Bütün hallarda cəmiyyət daxilində özlərinə dayaq yarada bilməyən bir sıra təşkilatlar və siyasi qurumlar sonradan kənardan asılı hala düşürlər. Bu hal, ona görə baş verir ki, cəmiyyət öz daxilində görmək istəmədiyi istənilən ictimai əhəmiyyətli təşkilatı az bir zaman çərçivəsində arxivə göndərir. Səbəblər və kriteriyalar, hər zaman cəmiyyət üçün açıq olduğu halda, bunu müşahidə etmək çətin olur. Çünki "arı pisini boğar" kimi el məsəli heç də yoxdan ortaya atılmayıb.
Zaman-zaman geridə buraxdığımız real situasiyalarda cəmiyyətimizin nə kimi təşkilatlar, siyasi partiyaları doğru-dürüst olmadığına görə, tarixin acı arxivinə göndərdiyini aydın görmək mümkün olur. Ona görə də, müəyyən zaman çərçivəsində ictimai fikirdə özünə yer tapa bilməyən istənilən təşkilatın ideyası hökmən iflası gözə almalıdır. Bunun real olduğunu 20 illik zaman kəsiyində radikal prinsiplərdən uzaqlaşmayan müxalifət ünsürlərinin yaşamış olduğu mənzərə ilə də isbatlamaq mümkündür. Əgər bu gün acı aqibətlə barışmaq istəməyən radikal müxalifət 20 illik müddətdə cəmiyyətə özlərini normal bir forma çərçivəsində göstərə bilməyiblərsə, bu, onların problemidir. O zaman günahı başqa ünvanda axtarmağa nə ehtiyac qalır ki?..
Cəmiyyətin iradəsinin əleyhinə olan istənilən qüvvənin gec, ya tez iflası qaçılmazdır
Qeyd etdiyimiz kimi, 20 illik zaman çərçivəsində özünə Azərbaycan cəmiyyətində hər hansı bir mövqe seçə bilməyən radikal müxalifət partiyaları, təbii ki, bu gün yaşadıqları acı məşəqqətləri öncədən bilməli idilər. Çünki hər şeyi diqtə edən və qaranın qaradan başqa bir şey olmadığın göstərən zamandır. Əgər müxalifətçilik adı altında Müsavat başqanı İsa Qəmbərov 20 ildir ki, ictimaiyyətə yalan danışırsa, gizlində Aram Manukunyanla öpüşüb ona yarınırsa, bunun aqibətini, təbii ki, görməli idi. Və yaxud AXCP (i) sədri Əli Kərimov səhər-günorta-axşam yalan danışmaqda davam edəcəkdirsə, ona "sən yaxşı oğlansan" deyən olmayacaqdır. Çünki istənilən halda cəmiyyət ən düz olanı diqtə edir ki, ona yalan danışmaq, ikiüzlülük etmək sonda baha başa gəlir.
Xəyanətin - riyakarlığın sonu və real aqibətin yaşanan tərəfləri
Azərbaycan tarixində öz lideri və havadarına həmişə sədaqətlə xidmət etmək xüsusi iradə, kişilik mücəssəməsi sayılsa da, bunun əksinin də nəticələrini görmək mümkündür. Milli dəyərlərimizdə bir simanın daşıyıcı olmaq, onun doğru və yanlış olduğunun fərqinə varmadan sona qədər addımlamaq əsil nümunə sayılır. Amma təəssüflə qeyd etməliyik ki, öz idealları uğrunda həmişə mübariz olan Azərbaycan kişisi bu gün Ə.Kərimovun, İ.Qəmbərovun, Sərdar Cəlaloğlunun, Mirmahmud Fəttayevin nümunəsində mücadilə etdiyi dəyərlərin əksini görür. Burada bir avaz, kənarda bir avaz, xarici conların yanında isə tamamilə başqa "avaz"da olanlar, yəqin ki, milli kimliyini çoxdan unudublar. Əgər bu baş verməsəydi, bizlər İ.Qəmbərovu manukunyanlarla, Ruslan Bəşirlini "haylarla", Eynulla Fətullayevi zori balayanlarla qol-qola görməzdik. Faciəsi isə odur ki, əsil simaları bəlli ola-ola, yenə də, özlərini cəmiyyətə sırımaq istəyənlər nə məqsədə və amala qulluq etdiklərini heç özləri də bilmirlər. Elə əsl faciə də bu zaman baş verir. Reallıqda situasiya çərçivəsində cəmiyyət özü üçün müəyyənləşdirdiyi yad ünsürlərə sonu göstərmiş olur.
Tapdıq Qurbanlı