Adətən, yay aylarında, əksər sahələrdə olduğu kimi, siyasi səhnədə də müəyyən durğunluq olur. Bu, fəslin xüsusiyyəti və hava şəraiti ilə bağlıdır və bütün dünyada analoji vəziyyətdir. Lakin hər bir halda, siyasi-ictimai təşkilatlar fəaliyyətini tam dondurmur və müəyyən hərəkətlilik olur. Xüsusilə Azərbaycan kimi ölkələrdə yay fəslində də müxalifətin varlığı ilə yoxluğu arasındakı fərqi görmək mümkün olmur. Çünki fəslin isti vaxtında başlarına gün dəyməsindən və olan-qalan ağıllarının itirilməsindən ehtiyat edən müxalifət yetkililəri məhz müxtəlif bəhanələrlə ortalıqdan yoxa çıxırlar.
Günün işıqlı vaxtı çıraqla belə axtarılsa, tapılması mümkün olmayan müxalifət sözçülərini yayın bu istisində tapmaq, sözün əsil mənasında müşkülə çevrilib. Ona görə də, hazırda paytaxtda müəyyən səbəblərə görə qalaraq öz maraqlarını güdən müxalifət sözçüləri indiki halda yoxa çıxanların arxasınca əməlli-başlı söz yağışı yağdırırlar. Onların iddiasına görə, müxalifət düşərgəsində elə real qüvvələr də, özləridir. Amma hər halda "ana müxalifət" kimi özünü cəmiyyətə sırımağa çalışan müxalifət sözçülərindən fərqli olaraq onlar ancaq müəyyən çevrə daxilində manevrlər etməyi bacarırlar.
Müxalifət düşərgəsində indi bir nəfər də olsun "başı papaqlı" qalmayıb
Hər dəfə olduğu kimi, bu dəfə də, havaların isti keçməsi bəhanə edərək aradan çıxmış müxalifət yetkililəri öz postlarında ancaq müəyyən fiqurlar əyləşdirməklə "iş" görüntüsü yaratmaq mövqeyindən çıxış etməyə çalışırlar. Amma hər bir halda, cəmiyyət onların bütün iyrənc əməllərindən xəbərdar olduğu kimi, bu dəfə də növbəti fırıldağın arxasında gizləndiklərinin fərqindədir. Məhz bu səbəbdən də, radikal müxalifət düşərgəsində olanlar və olacaqlardan hər kəs xəbərdardır. Digər bir yandan müəyyən qrup müxalifət sözçüləri var ki, onlar kənardan elə görüntü yaratmağa çalışırlar ki, guya işləyirlər. Başqa bir qruplar da var ki, onlar qeyd etdiyimiz kimi öz yerlərində kimisə oturdub yalan və uydurma bəyanatlar səsləndirməklə məşğuldurlar. Amma düşərgədə hal-hazırda heç kəsin olmadığı anlamını verməyə başıpapaqlı kimsənin qalmadığını hər kəs çox gözəl bilir. Onsuz da, bir müddət öncə, radikal düşərgədə baş verən kütləvi istefalar müqabilində burada kimsənin qalmasına ümid belə yoxdur. Sadəcə olaraq, bir özlərindən və katibələrindən başqa düşərgədəki əksər müxalifət partiyalarında kimsəyə rast gəlmək qeyri-mümkündür.
Radikalizm və xəyanətin son aqibəti
Müasir və modern Azərbaycan cəmiyyətində hələ də, öz mövcudluqlarını saxlamağa çalışan bədnam ünsürlərin cəlb olunduğu müxalifət düşərgəsi indi tamamilə boş qalıb. Çünki bu günə qədər onlar xalqın adından yalan bəyanatlar verməklə onu aldatmağa və öz maraqlarını təmin etməyə çalışıblar. Cəmiyyət daxilində mövcud olduqları müddətdə heç bir sosial dayaq qazana bilməyən müxalifət üçün sonun başlanğıcı məhz bu cür olacaqdı. Bunu görməmək üçün, sadəcə olaraq, kor olmaq lazım idi. Gözü öz imtiyazları müstəvisindən kənarda heç kəsi görməyən müxalifət sözçüləri üçün heç bir mənəvi kriteriyalar belə mövcud deyil. Onlar, sadəcə olaraq, müxalifətçiliyə bir qazanc mənbəyi kimi baxırdılar. Kiminsə ağuşuna müvəqqəti də olsa belə sığınmaq onlar üçün dividend hesab olunurdu. Müəyyən bir müddət onlar bu cür yollarla öz varidatlarını belə çoxaltmağı bacarmış oldular. Lakin sonradan məhz öz sıralarından digərlərinin də bu müstəvidən çıxış etmələri və onların konnektur imtiyazlar davasına çıxmaları prosesdə çaşqınlıq yaratmış oldu. Xarici havadarları da, beləliklə, müxalifətdən məhz ikiüzlülüyünə və yalançılığına görə üz döndərməli oldu.
Tapdıq Qurbanlı