin qardaşı Mustafa Hacıbəyli qəzetlərə açıqlamasında və baş redaktoru olduğu "Demokrat" qəzetində AXCP (i)-ni "Müsavata arxa çevirməkdə", "mübarizədən yayınmaqda" qınayıb. M. Hacıbəylinin fikrincə, "cəbhəçilər" qorxub mübarizədən çəkinməsəydilər, mitinqlərin payıza qədər təxirə salınması barədə qərar verməsəydilər, müxalifətçilər, o cümlədən, A.Hacıyev həbsdə saxlanmazdı. Hətta Müsavat funksionerləri Ə.Kərimovun rəhbərlik etdiyi siyasi təşkilata basqı edərək bildirirlər ki, kimlərinsə qarşısında öhdəlik götürmüş AXCP (i)-nin məqsədi "İctimai Palata"nı məhv etməkdir: "Bu gün Müsavatla müttəfiqlik AXCP (i)-yə lazım deyil. Amma seçki ərəfəsində yenə Müsavatın ətəyindən yapışacaqlar". Bunu da M. Hacıbəyli həm "Yeni Müsavat"da, həm də "Demokrat" qəzetində deyib.
Ümidlər öldü, xəyallar "yaşamaqdadır"
Artıq göründüyü kimi, "İctimai Palata" daxilində cərəyan edən ziddiyyətlər o həddə çatıb ki, baş verən ardıcıl olayları mətbuatdan gizlətmək mümkün olmur. Baş verənlər, onu da deməyə əsas verir ki, "İctimai Palata" artıq dağılmaq üzrə deyil, dağılma prosesinin sonuncu mərhələsindədir. Yəni kifayət qədər deformasiyaya uğrayıb. Artıq qondarma qurumun daxilində formalaşmağa belə macal tapmamış "mənəvi və ideoloji birlik" tamamilə deqradasiyaya uğrayıb. Qurum yalnız ümidlər üzərində qurulmuş xəyallarla yaşayır. Hələ də oradakı partiya rəhbərləri ümid edirlər ki, bəlkə də payızda bir-iki aksiya keçirmək, Qərbdən müəyyən maliyyə yardımı almaq mümkün oldu. Necə deyərlər, "yaz gələr, yonca bitər, ölmə eşşəyim, ölmə..."
RÖVŞƏN
P.S. "Palata"dakı partiya "liderlərinin əvəzolunmaz müdrikliyi" həmin qurumu maksimum "payız şumuna" qədər "yaşatmağı" bacara bilər, ondan artığa isə yox...