PDF Oxu

Müxalifət

  • 15

Xaliq Bahadır AXCP (i)-də və “İctimai Palata”da narazı qrup yaradıb

Xaliq Bahadır AXCP (i)-də və “İctimai Palata”da narazı qrup yaradıb

Artıq bildiyimiz kimi, AXCP (i)-nin "İctimai Palata"da və partiya daxilindəki nüfuzu get-gedə itməkdədir. Belə ki, partiyanın toplantılarında istər sədr Əli Kərimova, istərsə də onun müavini Fuad Qəhrəmanlıya qarşı ciddi etirazlar səsləndirilir.

Eyni zamanda, iddia olunur ki, AXCP (i) rəhbərliyi partiyaya qarşı xəyanətkar mövqe tutublar və bu vasitə ilə yalnız öz şəxsi mənafelərinə yönlənmiş maddi durumlarını artırmaqla məşğuldurlar. Bu barədə dəfələrlə çıxış etdiyini deyən "Yurd" funksioneri, radikal müxalifət düşərgəsinin "Jirinovskisi" Xaliq Bahadır ciddi və adekvat addımlar atacağını, partiyada inqilab qaldıracağını aşkar şəkildə nümayiş etdirir. Artıq onun ətrafında onlarla "cəbhəçi" toplaşıb və yaxın günlərdə ciddi hadisələrin baş verəcəyi gözlənilir.


Əks-təbliğat kampaniyası qruplaşmaya nə vəd edir ?


Xatırladaq ki, bu tipli olayların baş verməsi AXCP (i)-nin Müsavatla birləşmə məsələsi qalxdıqdan sonra böyümüşdü, hazırda isə ziddiyyətli hadisələr inkişaf edərək partlama pikinə, həddindən çıxma nöqtəsinə qədər gəlib çatıb. X.Bahadırın həm partiyadakı, həm də "İctimai Palata"dakı tərəfdarları belə qənaətə gəliblər ki, ümumiyyətlə, İsa Qəmbərovun və Əli Kərimovun təmsil olunduqları qurumlarda və birliklərdə bir daha təmsil olunmasınlar. Bunun üçün, hətta toparlanıb, əks-təbliğat kampaniyası aparmaq istiqamətində digər müxalifət partiyaları ilə və müxalifyönlü şəxslərlə danışıqlar masasına oturmaq qənaətinə gəlinib. Eyni zamanda, həm müstəqil mətbuatda, həm də partiyalara məxsus olan mətbu orqanlarda anti-Kərimov və anti-Qəmbərov kampaniyalarına start verilib. O da məlum olub ki, keçən günlərdə təsis olunduğu bildirilən "Altılar"ın "zirvə" toplantısına müraciət qəbul edilsin və başda X.Bahadır olmaqla, həm AXCP (i)-dən istefa verməyə hazırlaşanlar, həm də "İctimai Palata"dan çıxdaş olanlar bu quruma üzv yazılsınlar. Sonradan "İctimai Palata"ya, həm də AXCP (i) və Müsavata qarşı öz mübarizələrini gücləndirsinlər.


Qruplaşma daxilində qruplaşma?


Digər tərəfdən, X.Bahadırın qruplaşması arasında da narazılıqlar mövcuddur. Həmin mövcudluğun bariz nümunəsi kimi, ADP sədri Sərdar Cəlaloğlunun "Kölgə kabineti" ideyasını qeyd etmək mümkündür. Məsələ ondadır ki, qruplaşma üzvlərindən bir neçəsi "Altılar"a deyil, "Kölgə kabineti"nə tərəf meyilləndiklərini gizlətmirlər. Lakin bu müstəvidə, hələ ki, qəti addım atmayıblar. Görünür, vəziyyətin hansı istiqamətdə inkişaf etdiyini gözləyirlər və bu gözləntinin sonunda mümkün qərar qəbul olunacaqdır. X.Bahadır isə əlinə düşmüş fürsəti heç bir şəkildə əlindən buraxmaq niyyətində deyil. Yəni ətrafında qruplaşma formalaşdırması, bu qruplaşmanın "lideri" olması, müxalifətdaxili çəkişmələrdə adının tez-tez hallanaraq, reklam olunması ona kifayət qədər sərf edən amillərdəndir. Bu amildən yetərincə istifadə edən radikal müxalifətin "Jirinovskisi" X.Bahadırın bundan sonra düşərgədaxili düşmənlərinə qarşı mümkün qədər daha çox "basqı yapacağını" desək, yanılmarıq.


RÖVŞƏN

Digər xəbərlər