"Sərdar bəyin partiyamız barədə səsləndirdiyi iddialar və dediyi sözlər çox qeryi-ciddidir. Belə əsassız iddiaları şərh etmək istəməzdim, amma bəzi məqamlara aydınlıq gətirmək istəyirəm".
Bunu Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadə Milli.Az xəbər portalının əməkdaşı ilə söhbətində dedi. Onun fikrincə, çox yəqin ki, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Vətəndaş Hərəkatı Forumunun təşəbbüsü ilə 6 partiyanın toplantısı barədə AMİP-in bəyanatını oxumayıb, oxuyubsa da tam anlamayıb.
Xatırladaq ki, ADP sədri S.Cəlaloğlu "Olaylar"a verdiyi müsahibəsində bildirmişdi: "O ki qaldı Azərbaycan Milli İstiqlal Partiyasının səviyyəsinə, bu partiyanın səviyyəsi nədir, onu Azərbaycanda hamı bilir. Əgər onlar hesab edirlər ki, AMİP-in səviyyəsi Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasının səviyyəsi ilə eynidir, lap yaxşı. Biz şəxsən özümüzü həmin səviyyədə hesab etmirik. Onlar özlərini hansı səviyyədə hesab edirlərsə, yolları açıqdır. Heç kim onlara əməkdaşlıq təklif etməyib. Şəxsən bizim tərəfimizdən AMİP ora dəvət edilməyib".