PDF Oxu

Müxalifət

  • 29

AXCP (i)-nin toplantısında nə baş verib?

AXCP (i)-nin toplantısında nə baş verib?

İyulun 16-da ADP-nin qərargahında AXCP (i)-nin toplantısı keçirildi. Bu tədbir qurultaydan daha çox "söz güləşməsinə", yaxud da qalmaqallar dağarcığına bənzəyib. Məsələ ondadır ki, ardıcıllıqla çıxışlar edən hər bir müxalifət funksionerləri, partiya sədrləri, demək olar ki, sözlərini, iddialı ifadələrini, qəbul etməməklə yanaşı, bir-birlərinə qarşı dolayısı ilə təhqiretmə metodundan istifadə ediblər. Məsələn, ilk olaraq söz alan AXCP (i) sədri Əli Kərimov çıxışının ilk anlarından zaldan fitə basılıb. Sonradan məlum olub ki, "Yurd" şefini fitə basanlar keçən ay öz qurultaylarını keçirmiş "klassiklər"dir. Xatırladaq ki, onlar bu vasitə ilə Ə.Kərimovun "KAXCP"-nin qurultayında təxribat törətmək üçün atdığı addımların cavabını vermiş olublar. Eyni zamanda, bu, həm də digər müxalifyönümlü siyasi partiyalara bir çağırış siqnalı oldu. Əgər nəzərə alsaq ki, Ə.Kərimovun radikal müxalifət düşərgəsində, eləcə də, cəmiyyətdə simpatik deyil, antipatik reallığı mövcuddur, onda nəyin-nə olduğu, kimin-kim olduğu aşkar şəkildə bəlli olur. Eləcə də, bu antipatiya reallıqları bütün radikal müxalifət "liderləri"nin bariz göstəricisidir. Verilən siqnalın cavabı isə özünü çox da gözlətməyib.

AXCP (i) sədri birtəhər öz çıxışını baş vurduqdan sonra, toplantıya "ev sahibliyi" edən ADP sədri Sərdar Cəlaloğlu tribunaya qalxıb və onun danışığı "xalq cəbhəsinə" deyil, bilavasitə, ADP-yə həsr edilib. Rəhbərlik etdiyi siyasi qurumun reklamını etdikdən sonra, qurumun təsisolunma ilində və yaranma məkanında düzəlişlər edən S.Cəlaloğlu anidən hər yerdə özünü "harda aş, orda baş" göstərən Pənah Hüseynovun söz hücumuna məruz qalıb. Yəni sözü ağzında yarımçıq qalan ADP sədri gah "müsavatçı", gah "cəbhəçi", gah da "klassik cəbhəçi" olan P.Hüseynova irad tutub və deyib ki, hazırda o, ADP-nin qərargahında qonaqdır və elə etməsin ki, oranı üzüqara şəkildə tərk etsin. Ancaq P.Hüseynov susmayaraq, daha da aqressivləşmiş və əlində olan "papkasını" sağa sola hərləyərək, özünə tərəfdar axtarmağa başlayıb və deyib ki, S.Cəlaloğlu hər dəfə araqarışdırıcı fəaliyyəti ilə seçilib. Bu əsnada AXCP (i) sədri Ə.Kərimov P.Hüseynova "qahmar" çıxıb və nəticədə toplantının birinci hissəsi vaxtından tez olaraq, fasiləyə çıxmağa məcbur olub.

Toplantının ikinci hissəsində yenidən tərəflərə sakit olmağı tövsiyə edən S.Cəlaloğlu onun sözlərini bəyənməyənlərə zalı tərk etməyi məsləhət bilib. Ə.Kərimov və P.Hüseynov getmək istəsə də, sonda Müsavat başqanı İsa Qəmbərov birtəhər müvəqqəti "barışığa" nail olub.

Beləliklə, söz demək vaxtı gəlib çatıb Müsavat başqanına. İ.Qəmbərov çıxışının sonunda radikal müxalifətdə "birlik" variantlarında danışsa da, onun çıxışı istehzalar ilə müşahidə edilib. Daha dəqiq desək, müxalifətdə dağıdıcılıq prinsipləri ilə tanınan Müsavat başqanının sözləri heç kim tərəfindən ciddi qarşılanmayıb. Toplantının sönük keçməsi isə yavaş-yavaş oradakı iştirakçıların zalı tərk etmələri ilə yekunlaşıb. Hətta bəzilərinin minnətçi düşmələri də nəticəsiz qalıb.

Bu gün AXCP (i)-nin "möhtəşəm toplantı" barədə deyilənlərin nə qədər "həqiqətəuyğun" olması gözlər önündə cərəyan edir. Qarşıda isə bu toplantının daha hansı oyunlar törədəcəyini indidən proqnozlaşdırmaq mümkündür.

RÖVŞƏN

Digər xəbərlər