PDF Oxu

Müxalifət

  • 19

“Taktikanın səhv olduğunu və bunun iflasa uğradığını düşünürəm”

“Taktikanın səhv olduğunu və bunun iflasa uğradığını düşünürəm”

Müxalifətin sonuncu icazəsiz aksiyasından sonra bəzi siyasətçilər "İctimai Palata"nın artıq iflasa uğradığını bildirdilər. ADP sədri Sərdar Cəlaloğlu "Səs"ə açıqlamasında son rüsvayçı aksiyadan sonra müxalifətin durumunda ciddi bir dəyişikliyin baş vermədiyini bildirib. Qeyd edib ki, mitinq keçirmək istəyən müxalifət "liderləri" heç bir şeyə nail olmadıqları üçün çıxış yolunu ancaq hay-küydə görürlər: "Mitinq taktikasını uğursuz hesab edirəm. Azərbaycanda indiki dövrdə nəyəsə nail olmaq üçün iqtidarla dialoqa hazır olmaq zəruridir. Bu baxımdan da mitinq taktikası səhv bir çıxış yoludur. Elə buna görə də, "iflasa uğrayır". S.Cəlaloğlu ADP-nin iqtidarın milli maraqlara uyğun addımlarını dəstəklədiyini və ümumiyyətlə, bunu hər kəsin dəstəklədiyinə əmin olduğunu da bildirib.

S.Cəlaloğlu həmkarlarının son dönəmlərdə atmış olduğu bir sıra addımlara aydınlıq gətirərkən, onu da əlavə edib ki, "İctimai Palata" ideyası ilə sonradan bu qurumun fəaliyyəti arasında çox böyük ziddiyyətlər ortaya çıxdı. "Yəni "İctimai Palata" ictimai qurumların açıq bir qurumu kimi düşünülmüşdü, amma sonradan görürsünüz ki, AXCP (i) və Müsavatın monopoliyası altında formalaşan və son günlərdə isə mitinq komitəsi funksiyasını oynayan bir təşkilata çevrildi" deyən ADP sədri bu amilin çox ziyanlı, həmin ideyanın həyata keçirilməsinin isə ziddiyyətlərə yol açdığını söyləyib: " "Kölgə parlamenti" ideyası kimi reallaşsaydı, təbii ki, iflasdan danışmaq olmazdı. Hesab edirəm ki, bu da "İctimai Palata"nın Koordinasiya Şurasına daxil olan insanların siyasi texnologiyalarda yol verdikləri nöqsanlarla bağlıdır. Ona görə də, AMİP-in ardınca başqa qüvvələrin də, ayrı-ayrı adamların da oradan çıxmasını proqnozlaşdırmaq olar. Düşünürəm ki, vəziyyəti düzəltmək üçün təcili olaraq mitinq taktikasını "İctimai Palata"dan uzaqlaşdırmaq lazımdır".

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər