Uzun illər susan radikal müxalifət partiyaları ərəb dünyasında baş verən vətəndaş qarşıdurmasından sonra fəallaşmağa və küçələrə çıxıb icazəsiz aksiyalar keçirməyə səy göstərdi. Onların küçələrə çıxıb icazəsiz aksiyalar keçirmələrinə isə ictimaiyyət dəstək verməyib.
Sual yaranır, nəyə görə radikal müxalifət ağır böhranlı vəziyyətlərlə
üzləşəndə, çıxış yolunu icazəsiz aksiyalar keçirməkdə görür? Radikal müxalifətin
cəmiyyətdə uğursuzluğa düçar olmasını onların düzgün siyasət apara bilməmələri ilə
əlaqələndirmək olarmı? Vəhdət partiyasının sədri Tahir Kərimli bizimlə söhbətində
radikal müxalifətin cəmiyyətdə uğursuzluğa düçar olmasını onların düzgün siyasət
apara bilməmələri ilə əlaqələndirdi:
- Radikal müxalifət icazə verilən yerdə kütləvi aksiyalar keçirə
bilmir. Bəhanə edir ki, həmin yerlər uzaqdır. Bu arqument əsaslı deyil. Çünki vaxtilə
kifayət qədər uzaq yerlərdə aksiyalar keçiriblər. Ancaq indiki vəziyyətdə müəyyən
olunmuş sahədə mitinq təklifi ilə müxalifət kütləvi insanlar yığa bilmədiklərinə
görə məcburdurlar ki, diqqəti cəlb etmək üçün həm daxildə, həm də xaricdə razılaşdırılmamış
mitinqlərə keçirsinlər. Radikal müxalifət kütləvi tədbir keçirə bilmir. Həmin anda
da razılaşdırılmamış mitinqlərə gedirlər. Təbii ki, hakimiyyət orqanları müxalifət
tərəfindən razılaşdırılmamış mitinqlərin qarşısını almaq üçün qanunamüvafiq şəkildə
öz tədbirlərini görürlər. Belə olan halda da, müxalifətçilər hay-küy qaldırırlar. Yəni həm beynəlxalq arenada,
həm də daxildə onlar göstərmək istəyirlər ki, "görürsüz, bizə aksiyalar keçirməyə
imkan vermirlər". Əslində, razılaşdırılmış yerlərdə onlara aksiyalar keçirməyə imkan
verilir. Sadəcə olaraq, özlərinin imkanı yoxdur ki, bu aksiyaları keçirsinlər.
Radikal müxalifətin cəmiyyətdə
uğursuzluğa düçar olmasını onların düzgün siyasət apara bilməmələri ilə əlaqələndirmək
olar. Yəni bu müxalifətçiliyin əvvəldən əsası, kökü və binası düzgün qoyulmayıb.
Demək olar ki, indi də onları səhvlərini davam etdirirlər. Çünki onlar hələ də,
yalnız qəzetlər üzərində qalıblar, kütləvi tədbirlər keçirə, cəmiyyəti təmsil edə
və seçkilərdə kifayət qədər uğur qazana bilmirlər. Belə olan halda, radikal müxalifətin
iş fəaliyyəti qəzet üzərində durur. Düşünürəm ki, bu, müxalifətçilik hesab edilmir.
Xalqımız öz problemlərinin həll olunmasını müxalifət düşərgəsindən yox, dövlətdən
gözləyir.