Bir neçə gündür ki, radikal müxalifət düşərgəsində, sözün əsl mənasında, açıq münaqişə gedir. Bir tərəfdən birlikdən, əməkdaşlıqdan dəm vuran qüvvələr digər bir yandan parçalanmaya sürükləyən mövqe sərgiləyirlər. Bu da, təbii ki, düşərgədə uzun illər davam edən ənənəvi bir tendensiyanın qalığı kimi qiymətləndirilməlidir ki, radikallar hələ də bu bəladan xilas ola bilməyiblər. Gündə bir mövqe sərgiləmək, istiqamət dəyişdirmək müxalifət düşərgəsində təmsil olunan hər kəs üçün sanki yaşam tərzidir. Sadəcə olaraq, məntiq və reallıqdan çıxış edərkən hər şeyin ortada olduğunu da görmək mümkündür.
Çünki düşərgədə kimsə öz maraqlarından kənarda bir iş görmək istəmir. Elə buna görə də, radikal müxalifət düşərgəsində, sözün əsl mənasında, anormallıq bütün çalarları üzrə davam etməkdədir. Amma diqqət çəkən cəhət odur ki, düşərgədə hər kəs birlikdən, əməkdaşlıqdan dəm vurur. Elə bu fikrin arxasınca isə prosesin bu istiqamətdə getməsini əngəlləyən bütün variantlardan istifadə edir. Məhz bu səbəbdən də, son 1 ayda düşərgədə birlikdən danışanlara qarşı sanki bir "səlib" yürüşü həyata keçirilir. Kim birləşməkdən, əməkdaşlıqdan bəhs edərək təkliflə çıxış edirsə, düşərgədə ona düşmən gözü ilə baxırlar. Azərbaycan Demokrat Partiyasının sabiq üzvü Qurban Məmmədov da, bu qovğanın qurbanı olub. Onun bir neçə gün öncə radikal müxalifət düşərgəsində hər kəsdən öncə öz doğma qardaşı ADP sədri Sərdar Cəlaloğluna birləşməklə bağlı göndərdiyi təklif bumeranq kimi üzünə qayıtmalı olub. Q.Məmmədovun əməkdaşlıq barəsindəki təklifinə S.Cəlaloğlu birmənalı münasibət bildirirək, onu daha yaxşı işlərlə məşğul olmağa çağırmışdı. Öz növbəsində, Q.Məmmədov da, qardaşı tərəfindən bu cür qarşılanan təklifinin təəssüfünü yaşaya-yaşaya başqa bir təklif üçün də vaxtın yetişdiyi qərarına gəlib.
Q.Məmmədov bildirib ki, müxalifət bu gün birlikdə mübarizə aparmalıdır: "Bu mübarizə istər "səkkizlik", istərsə də bütün müxalif qüvvələrin vahid şəkildə birləşməsi şəklində aparıla bilər. Burada əsas məsuliyyət aparıcı müxalifət partiyalarının üzərinə düşür. Mən Əli Kərimovdan və İsa Qəmbərovdan xahiş yox, tələb edirəm: birləşin!" deyə o, vurğulayıb.
Adıçəkilən tədbirdə Q.Məmmədovun bu cür yanaşması və səs tonunun uca qalxması digər tərəflərin narazılığına səbəb olub. Onlar hətta yerlərindən qışqıraraq, "zalı tərk elə" kimi fikirlər də səsləndiriblər. Bütün bu fikir və rəylərin ancaq onun ünvanına səsləndiyi qənaətinə gələn S.Cəlaloğlu burada da, öz çılğınlığını gizlətməyərək, qardaşı da olsa, Q.Məmmədova cavab verməməyi özünə rəva bilməyib. Beləliklə də, AXC-nin adıçəkilən yubileyində ikinci münaqişə dalğası yaranıb ki, bu da Ə.Kərimovun və İ.Qəmbərovun əsəblərinin pozulmasına gətirib çıxarıb. Düşərgədəki mənbəmiz bu cür söz-söhbətlər müstəvisində keçən tədbirin mahiyyət etibarı ilə biabırçı bir səviyyədə baş tutduğunu da qeyd edib.
Tapdıq Qurbanlı