Radikal düşərgədə bu günə qədər yaradılan, lakin sonradan öz fəaliyyətsizliyi səbəbindən buraxılan "üçlər", "dördlər", beşlər", "altılar" və bu kimi "neçə"lər tipli "siyasi birlik" qurumlarının dağılması arxasında yalnız bir amilin-aşkar nifrətin dayanması fakt olaraq özünü sübuta yetirmişdir. Belə sübutlardan biri də bu yaxınlarda təsis edildiyi bəyan olunan "Altılar" "zirvəsi"dir ki, bu "birlik" də də heç bir müsbət nəticə hasil olunmadı. Eyni zamanda, bir daha aşkar edildi ki, düşərgədə formalaşan istənilən "birlik" qısaömürlü qurum kimi yalnız özünüreklam funksiyasından ibarət olur.
Buna misal kimi qondarma "İctimai Palata"nı, "Kölgə Kabineti"ni göstərmək mümkündür. Həmçinin, yenicə təsis olunduğu bildirilən "Altılar" da da məsələ məhz bu səpgidə cərəyan etməkdədir. Belə ki, Müsavat və AXCP (i) -nin günahı üzündən adıçəkilən "Zirvə" toplantısının baş tutmaması arxasında orada təmsil edilən "VİP" və ALP-nin dayanması da müəyyən rol oynamaqdadır. Daha dəqiq desək, son zamanlar Əli Əliyevin Əvəz Temirxanla birlik imitasiyası sərgiləmələri İsa Qəmbərov və Əli Kərimov kimi "divləri"in xoşlarına gəlməyib. Bununla yanaşı, onsuz da Sərdar Cəlaloğlunun "Kölgə Kabinet"i ilə başları bəla tapan İ.Qəmbərovla Ə.Kərimovun "Altılar"la da dərdə düşmələri vəziyyəti daha gərgin həddə gətirib çıxarıb.
Məsələnin başqa tərəfi isə ondan ibarətdir ki, "neçələr" olmasından asılı olmayaraq, orada təmsil olunan digər partiyalar da özləri üçün "böyük tikə" qoparmağı planlaşdırlar. AXCP (i) və Müsavatın həmin "zirvədən" imtina etməkləri isə ortabab və "cırtdan" siyasi təşkilatlara kifayət qədər qaneedici təsir bağışlayır. Yəni heç olmasa orada özlərinə birtəhər gün ağlayacaqlarını düşünürlər. Ancaq gəlin görək, bu, belədirmi?
Əlbəttə ki, belə deyil. Heç bir vəziyyətdə "Altılar"ı qəbul etməyən "İctimai Palata" və "Kölgə Kabinet" səlahiyyətliləri bütün güclərini ortaya qoyaraq, müəyyən mənada bir-birilərinə müvəqqəti dəstək verəcəklər. Lakin sonradan, sözün əsl mənasında, bir-birilərinə qarşı savaş meydanı açacaqlar. Bununla da məsələyə son qoyulacaq. "İctimai Palata" getdikcə daha passiv təsir bağışlayacaq, "Kölgə Kabineti"nin fəaliyyəti nəticəsiz qalacaq və "Altılar"ın "Zirvə"si "fəth" olunmamış qalacaq. Bu, artıq radikal müxalifət düşərgəsində mütəmadi şəkildə baş verən aksiomadır- fəth edilməsi mümkün olmayan "zirvələr" aksioması.
RÖVŞƏN