PDF Oxu

Müxalifət

  • 32

Ədalət Yusifov “KAXCP”-dən istefa verdi

Ədalət Yusifov “KAXCP”-dən istefa verdi

İki gün öncə Müsavat partiyasının qərargahında keçirilən toplantıda müxalifətin yay sərgüzəştləri məsələsi ətrafında fikirlər yürüdüldü. Bir sıra problemə toxunan həmin toplantı özünün qalmaqalı ilə yadda qaldı. Çünki düşərgə təmsilçilərinin böyük əksəriyyəti həmin toplantıya qatılmışdılar. Elə müxalifətçilərin hamısının iştirak etdiyi bu yerdə böyük bir münaqişənin baş verməməsi də təəccüblü olardı. Gözlənildiyi və hətta gözlənildiyindən də artıq hadisələr Müsavat qərargahında keçirilən toplantıda qeydə alındı.

Hər kəs sanki bu yığıncağa öz nisgilini- kinini tökməyə gəlibmiş kimi gündəlikdə duran məsələlərdən tamam kənar proseslər baş verdi. Özlərini düşərgədə "ana müxalifət" kimi təqdim etmək iddiasında olan qüvvələr, yəni Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, düşərgənin ən çılğın nümayəndəsi AXP üzvü Pənah Hüseynov da prosesin gedişində baş verən münaqişəni qaydasına salmaqda acizlik nümayiş etdirdilər. Bu günə qədər öz nüfuz və imkanlarını bir qəpiklik səviyyəyə endirmiş bu şəxslərin məhz belə bir aqibətlə üzləşməsi də gözlənilən idi. Elə hər şey də onların yanaşmalarından, ikrah hissi ilə qarşılanan münasibətələrindən sonra baş verdi. "İctimai Palata"da təmsil olunan və bu təmsilçiliyə görə böyük hiddətlərə məruz qaldığını iddia edən Ədalət Yusifov nümayişkarana şəkildə üzvü olduğu "KAXCP"-dən istefa verdiyini açıqladı. O, bu cür addımı ilə özünə qarşı olan bütün hiddətlərin qarşısını almağı düşündüyünü də dilə gətirdi.

Toplantının digər yadda qalan bölümü isə AXP üzvü, həmişə hər şeydən pul qoparmaq prinsipi ilə yaşayan Pənah Hüseynovun ianə toplamaq təklifi oldu. Doğrudur, iştirakçılar bu məsələni elə yerindəcə həll etmək barədə fikir bildirdikdən sonra hər kəs "Pənahın gözü doysun" deyə-deyə bu ianəni verməli olub. Beləliklə, həmin iclasda 1000 manat ianə toplandı ki, bunu da P.Hüseynov "İP"-in qarşıdakı toplantılarının təşkilinə xərclənəcəyini söylədi.

Bunun ardınca söz alan AXCP (i) sədri Əli Kərimov bir qədər bacarığından böyük məsələlərə toxunmaqla, zaldakıların hiddətinə səbəb oldu. Çünki Ə.Kərimov düşərgədə nəyin əleyhinə olursa, nəyin baş tutmaması üçün var-gəl edirsə, yenə də, həmin məsələni gündəmə gətirmişdi. Bu da, təbii ki, AXCP (i) sədrinə qarşı düşərgə daxilində olan-qalan münasibətlərin tamamilə itməsinə imkan yaratmış olub.

Digər bir məqam isə, Müsavat başqanı İsa Qəmbərovun yayın istisinə baxmayaraq, hələ də, fəaliyyət göstərmələrinə özünün inamsızlığını açıq şəkildə göstərməsi oldu. O, qeyd etdi ki, belə bir isti havanın şərtləri altında çalışmaq böyük fədakarlıq tələb edir. Amma onun digər toxunduğu məsələlərdən açıq şəkildə görünürdü ki, İ.Qəmbərovun baş nahiyəsindən bərk istilərin nüfuz etməsi onda anomal proseslər yaradıb.


Tapdıq Qurbanlı

Digər xəbərlər