Yayın bu qızmar istisi radikal müxalifət düşərgəsinə çox pis təsir göstərib. Çünki istilər düşəndən bəri radikal düşərgədə anormal halların sayı artıb. Düşünülürdü ki, müxalifət bu yayı, həmişə olduğu kimi, süst bir şəraitdə keçirəcək. Hətta müxalifətçilərin özləri belə etiraf edirdilər ki, bu yay düşərgədə istefaların və qopmaların sayı ötən illərə nisbətən daha da artacaq. Deyir "başına gələn başmaqçı olar". Elə fikirləşdikləri kimi də oldu. Düşərgədən qopmaları və istefaları hər kəs müşahidə edə bildi. Müxalifət düşərgəsində özünü "ana müxalifət" kimi təqdim edən qüvvələrin sırasından açıq şəkildə istefa verənlər addımlarının səbəbinə də aydınlıq gətirdilər. Bunun ardınca müxtəlif proqnozlar səsləndi ki, düşərgə bu yayı elə bu cür qarşıdurmalarla da başa vuracaq. Yayın qızmar günəşinin şüaları müxalifət yetkililərinin soyuq başını qızdırdıqca, onlar daha çılğın olmağa, proseslərə və rəqiblərinə qarşı aqressivlik nümayiş etdirməyə başladılar. Düşərgədə bir-birinin ardınca səslənən hiddət yaradacaq fikirlər, təşkil olunan qondarma tədbirlər bu baxımdan bir vasitə oldu. Yayın bu istisində başları alovlanan müxalifət yetkililəri, sözün əsil mənasında, bir-birinə qarşı daha sərt və aqressiv münasibət sərgiləməyə başlayıblar. Bu mənada, köhnə ədavətlərə yeni baxış prinsipləri artıq özünü göstərməkdədir. Azərbaycan Milli İstiqlal Partiyasının Müsavat partiyasına qarşı qaldırmış olduğu iddialar məhz sadalanan fikirlərin davamı kimi dəyərləndirilə bilər. AMİP-in baş katibi Arzuxan Əlizadənin, sanki işi-gücü qurtarıbmış kimi, AXCP (i) Müsavat birləşməsinə rəy verməsi yeni qalmaqala səbəb olub. Bu təklif hələ müzakirə edilən zaman A.Əlizadə AMİP həmin partiyaların bir təşkilatda birləşməsi ideyasını absurd saymışdı: "Hələ o zaman münasibət bildirəndə, biz deyirdik ki, zahiri görüntü bu partiyaların elektoratlarının eyni olması təsəvvürü yaratsa da, belə deyil. Elektoratlar arasında kifayət qədər fərqlər var. Üstəlik, həmin partiyaların hər birinin "lider"inin xarizması və ambisiyaları var ki, bu da birləşməyə mane olan amillər arasındadır. AXCP (i) və Müsavatın birləşməsində daha çox İsa Qəmbərov maraqlı deyil".
AMİP-in baş katibi AXCP (i) ilə Müsavat partiyalarının birləşməsi ilə bağlı məsələnin, sadəcə, son parlament seçkilərindən sonra bir piar olduğunu da bildirib: "Bütün bunlar onu göstərir ki, düşərgədə Pənah Hüseynovun Qüdrət Həsənquliyevlə açıq mübarizəsindən sonra digərləri də belə bir həvəsə düşüblər. Burada da əsas məqsəd gündəmdə qalmaq və özlərinin hələ də mövcud olduqlarını nümayiş etdirməyə yönəldilmiş cəhdlərdən ibarətdir".
RƏFİQƏ