PDF Oxu

Müxalifət

  • 24

“Vətəndaş Hərəkatı Forumu” kimin “eqidası” altındadır?

“Vətəndaş Hərəkatı Forumu” kimin “eqidası” altındadır?

Bildiyimiz kimi, müxalifət düşərgəsində hələ ötən əsrin 90-cı illərindən belə bir fikir və təxəyyül formalaşıb ki, müxalifət düşərgəsində təmsil olunan partiyalar nə qədər birləşməyə can atsa da, həmin birləşmələr əks-effekt verərək, parçalanmalarla yekunlaşıb. Eləcə də, bu, bir ənənə şəkli alıb. Yəni parçalanmalar nəticə etibarı ilə "lider" olmaq arzusundan irəli gəlib ki, bu da, əslində, sözügedən düşərgədə heç bir yeniliyi təzahür etdirmir. Daha dəqiq desək, düşərgədə mübarizə aparanlar məhz köhnə təfəkkürlü simalardır.

Bir zamanlar müxalifətin böyük birləşməsi məqsədi ilə təsis edilən "İctimai Palata"ya qoşulmayan partiyalar bir neçə gün öncə yeni birlikdə - "Vətəndaş Hərəkatı Forumu"nda birləşdiklərini elan etsələr də, orada da vəziyyət elə ilk günlərdən mürəkkəbləşib. İddia edilir ki, sözdə "ölkənin aparıcı müxalifət partiyaları" olan Müsavat və AXCP (i)-nin "zirvə" toplantısına qatılmaması yeni "birləşmənin" "keyfiyyətinə" mənfi təsir göstərdi və bu "keyfiyyəti" olduqca aşağı saldı.

Başqa tərəfdən, AXCP (i) və Müsavat funksionerləri yenidən müxalifət partiyalarının "birləşmək" niyyətini dilə gətirdilər. Ancaq onlara cavab olaraq, bu gün "VİP" sədri Əli Əliyev "Vətəmdaş Hərəkatı Forumu" adından bəyanat verərək bildirmişdi: "Müxalifət partiyaları AXCP (i) və Müsavat olmadan da birləşəcəklər".

Bu tipli açıqlamaların ardınca, "İctimai Palata"dan da "cavab atəşi" açıldı. "Palata" adından verilən açıqlamada deyilib ki, kim harada birləşmək istəyirsə, gedib birləşə bilər. Azərbaycan müxalifətinin "əsas təmsilçiləri" olan Müsavat və AXCP (i) heç bir zaman nə Mirmahmud Fəttayevin, nə Əli Əliyevin nə İqbal Ağazadənin, nə Sərdar Cəlaloğlunun, nə Qurban Qurbanovun, nə Əvəz Temirxanın, nə də ki, digərlərinin qanadları altında birləşməyəcək: "Orda yığılan partiyaların hamısı müəyyən "patronluq" altında fəaliyyət göstərirlər. Məqsədləri isə aydındır. AXCP (i) və Müsavatı bu birliyə alaraq "İctimai Palata"nı ortadan qaldırmaq. Onsuz da bizim gücümüz kifayət qədər yetərsizdir. İndiki vəziyyətdə "İctimai Palata"nı dağıtmaq müxalifətin olub-qalanının sonu deməkdir. Əgər onlar bu qədər səmimi idilərsə, onda gəlib "İctimai Palata"da birləşəydilər. Dəfələrlə bu barədə müzakirələr olsa da, yuxarıda adları çəkilənlərin heç biri buna məhəl qoymadılar".

Əslində, nə "Vətəndaş Hərəkatı Forumu"nun, nə də "İctimai Palata"nın kimin "eqidası" altında birləşməsi hələ də qeyri-müəyyən olaraq qalmaqdadır. Bunu həm partiya sədrlərinin, həm də funksionerlərin mətbuata verdikləri açıqlamalarından, bəyanatlarından da bəlli etmək mümkündür. Qalır, sadəcə, bu cür söz atışmalarının daha aqressiv müstəviyə keçməsinə ki, bu müddətin yetişdiyi artıq məlumdur.


RÖVŞƏN

Digər xəbərlər