Radikal düşərgədə gedən proseslər artıq elə bir həddə çatıb ki, oradakı vəziyyətdən nəinki siyasətlə maraqlanan sadə vətəndaşlar, eləcə də, özlərini "siyasət adamı" hesab edən müxalifətçilər də baş açmaq iqtidarında deyillər. Partiyalararası nifaqlar, funksionerlərin söz duelləri, boğazdan yuxarı deyilən sözlər, boşboğaz vədlər, necə deyərlər, "ayaq tutub yeriməkdədir." Lakin nəticəsizlik baş verdiyi zaman, nədənsə təqsirkarlar üzə çıxmırlar. Belə ki, sözügedən bu kimi olaylardan növbətisi bu ərəfələrdə "aralarından su keçməyən" "VİP" sədri Əli Əliyevlə, ALP sədri Əvəz Temirxan arasında baş qaldırıb.
Bildiyimiz kimi, Ə.Əliyev müxtəlif vasitələrlə Ə.Temirxanı öz cinahına cəlb eləmək imkanı əldə edən kimi, bu fürsətdən yetərincə istifadə edə bildi. İstər maddi tərəfdən, istərsə də, mənəvi cəhətdən ona daim dəstək olacağına söz verən "VİP" sədri, eyni zamanda, ALP-yə qarşı antipatik hisslər bəsləyən AXCP (i) sədri Əli Kərimovla gizli danışıqlara gedirdi. Bunun isə arxasında müəyyən mənafelər və qrantlar dayanmışdı. O cümlədən, qatılacağı beynəlxalq tədbirlərdə mütləq Ə.Temirxanla yanaşı oturacağını da "söz verən" Ə.Əliyev bildirib ki, əldə edilən gəlirlər "ata malı" kimi, iki partiya arasında bölünəcək. Təbii ki, "VİP" sədrinin maraqları səmimiyyət üzərində qurulmayıb və bu səmimiyyətsizlik, bilavasitə, müxalifətdə elektorat qazanmaq məqsədini daşıyır. Yəni o, hər vəchlə ALP-də cəmləşən azsaylı elektoratı özününküləşdirmək missiyasını reallaşdırmağa səy göstərir.
Lakin bundan şübhələnən ALP-nin "lideri" Lalə Hacıyeva bir neçə gün öncə Ə.Temirxanla individual söhbət apararaq, onun yanlış yolda olduğunu dilə gətirib. Müxalifətin "dəmir ledisi" bildirib ki, Ə.Əliyev nəinki Ə.Temirxanın özünü, hətta bütövlükdə partiyanı məhvə düçar edə bilər. Buna misal olaraq, Ə.Əliyevin vaxtilə AMİP-də necə parçalanmalar törətdiyini xatırladan L.Hacıyeva Temirxana ondan uzaqlaşmağı məsləhət görüb. Eləcə də, bildirib ki, əgər bunu etməsə, məcbur olub öz tədbirini görərək, "VİP" sədrinə "qapının çölünü" göstərəcək.
Digər tərəfdən isə, məlumdur ki, ALP sədri Ə.Temirxan söz saxlaya bilməmək kimi "xəstəlikdən" əziyyət çəkən adamdır. Və məhz bu səbəbdən də o, isti-isti Ə.Əliyevin yanına qaçaraq, L.Hacıyeva ilə nə danışdıqlarını ovucuna qoyub. Beləcə, ara qarışıb, məzhəb itib. Çünki bundan qeyzə gələn "VİP" sədri artıq özünə yaxın olan informasiya şəbəkələrinə müxalifətin "dəmir ledisi" barədə müxtəlif ifadələr danışıb. Məsələn, deyib ki, L.Hacıyevaya "dəmir ledi" deməyin özü siyasi savadsızlıqdır. Ona görə də o, ALP "liderini" müxalifətin taxta ledisi timsalında görür və hər yerdə də bu ifadəni səsləndirəcək. "VİP" sədrinin belə açıqlamasından sonra, dar ayaqda qalan Ə.Temirxan uzun müddətdir ki, müxalifət kuluarlarında gözə dəyməməklə yanaşı, L.Hacıyevanın gözünə görünməkdən çəkinir. Çünki vaxtilə Ə.Kərimovu "malçişka" adlandıran Hacıyevanın onu daha pis ifadə ilə çağıracağından əməlli-başlı ehtiyat edir. Həmin yeni ifadənin nə olacağını isə indidən proqnozlaşdırmaq mümkündür.
RÖVŞƏN