PDF Oxu

Müxalifət

  • 23

“KAXCP” üzvləri Əhməd Orucovu döymək istəyirlər

“KAXCP” üzvləri Əhməd Orucovu döymək istəyirlər

Son zamanlar müxalifət düşərgəsində hər kəs bir-birinə qarşı dayanıb. Özünü "ana müxalifət" adlandıran partiyaların yaşamış olduğu ağır durum düşərgədəki xırda partiyalar üçün də dözülməz mühit yaradıb. Çünki müxalifətdəki "böyük"lər kiçikləri tamamilə sıxışdırıb məhv etməyə başlayıblar. Məhz bu səbəbdən də, bu gün müxalifət düşərgəsində əsl münaqişə baş verir. AXCP (i)-Müsavat birliyi adı altında başlanan sonuncu olay da müxalifətin çaxnaşması üçün heç də son proses kimi tarixə düşə bilmədi. Ardıcıl olaraq düşərgədə üz-üzə dayanmış tərəflərin bir-birini açıq şəkildə ittiham etməsi bundan öncə yaşanan olayları, demək olar ki, kölgədə qoymuş oldu.


Əhməd Orucov: ""İctimai Palata" müxalifət partiyalarının boğazına keçirilmiş ipdir"


Müxalifət düşərgəsində "böyük" başbilən partiyalar tərəfindən "cırtdan" partiya kimi qələmə verilən "Azadlıq" partiyasının sədri Əhməd Orucov hələ də, "İctimai Palata"nın ünvanına sərt ittihamlarını davam etdirir. Qurumun qrant məqsədilə yaradıldığını bəyan edən Ə.Orucov onun müxalifət partiyalarının boğazına keçirilmiş ip olduğunu iddia edir. Ə.Orucovun bu cür ittihamları və aşağılayıcı fikirləri müttəfiqi olduğu Azərbaycan Xalq Partiyasını qəzəbləndirib. Elə buna görə də, AXP-nin sədri Qiyas Sadıqov mətbuata açıqlamasında Ə.Orucovun "İctimai Palata" haqda düşünülmüş şəkildə iftiralar yağdırdığını bildirib. Qeyd edib ki, Ə.Orucovun özü də bu təşkilatın yaranmasında iştirak edib. Məhz bu səbəbdən də, əslində, Ə.Orucov o cür ittihamlarla özünü də hədəfə almış olur deyən Q.Sadıqov onun özünün qrant almaq arzusunda və cəhdində olduğunu iddia edib. "Əslində, Ə.Orucovun davası "İctimai Palata"nın koordinasiya şurasına üzv olmaq idi. Lakin ona tövsiyə edirəm ki, bu istəyinə nail olmağın düzgün yolunu seçsin. Koordinasiya şurasına üzvlük "İctimai Palata"nın üzvlərinin səsverməsi ilə mümkündür. Bu təşkilatı, onu yaradanları şantaj etməklə, boş hay-küylə istəyinə nail olmaq qeyri-mümkündür" deyə Q.Sadıqov əlavə edib.


Qiyas Sadıqov: "Əhməd Orucova tövsiyə edirəm ki, istəyinə nail üçün heç olmasa bundan

sonra düzgün yol seçsin"


"İctimai Palata"da fərdi şəkildə təmsil olunan "KAXCP" fəalı, Aydın Şükürov isə Ə.Orucovu ciddi siyasi fiqur saymır: "Onun kimi qeyri-ciddi şəxslərdən qeyri-ciddi fikirləri təbiidir. Ola bilsin ki, Ə.Orucovun fikrindən "İctimai Palata"nın alver məqsədilə yaradılması keçirmiş. Dilimizdə məsəl var: "karın könlündəki". Bu o deməkdir ki, kar könlündəkini anlayar və ona uyğun danışar. Oğru elə bilir hamı oğrudur. İnsanları aşağılamaq, şərləmək heç kimə hörmət gətirməz" deyən A.Şükürov Ə.Orucovun onun haqqında ümumiyyətlə heç nə deyə bilmək ixtiyarının olmadığını da diqqətə çatdırıb.

"Azadlıq" partiyasının sədri Ə.Orucov isə yenidən "İctimai Palata"nın və oradakı bir sıra siyasi qüvvələrin ünvanına ittihamlar yağdırıb. "İctimai Palata"nı qrant üçün yaradılan qurum adlandıran Ə.Orucov bu dəfə Müsavat partiyasının başqanı İ.Qəmbərovu və AMİP lideri Etibar Məmmədovu hədəfə alıb. "İsa Qəmbərovun fəaliyyətinin şübhəli olması və qrant layihəsi olan "İctimai Palata" haqda mənim sözlərimə cavab verə bilmədiklərindən "Azadlıq" partiyasını AMİP kimi partiyaların əli ilə təhqir etmək niyyətinə düşüblər. Hər bir halda AMİP funksioneri Əli Orucun mənim və "Azadlıq" partiyası ilə bağlı söylədiyi fikirlərini AMİP-in mövqeyi kimi dəyərləndirirəm" deyən Ə.Orucov AMİP-in nə qədər qeyri-ciddi təşkilat olmasının son illər baş verən siyasi proseslərin nəticəsindən də ortaya çıxdığını bildirib. Bütün baş verən bu qalamaqallar nəticəsində böyük münaqişənin olması qaçılmazdır. Əldə etdiyimiz son məlumatda isə Ə.Orucovun İ.Qəmbərovun və "İctimai Palata"nın əleyhinə ittihamlar yağdırması "KXCP"-də bir çox şəxsləri qəzəbləndirib. Vəziyyət o həddə çatıb ki, Ə.Orucovun "KXCP" qərargahına gələrkən döyülərək qovulmasını da həmin şəxslər öz aralarında müzakirə ediblər.

Maraqlısı isə odur ki, müxalifət düşərgəsində kimin-kiminlə sözü düz gəlmirsə, "razborka"sını "KAXCP" qərargahında davam etdirəcəyini söyləyir. Sanki, bu qurum indi müxalifət üçün bir "duel" meydanına çevrilir. Eyni zamanda, düşərgədə hazırkı məqamda bir sıra şəxslərin də, aralarındakı anlaşılmazlıqları həll etmək üçün vaxt təyin etdikləri bildirilir. Çox güman ki, onlar M.Fəttayevin razılığı ilə söhbətlərinə "KAXCP"-nin qərargahında aydınlıq gətirməyə çalışacaqlar.


Tapdıq Qurbanlı

Digər xəbərlər