Müsavat partiyasının oktyabr ayına planlaşdırdığı qurultayı yaxınlaşdıqca, təşkilat daxilində əmələ gələn söz-söhbətlər bilavasitə başqan İsa Qəmbərova doğru yönəlməkdədir. Məsələ ondadır ki, partiyadaxili "instansiyalarda" formalaşmış daxili qruplaşmalar öz aralarında başqanlıq postu uğrunda mübarizə aparmaqla yanaşı, bilavasitə, İ.Qəmbərova da qarşı hücum planları cızırlar. Bu isə, təbii ki, bütün hallarda partiyanın qurultaya qədər hansı durumda olacağını indidən müəyyənləşdirir. İ.Qəmbərov isə artıq öz tədarükünü görməkdədir. O, bütün mümkün variantlardan istifadə edərək, özünü sığortalamaq üçün tədbirlər tökməkdədir. Lakin Müsavat başqanını qorxudan təkcə bu deyil.
Xatırladaq ki, hələ parlament seçkilərindən öncə, partiya daxilindəki bitib-tükənməyən söz-söhbətlərdə ciddi rezonans doğura biləcək hadisələr baş vermişdi. Sonrakı bu kimi hadisələrdən sonra isə, bir çox sıravi, funksioner və postlar tutmuş müsavatçılar ardıcıl istefalara gedərək, partiyanın durumunu daha da pis vəziyyətə qoydular. İstefa verənlərin başında Sülhəddin Əkbər və İbrahim İbrahimli kimi az-çox nüfuzları olan funksionerlərin adlarının hallanması başqanı çıxılmaz vəziyyətə mübtəla etdi. Daha öncələr istefaya getmiş müsavatçılar isə sonradan hər iki "qocaman" funksionerin ətrafında toplaşmağa başladı. Və sual yarandı: Müsavat parçalandımı?
Əslində, həmin sual və situasiyalar belə arqumentin var olduğunu təsdiq edirdi. Sadəcə, sonradan bunu inkar edən S.Əkbər bildirdi ki, onun məqsədi Müsavatı parçalamaq deyil, partiyadakı avtoritar rejimə qarşı çıxmasıdır. Amma bu adam nə qədər desə də, parçalanma olayının pərdə arxasına keçirə bilmədi. Hətta yaradılacaq siyasi qurumun müxtəlif adları da ictimailəşdi - "Demokratik Müsavat", "Milli Müsavat" və s. "Müsavat."
Sonradan isə müəyyən gözləmə mövqeyini tutan S.Əkbər və onun yeni komandası başqa siyasi qurum yaratdı - "Avropaya İnteqrasiya Təşkilatı." Bu da, təbii ki, gözdən pərdə asmaq idi. Çünki müəyyən proqnozlara əsaslanaraq, demək mümkündür ki, istər S.Əkbər, istərsə də İ.İbrahimli Müsavat partiyasının bu ilin oktyabrında keçiriləcək qurultayını səbirsizliklə gözləyirlər. Çünki bu ərəfələrdə onların ikinci Müsavatı yaratmaları qəti olaraq planlaşdırılıb. O da bəllidir ki, S.Əkbər bu partiyanın sədri, İ.İbrahimli isə müavini olacaq. Bunun üçün onların həm maddi, həm də sosial bazalarını möhkəmləndirmək lazımdır ki, bunun üçün də müxtəlif xarici donor təşkilatlara artıq müraciətlər qəbul edilib. Qalır bircə oktyabr ayını gözləməyə.
RÖVŞƏN