Müsavat partiyasında davamlı hal alan daxili ziddiyyətlər strukturlarında da yeni qarşıdurmalara səbəb olmaqdadır. Partiyanın başqanı İsa Qəmbərovun yaxın zamanlarda struktur dəyişikliyi edəcəyini anlayan bir sıra funksionerlər öz yerlərini möhkəmləndirmələri istiqamətində müxtəlif səpgilərdə planlar hazırlamaqdadırlar.
Arif Hacıyevin yoxluğundan istifadə edənlər
Belə ki, başqan müavini Arif Hacıyevin həbs müddətinin uzadılması sözügedən prosesə daha güclü təkan verməklə yanaşı, onun bundan sonra Müsavat partiyasında qalması məsələsi də müəyyən suallar doğurur. Məsələ ondadır ki, İ.Qəmbərovun digər müavini Gülağa Aslanlı A.Hacıyev barədə deyib ki, əgər A.Hacıyev 2 aprel mitinq olayında həbs olunmasına şərait yaratmasaydı, bunu istəməsəydi, AXCP (i) sədri Əli Kərimovun toruna düşməzdi. Buradan da məlum olur ki, A.Hacıyevin həbs olunmasında "Yurd" şefinin həyata keçirdiyi təxribatın kifayət qədər rolu var. Yəni başqan müavininin həbsi bir növ, Ə.Kərimovun qarşı tərəfin "rıçaqlarını" ələ keçirməsi ilə nəticələndi. Daha dəqiq desək, İ.Qəmbərovun "sağ əli" işləmirsə, həmin tərəfdən partiyasını vurmaq AXCP (i) sədrinə daha asan və sərfəlidir.
Pənah Hüseynov müsavatçıdırmı?
Başqa tərəfdən isə, hazırda Pənah Hüseynov faktoru adıçəkilən Müsavat daxilində əngəlyaradıcı vəziyyətlə müşahidə olunmaqdadır. Çünki P.Hüseynovun AXP-nin üzvü olmaqla yanaşı, Müsavat funksioneri kimi fəaliyyət göstərməsi nəinki rəhbərlik strukturlarında təmsil olunanların, eləcə də, sıravi müsavatçıların da narazılıqlarına səbəb olmaqdadır. Onların bir hissəsi isə, ümumiyyətlə, P.Hüseynova qarşı antipatik hisslər bəsləyirlər. Belə ki, "Yeni Müsavat" qəzetinin baş yazarı Rauf Arifoğlunun P.Hüseynovun qəzetdə etdiyi çıxışlara embarqo qoymasını, bunun ardınca isə, partiyada gedən davamlı istefaların səbəbkarı kimi P.Hüseynovu görməsini deyilənlərə sübut kimi göstərmək mümkündür.
Rəfiqə